"Pulum" yoxdur deyənlərə

26 noyabr 2017

Bəzi adamlar var burada, səhərdən axşama oturub ağlayırlar ki, ay nə bilim kiminsə balaları acdır, maaş azdır, hökümətdə oğrular oturub, bizi yuxarıdakılar talayır və s. Kim də bunlara bir başqa fikir desə deyirlər ki, hökümətin adamısan, satılmısan.

İndi belə bir sual yaranır ki, siz özünüz məgər xan-bəy nəslisiniz ki, var-dövlətiniz olmalıdır? Şəcərənizə baxsanız görərsiniz ki, maldar ya da əkinçi nəslindənsiniz. Bu gününüz də nədir? Bacarıq, istedad, iş yetərliliyiniz də yoxdur ki, çoxlu var-dövlət əldə edəsiniz. İndi nəyə görə sizin var-dövlətiniz olmalıdır? İşiniz-peşəniz elə burada oturub şikayətlənməkdir. Bir şey bacarsaydınız, burada nə gəzirdiniz, gedib faydalı işlərə qatılardınız.

Nə vaxt insanlar bir olub? Heç vaxt. Hər zaman yoxsul və varlılar olub. Kimin taleyində nədirsə, o da olacaq. Təbiətdə birlik yoxdur. Kimsə güclü, kimsə zəyif; kimsə gözəl, kimsə iyrəncdir. Siz isə deyirsiniz onların varıdır, mənim nə üçün yoxumdur. Elə ona görə ki, bu sənin taleyindir.

İndi taleyin belədirsə, nə etməlisən? Bunu qəbul edib həyatını mutlu yaşamalı, həmin o az vəsaindən səmərəli istifadə edib, ondan maksimum yararlanmalısan. Mutluluq paranın çoxluğunda deyil. Kifayət qədər varlı insan var ki, bədbəxtdirlər.

İndi İnternet kimi vasitə var. Bura bir aləmdir. Gir onun imkanlarından istifadə et. Vikipediya kimi ensiklopediya var. Otur onun üçün məqalələr yaz elmi səviyyəni artır. Elmlə məşğul ol, savadlan, sənət öyrən, mədəniyyətini artır, incəsənətlə məşğul ol, rəsmlər çək, idman et, xarici dillər öyrən və s. Bunlar üçün pul-para lazım deyil. Sadəcə mənəviyyat lazımdır.

Ailəyə də qalanda, imkanlar yoxdursa evlənib ərə getmə, bala doğma. İmkanlar olanda evlən. İmkansız evlənsən bədbəxt olarsan.

Bunları etsən həyat sənin üçün gözəl olar. Ancayarsan ki, mutluluq para deyil, mənəvi durumdur.

======================

Sadə həyat, aza qane olmaq, pulun köləsinə çevrilməmək, həyatdan az təminatlı olsan belə zövq almaq, mənəviyyatı zənginləşdirmək kimi mövzular ətrafında söhbət açıram. Müzakirələrdə isə fikir verirəm ki, bir çox dindarlar etiraz edirlər. Deyirlər bu nədir? Maaş az, balaları dolandırmaq olmur. Nə bilim, xaricdə pulu çox verirlər.

Hörmətli dindarlar! Mən məgər nəsə qeyri-adi şey deiyəm? Elə sizin gündə moizələrdə eşitdiyinizi sərgiləyirəm. Siz həmişə peyğəmbər Məhəmmədin, Həzrət Əlinin, səhabələrin çox sadə həyat sürdüyü haqqında saatlarla danışırsınız, onlardan ibrət almağa çağırırsınız. Deyirsiniz dünya malı üçün deyil, axirət üçün yaşamaq lazımdır. Ancaq gerçəkliyiniz başqadır, yazılarınızdan bilinir ki, gözünüz elə dünya malındadır.

Siz peyğəmbər və səhabələr kimi yaşamırsınızsa, o söhbətlərdən nə fayda? Deməli din sizin üçün yalnız söhbətdir. Əmələ gələndə, sizin gözünüz elə dünya malındadır, qazancdadır.