Qanunsevərlərin qanunsuzluğu haqqında

28.03.13

Qanundan danışmaq indi yaman dəbdə olub. Hamı deyir ki, kimsə qanunları, insan haqlarını pozur, məmurlar özbaşınalıq edirlər. Hər zaman da qanunu pozan başqa adamlar olur, bu barədə danışan yox. Belə şıxır ki, hamı başqasını qanun pozuntusunda suçlayır, o barədə gileylənir. Deyir bu nə millətdir ki, qanunlara riayət etmir. Belə çıxır ki, bunu deyən özü bir məlakədir, qanunu sevəndir.

Bu qanunsuzluqdan, məmur özbaşınalıqlarından, insan haqlarının pozulmasından gileylənənin hər birisi bir özünə baxsın. O çıxır evindən girir metroya. Qanuna görə, o eskalatorun sağında durmalıdır ki, soldan yolu boş saxlasın, tıələsənlərə yol versin. Bu barədə hər dəqiqə başı metroda elan da verirlər. Ancaq o "qanunsevən" kəs elə solda dayanır başqalarının yolunu kəsir. Deməli o həm qanunu pozur, həm başqa adamlara sayğısızlıq edir, həm də başqa adamların haqlarını taptalayır. Çünki işə, dərsə, görüşə tələsənlər onun eqoizmi ucbatından gecikirlər, onların işləri pozulur. Bu barədə bu "qanunsevən" adamlara deyəndə də ağızlarını ayirlər, az qala səni təpikləmək istəyirlər. Necə yəni, sən mənə bu barədə deyirsən? Harada istəyirəm dayanıram, əcəb də edirəm.

Sonra o "qanunusevən" çıxır metrodan yolu keçmək istəyir. Yolda keçid üçün özəl yerlər, yeraltı keçidlər vardır. Bunlar ola ola, o yol qanunlarını pozaraq, başqa yerlərdən keçir. İşıqforun qırmızı işığı yanır. Ancaq o durmur, gözləmir yaşıl işığı. Elə qırmızı işıq yana-yana küçəni keçir. Qanunna baxmır o "qanunusevən". Təki özü öçün rahat olsun. Burada yenə də başqalarının haqqı pozulur, küçələrdə özbaşınalıq, qəza təhlükəsi yaranır. Gəl ki, bunu o "qanunusevənə" deyə bilmirsən. Desən elə bir onun atasını sömüş kimi olarsan. Deyəcək sən kimsən mənə söz deyirsən? Əcəb edirəm, lotuyam. Hardan istəsəm keçərəm, sənə nə?

Gəlir o "qanunsevən" marketə. Malı götürub, yaxınlaşır kassaya. Orada növbə durub. O heç vaxt növbəyə durmayacaq. Zorla özünü soxub, növbədənkənar keçəcək. Hər yerdə də belədir. Bütün növbələrdə özünü belə aparır. Hətta xaricdə təyyarəyə minəndə belə. Başqa millətlər adam balası kimi növbədə dayanıb pasport nəzarətini keçir. Bizim "qanunsevənsə", orda da özünü növbədənkənar soxacaq. Özü cəhənnəm, millətimizi biyabır edəcək. Burada da başqa adamların haqlarını pozur, özünü onlardan üstün bilir. Bu barədə desən, deyəcək uç burdan, əcəb edirəm. Bacarana can qurban.

Sonra bu "qanunsevənin" oğlu əsgərliyə getməlidir. O da min bir yol axtarır ki, onu əsgərlikdən qanunu pozaraq saxlasın. Bununla da ordumuza zərbə vurur. Ancaq başqa yerdə "ordu sağ olsun" deyir, ermənilərə qalib gəlməkdən danışır. Soruşsan nə üçün belə edir, yenə də deyəcək əcəb edirəm, sənə nə? Bacarana can qurban!

Sonra o "qanunsevənin" qızı universitetdə dərslərə gəlmir, oxumur. İmtahan vaxtı gələndə də "qanunsevən" min bir əyri yollar axtarır ki, bu qıza saxta qiymət yazdırsır. Bu barədə ona desən, deyəcək sənə nə? Öz işimdir, əcəb edirəm, bacarana can qurban.

Bu "qanunsevənin" hər şeyi də belədir. Özü hər an qanunu pozur, başqalarının haqlarına girir, aləmi qatır, ancaq qanundan danışır. Oxuyur mətbuatı, deyir vay aman məmurlar qanunsuzluq edir. Sonra onun-bunun qanunsuzluqlarından danışıq, özü haqqında isə heç düşünmür də.

Əslində sənin kimi "qanunsevənlər" elə həmən məmurlardır. Sənin onlardan fərqin yalnız ondadır ki, sənin baxtın gətirməyir, onlar kimi vəzivələrdə oturmamısan. Otusaydın, elə onlardan biri sən olacaqdın. Obiri qanunupozanlar da elə sənin kimilərdir. Bir deyil, iki deyil, onminlərləsiniz. Başqalarının gözündə çöpu görüb, öz gözlərində taxtanı görmürsünüz.

Bu barədə onların özlərinə desən də deyəcəklər ki, bu millət qanunsuz millətdir. Hər yer korrupsiya, rüşvətdir. Belədirsə, mən nə üçün qanuna riayət etməliyəm?

Onda bunun kimilərə demək gərəkdir ki, indi ki belədir, onda sənin haqlarına girən də, sənin hüquqlarını pozan da, səni alçaldan da, sənə atan da, səni evindən belə qovuş çıxardan da əcəb edir. Sən dəqiqə başı qanunsuzluq edib, bunu millətin pis olması ilə izah edirsənsə, onda elə sənin özünə qarşı qanunsuzluq baş verəndə səsini çıxartmamalısan. Sənin haqqını pozan da sənə qarşı nə edir, yaxşı edir. Bacarana can qurban.

Qanundan danışan hər kəs, ilk olaraq hər yerdə ona özü riayət etməlidir. Özüdə öz qanunsuzluğunu və eqoizmini başqa adamların qanunsuzluğuna və eqoizminə bağlamaq gərək deyir. Hər bir kəs özünə cavab verir. Hamı bir fərd olaraq bu barədə düşünüb özünü düzəltməsə ölkəmiz də düzəlməyəcək. Çünki ölkə elə hər bir insandan ibarətdir. Qanunsuzluqdan çox danışanlar bir özləri haqqında düşünsünlər. Sokrat demişkən "Özünü tanı, özünü dərk et". Özünü tanımayan bu dünyanı da, millətini də, ölkəsini də, onun düşmənlərini də tanımaz. Yoxsa millətdən danışırsan, özündən xəbərin yoxdur, ay bədbaxt. Sən qanunsuzluq edəndə, o qanunsuzluq mütləq sənin qarşına çıxacaq. Çünki "nə tökərsən aşına, o da çıxar qaşığına".