Bir zənginlə söhbətim

23 dekabr 2017

Təsadüfən bir zəngin adamla rastlaşdım. Başladı mənim qabağımda öz evləri, bağları, maşınları, imkanları ilə öyünməyə. Dedi mənim gücüm çox şeyə yetər. Lazımdırsa hamınızı öz hesabıma illərlə saxlayaram.

Dedim ona ki, bax bu naharı nə qədər yeyirik? Azca, halbuki imkanın var buraya dağ boyda yeməklər gətirəsən. Deməli bir parça çörək bəsdir, lazım deyil o dağlar.

Ya da deyirsən evlərim, bağlarım var. Sən məgər 1 evdən başqa eyni zamanda haradasa yaşaya bilərsən? Yox. 50 evin olsa da, sən birində qalırsan. Deməli o evlər lazım deyil.

Deyirsən dünyanın bütün ölkələrində olmusan. Nə olsun? Bu dəqiqə haradasa olmaq lazım deyil. Bütün dünya internetdədir.

Sənin 100 cür geyimlərin var. Ancaq onların hamısını eyni zamanda geyinə bilməzsən, hər dəfə biri ilə gəzirsən. Deməli 2 dəyişəyin olsa kifayətdir.

Ona görə də sənin zənginliyinin mənası yoxdur. Əslində insana maddiyatdan çox az şey lazımdır. Başın üstündə dam və bir parça çörək bəsdir.

Beləliklə sən mənim qabağımda yoxsul adamsan. Mənim ensiklopediyalarımı oxuyurlar, dərsliklərimdən tələbələr oxuyur, məqalələrim yayılır, elmi araşdırmalarım davam edir. Mən ölüb gedəcəyəm bunlar qalacaq. Sən isə öz var-dövlətinlə qalmayacaqsan. Ölüm ayağında milliardların da sənə yardımçı olmayacaq. Nəyə gərəkdir o milliardlar ki, bir ölümdən səni qurtarmayacaq?

Hətta bu var-dövləti saxlamaq üçün hər zaman çabalayırsan. Çünki bir gün gələr, bunlar olmaya da bilər. Mənim isə zənginliyimi heç kəs əlimdən ala bilməz.

Düzü sən özün üçün kitablar da yazdıra bilərsən pulla. Ancaq bu süni yazılarla yenə də tarixdə qala bilməzsən. Çünki pulla yazılan əsərlər ruhsuz olur. Onları yazan yalnız pul üçün yazır ruhunu oraya daxil etmir. Ona görə də bu kimi yazdırma kitabların da tarixdə qalmaz.

Biliklərin isə səthidir. Bilik görüntüsünü yarada bilərsən. Sənə yaltaqlar alqışlar da edər pulun və vəzifələrin olana qədər. Ancaq bunlar bitəndən sonra və sən bu dünyadan gedəndən sonra səni heç kəs yad etməyəcək. Çün ki biliklərin çox səthidir, dərin deyil.

Ona görə də mənim qabağımda var-dövlətinlə öyünmə. Mən səndən yerlə göy arasında məsafə olan qədər daha varlıyam.