İslamçı etirasçılar haqqında

28 dekabr 2012 il

Artıq Azərbaycanda islamçı müxalifət var, islamçı etiraz dalqası başlanır. Bunu elə Facebookda da görürəm, oxuyuram. Onların çoxu dini ehkamları demokratik düşüncə ilə qarışdırıb, ona elmi don geyindirənlərdir. Bunları təməlçi ehkamları yeni donda ortalığa çıxaranlar kimi də dəyərləndirmək olar. Onların bir çoxu yeni terminlərə, fəlsəfi düşüncəyə, batılıların dünyagörüşünə müraciət edib, təməlçi İslamın ehkamlarını doğrulamaq, onları toplumda oturtmaq istəyirlər.

Etirazçı islamçılar Azərbaycanda məmurları tənqid edir, yaşadığımız toplumun yə da quruluşun əskikliklərini (rüşvətxorluq, korrursiya kimi) qabardıb, onlara qarşı etiraz edirlər. Daha ürəkliləri birbaşa Azərbaycan hakimiyyətini tənqid edir.

Olsun, əlbəttə hamı öz düşündüyünü yazıb yaya bilər. Bir çox durumlarda bu kimi "demoktatik" islamçılar doğru da deyirlər. Ancaq burada bir incə məqam da var. Bu "demokratik" islamçılar toplumumuzun, məmuralarımızın ya da hakimiyyətimizin əskiklikləri haqqında "demokratik" ruhda yazanda həmən demokratiyanı özləri üçün tətbiq etmirlər.

Örnək üçün Azərbaycanda korrupsiyanın olmasından yazanda demirlər ki, müsəlman ölkələrində korrupsiyanın həddi Azərbaycandaki kimi, ya da ondan da çoxdur. Ya da bir yüksək məmuru tənqid edərkən, o tənqidi hansısa yüksək rütbəli tanınmış dini xadim üçün qəbul etmirlər. Toplumumuzda olan pozğunluqlardan yazanda, o pozğunluğun elə müsəlman cəmiyyətlərində də gizli olaraq yer almasından yazmırlar. Hansısa ideolojiya qarşı çıxış edəndə, din haqqında azca olsa belə tənqidi qəbul etmirlər. Bu kimi örnəklər də çoxdur.

Deməli bu kimi düşüncələr ikili standartlıdır. Başqalarını ifşa etmək və öz dediklərini gözəl göstərmək üçün batılıların kateqoriyalarını, fəlsəfəsini, bilimini, demokratiyasını işlətmək, özləri üçün isə bunları ya tətbiq etməmək, ya da özlərinə qarşı tənqidləri dəf etmək üçün işlətmək.

Sonda da nə olur? İndi tutalım ki, toplumumuz, məmularımız, hakimiyyətimiz pisdir. Bəs onları ifşa edənlər məgər onlardan prinsipial olaraq fərqlənirlər? Demək olar ki, tənqid edənlərin özlərində də elə həmən olaylar var. Birini başqası ilə dəyişməyin mənası yoxdur. Həm də bu tənqidlər səmimiyyətsiz, ikilistandartlı olur.

Buna görə obyektiv demokratik ruhlu islamçıların yaranmasını ehtiyac duyulur. Müsəlman toplumlarında problemlər sonsuzdur. Bunu çağdaş dünya göstərir. Bizim yaşamımızı tənqid edərək öz əskiklikləri haqqında açıq danışan islamçılar doğru və səmimi olar. Yalnız onda onlara obyektiv, bilimsel, demokratik, fəlsəfi kateqoriyalar yaraşar. Belə olmasa, bu yalnız bir görüntüdür, əslində isə yoxdur. Bu kimi islamçıların ortalığa çıxmasına ehtiyac var. Çünki dünyana düz anlamaq üçün, ilk olaraq özünü tanımalısan, şiddətli tənqid etməlisən.


Сайт управляется системой uCoz