Boşboğazlığın qələbəsi

19 iyun 2016

Mənə dedilər ki, yaşa, erməniləri mübahisələrdə yaxşı oturtdun yerinə. Yaşasın Azərbaycan!

Dedim ki, bilirsiniz, biri var söz çəkişməsi, biri də var gerçək yaşam. Söz çəkişməsində uğur gərək gerçək yaşamla uyğunlaşsın. Belə olmasa, o boşboğazlıq olur. Buna fəlsəfi dildə sofistika deyirlər.

Yəni söz çəkişməsində qalibiyyətin arxasında ölkənin, xalqın, elmin, inkişafın, hərbin, səviyyənin və s. nailiyyəti durmalıdır. Durursa, onda söz çəkişməsi gerçəkliyi əks etdirir və doğrudur.

Yox, əgər söz çəkişməsində qalib gələnin arxasında bu nailiyyətlər yoxdursa, onda qalibiyyət görüntülü, yanlış, gerçəkliyi əks etdirməyən olur. Buna da fəlsəfədə sofistika, başqa sözlə isə demaqogiya deyilir.

Bax mənim qalibiyyətim bundan oldu. Sözdə, məntiqdə, fəlsəfədə mən erməniləri darmadağın etdim. Ancaq əslində bu qalibiyyətin arxasında mənim millətimin və ölkəmin nailiyyətləri durur ya yox?

Bu suala mən mənfi cavab verirəm. Durmur. Mən hesab edirəm ki, istənilən sahədə biz ermənilərdən geridə qalmışıq. Heç olmasa öz sahəmdə deyə bilərəm ki, bizdə qədim yunan dilini bilən filosoflar yoxdur. Ermənilərdə isə çoxdur. Onlar ən çağdaş elmi araşdırmalarda var, bizimkilərin isə o səviyyəsi yoxdur. Bu örnəklər də çoxdur. Hərbdə isə 100 ildir biz elə yenilirik.

Beləliklə mənim ermənilər üzərindəki qalibiyyətim sofistika və demaqogiyadan başqa bir şey deyil. Sadəcə məntiqim daha itidir deyə qalib oldum. Bunun arxasında isə boşluqdur.

Ancaq olmayan yerdə bu da uğurdur. 100 ildir biz ermənilərə hər bir sahədə uduzduq. Təkcə indi ilk dəfə olaraq mən demaqoqluqda, boşboğazlıqda onlara üstün oldum. Hər şeydə məğlub olan azərbaycanlılar üçün heç olmasa bu boşboğazlıqda olan qalibiyyət də böyük uğurdur.

Təkcə istəyim odur ki, bu boşboğazlıq uğurunun arxasında ölkəmin və millətimin uğurları dursun ki, gerçək olsun. Ancaq buna ümidim yoxdur. Həyatı yaşadım, ancaq millətimdən məyusluq hissindən başqa heç nə görmədim. İnanmıram ki, qalan həyatımda uğur görəcəyəm.