Mən paraya düşük adamam

13 yanvar 2013 il

Ay millət, məgər bir işi görəndə onun garşısında para istəmək ayıbdır? Axı vaxt və əmək sərf edirsən. Bir çoxları elə yol arayırlar ki, kimisə işlədib para verməsinlər. Məni TV-yə öncələr bir-ikidəfə çağırdılar, getdim. Ancaq sonra özümdən sordum, nə üçün? Heç bir həzz almadım, boş-boş şoular idi. Bir verilişimi isə heç yayımlamadılar, senzuradan keçmədim.

Bu yaxınlarda bir televiziya işçisi mənə telefon çalıb görüşmək istədi. Dedim gəl iş yerimə. Gəldi. Deyir mənə ki, bir tarixi-fəlsəfi mövzüda yayım hazırlanır. Məni də ora çəkmək qərara alınıb. Ustündən də dedi ki, bu mənim üçün böyük şərəfli iş olar.

Onu eşidib dedim ki, mənə şərəf gərək deyil. Nəyimə gərəkdir mənə quru şərəfin? O yayıma qatılmaq üçün mən birincisi vaxtımı, ikincisi zəhmətimi sərf edəcəyəm. Axı ona görə ədəbiyyatla işləməliyəm. Bu ağır işdir. Bunun qarşısında siz mənə para ödəməlisiniz, boş şərəf vədini yox. Para sözünü eşidən kimi kişinin halı dəyişdi, mənə əyri-əyri baxmağa başladı. Dedi ki, siz ziyalılar beləsiniz dəə...

Dedim ona ki, bilirsən nə var? Mən parasız öz keyfim üçün hər bir şey edərəm. Bax Facebookda yazaıram parasız, çünki ləzzət verir mənə. Sənin yayımında nə ləzzət? Darıxacağam orada. Mənə min bir şərt qoyacaqsınız, şouya qatacaqsınız, iyirmi nəfəri çağıracaqsınız, səsimi susduracaqsınız. Buna görə parasız gəlmərəm. Paramı verin sonra nə desəniz, mən hazır.

Sonra bir neçə dəfə başqa televiziyalardan ora gəlib yayımlara qatılmaq təklifini aldım. Yenə dedim ki, gəlmək, danışmaq mənim üçün əziyyətdir, ləzzət də vermir. Buna görə siz gəlişimə görə mənə para ödəməlisiniz. Yoxsa gəlmərəm. Yenə də dedilər, ayıb olsun sizə, ziyalı adamsınız, ancaq belə şeyləri deyirsiniz.

Buna görə deyirəm hamıya ki, mən mədəniyyətsiz və paraya düşük bir adamam. Para verməsəniz, sizin teleyayımlara gəlməyəcəyəm. Sizin şərəfiniz də mənə gərək deyil, saxlayın onu özünüzə. Siz olun şərəfli, mənsə paraya düşük.


Сайт управляется системой uCoz