12-DƏN SONRA BAŞIN İŞLƏMƏMƏSİ HAQQINDA

11 aprel 2013 il

 12 sayı kutsal (müqəddəs) sayılır. Tanrı elçisi olan İsanın 12 yardımçısı (həvarisi), şiələrin oniki öndəri (imamı), ilin 12 ayı vardır. Bunların hamısı bu sayın kutsal olmasını bildirir. Çeşidli sayların kutsallığını hələ əski yunanlar bilirdilər. Bunun üzərində pifaqorçular oxulu (məktəbi) öz təlimlərini qurmuşdurlar.

 Bizim yaşadığımız bölgələrdə isə 12 sayı insanların normal düşüncəsinin də göstəricisidir. Saat 12-dən sonra bəlli bölgələrdə insanların başlarının işləməməsini deyənlər də vardır. İndi mən bilmirəm bu belədir ya yox, ancaq belə deyirlər...

 Elə bu kimi deyimləri də işlədən öyrəncilər (tələbələr) də vardır. Onlar mənə bunu Böyük oxulda (universitetdə) apardığım dərslərdə də bildirmişdirlər. Örnək üçün, mənim Türkiyədən olan öyrəncilərim vardır. Semestrin başlanğıcından mən onlardan oxuduğum mühazirələrin cavablarını seminarlarda soruşuram, ancaq onlar mənə bir kərə də olsun dolğun cavablar verə bilməmişdirlər. Mən də onlara deyirəm ki, ar olsun sizə! Bizim Azərbaycan öyrəncilərinin cavabları pis olanda mən bizimkiləri anlayıram. Bunun nədəni (səbəbi) keçmiş Sovetdən qalmış genetik aşağılıq yaddaşında, vur-tut 20 il bağımsız (müstəqil) olan ölkəmizə olan yüksək duyğuların olmamasında, yurda olan bağlılıqların zəyif olmasındadır. Bəs sizə nə olub, ay Türkiyədən gələn öyrəncilər? Sizin axı o boyda Osmanlı keçmişiniz, çağdaş Türkiyənin bənzərsiz irəliləyişi, bağımsız kültürü var! Nə olub sizə? Nə üçün bu gündəsiniz? Nə üçün yurdunuz Türkiyənin adını batırırsınız? Nə üçün oxumursunuz?

 Mənim bu sorularıma qayıdan türkiyəli öyrəncilər onların Türkiyənin quzey-doğusundan (şimal-şərqindən) onduqlarını bildirdilər. O bolgələr Karadeniz adlanır. Türkiyədə isə karadenizlilerin başlarının 12-dən sonra işləməməsi deyimi vardır. Elə onların oxumadıqlarının da nədəni də, dediklərinə görə, bundadır. Bizim sorğu saatımız (seminarımız) 12-dən sonra başladığı üçün, onları başı işləmir.

 Onlar mənə bunu deyən kimi, bizim bir neçə azərbaycanlı öyrəncilərimiz də söz istədilər. Onlar da soylarının güney (cənub) bölgələrdən olduqlarını bildirdilər. Bundan sonra dedilər: "Ay Aydın-bəy, axı siz də bizim 12-dən sonra başımızın işləməməsini bilirsiniz! Ona görə də 12-dən sonra bizdən fənni soruşmayın. Biz də o türkiyəlilər kimiyik!". Çox ilgincdir (maraqlıdır). Türkiyədə də, bizdə də, bu 12 deyimi vardır. Orada bunu quzey-doğudan olanlar üçün deyirlər, bizdə isə güneydən olanlar üçün.

 Beləliklə, bizim güneyli Azərbaycan öyrənciləri də onların başlarının 12-dən sonra işləməməsini bildirdilər. Özlərinin yetərsiz bilgilərini də bununla doğruya çıxartdılar.

 İndi mənim də qarşımda böyük bir sorun (problem) çıxdı. Axı dərslərim 12-dən sonra başlanır! Bunlarınsa başları, özlərinin didiyi kimi, o çağda işləmir. İndi mən onları necə "0"-la dəyərləndirim? Onlar o bəlgələrdən olduqları üçün nə etsinlər? Onlarda heç bir suç (günah) yoxdur, bu doğanın (təbiətin) və Tanrının verilərləridir! Çünki elə bu doğa və Tanrı onları orada yaradıb!

 İndi nə etməli? Öncə dekanlığa gedib bunu orada söyləmək, dərslərimi 12-dən öncəki vaxta salmaq istədim. Çünki belə olardısa, onların bilimsizliyin nədəni ortalıqdan qalxmış olardı. Ancaq sonra dekanlığın məni doğru başa düşməyəcəklərini anladım. Çünki belə desəydim onlar məni ya irqçilikdə suçlayardılar, ya da çılğın (dəli) olduğumu düşünərdilər.

 Buna görə də, mən fəlsəfənin söz quraşdırmaq yöntəminə (metoduna) əl atdım. Buna da sofistika deyirlər.

 Bu yöntəmi işlədərək mən öyrəncilərimə onlarlı anladığımı və bölüşdüyümü bildirdim. Dedim doğrudan da mən onların doğal (təbii) özəlliklərinə qarşı çıxa bilmərəm. Çunki onlar doğal olaraq 12-dən sonra düşünə bilmirlərsə, bu Tanrıdan gəlirsə, mən buna qarşı necə çıxım? Belə etsəm ədalətsiz olaram!

 Ancaq burada bir incəlik vardır. Bu incəlik də onların başlarının gecə 12-dən, ya da gündüz 12-dən sonra işləməməsinin bəlli olmamasındadır. Elə bu bəllisizliyə görə də mən, bir öyrətmən (müəllim) kimi, sizin başlarının gecə 12-dən sonra işləməməsini buyururam, bunun üstündə də dururam. Beləliklə gecə 12-dən sonra, gündüz saat 12-yə qədər sizin başınız işləməyə bilər. Mən də sizin bu doğal hüququnuzu tanıyıram. Sutkanın 12 saatı (gecədən gündüzə qədər) sizin başınız işləməsin, nə deyirəm? Bu sizin doğal və Tanrıdan gələn hüququnuzdur. Burada mən sizinlə ədalətliyəm. Ancaq gundüz 12-dən sonra sizin başınız işləməlidir. Elə bu vaxt da bizim dərsimiz başlanır. Buna görə də hamınızın başınız işləməlidir və mən sizdən dərsi tələb edəcəyəm.

 Elə belə də anlaşmaya gəldik. Nə yaxşı mən fəlsəfəçiyəm, sofistik gedişlər nədir, bilirəm. Yoxsa mən öyrəncilərimin doğru istəklərinə qarşı necə şıxa bilərdim?


Сайт управляется системой uCoz