Dini ədəbiyyatın məhdudlaşdırılması haqqında

22.03.13

Bu dinçi yurddaşlarımız həmişə etiraz edirlər. Hələ mən onları razı olan görməmişəm.

İndi də narazıdırlar ki, Milli Məclisdə dini ədəbiyyatı məhdudlaşdıran qanun qəbul etdilər. Di yaxşı, o deputatlar etməlidirlər də, onların çörəkləri ondan çıxır. Onları başa düşün, çünki sizin də çörəyiniz dindən çıxır. Biz axı bir birimizi anlayan millətik. Milli adətlərimizi, ənənələrimizi, mentalitetimizi pozmayın.

İndi nə problem var? O deputatlar, çörəkləri çıxsın deyə, dini ədəbiyyata qarşı qanunu sərtləşdirdilər. Onları anlamaq gərəkdir. Ancaq onlar elə Allah adamlarıdır. Çünki sizin üçün İnterneti qadağan etmədilər.

İndi bu meydan, bu da şeytan. Vurun bura istədiyiniz şeyləri, hamı da oxusun. Bundan artıq nə istəyirsiniz? Ağıla batan bir şey desəniz, hamı sizinlə razılaşar. Belə olmasa, fərqi nədir? Lap o qanun sərtləşməsə də, sizi eşidən olmayacaq.

Bu dünya rəqabət dünyasıdır. Bacarırsınız yaxşı mal ortalığa çıxardır. Çıxarda bilmirsinizsə, günahı deputata, ölkə qanunlarına yıxmayın. Problem özünüzdədir. İnternet açıqdır. İstədiyinizi edin, bacarsanız.