"Çinli" azərbaycanlı haqqında

 Gənclik çağlarımda Sovet hərbi-dəniz donanmasında olanda mənimlə birgə çox millətlərin nümayəndələri qulluq edirdilər. Onlardan biri də bir uyğur balası idi. O Qazaxstandan çağırılmışdı. Onun üzü-gözü, boy-buxunu, görkəmi çinli kimi olduğundan onu hamı elə "çinli" (kitaets) çağırırdı. Bu türkdilli uyğur milləti əsasən elə Çində yaşayır. Ancaq az bir qismi Qazaxstanda da var. Bu oğlan elə onlardan idi. Bizdən çox uzaqlarda yaşadıqlarına baxmayaraq, uyğurların dili Azərbaycan türkcəsinə çox yaxındır. Bəzi məqamlarda lap eyniləşir.

 Mən uyğur millətinin dilinin bizə yaxın olmasını bilirdim, ancaq o oğlanın uyğur olduğunu bilmirdim. Elə bilirdim o qazaxdır. Başqa bizimlə qulluq edən azərbaycanlılar heç uyğur sözünü belə eşitməmişdirlər.

 Bu uyğur balası da bicin biri idi. Rusca çox pis bilirdi, ancaq bizimlə ancaq rusca danışırdı. Biz düşünmürdük ki, bu oğlan əslində bizi çox gözəl başa düşür. Ancaq bicliyindən bunu bildirmirdi. Biz də öz söhbətlərimizi edəndə bilmirdik ki, bu dediklərimizi anlayır.

 Beləcə o bizimlə 1 il qulluq etdi biz onun kim olduğunu bilmədik. Ancaq bir dəfə bicliyi acıldı. Gecələrin birində bu uyğur öz ata-anasına məktub yazanda yuxuya getdi. Yazısı yarımçıq qalan məktubu da təsadüfən mənimlə qulluq edən Bakı kəndlərinnin birindən olan bir gəncin əlinə düşdü. O onu oxudu və elə bildi ki bunu azərbaycanca yazılıb. Çünki hər şeyi başa düşdü.

 Bundan sonra o bərk acıqlanıb düşdü bu uyğurun üstünə, başladı onu söyüb sillələməyə. Səs-küyə biz də gəldik, güclə bu uyğuru onun əlindən qurtardıq.

 Sonra o bakılıdan soruşduq, nə olub? O da dedi, daha nə olacaq? O "cinli" sən demə azərbaycanlıdır. Köpək oğlu bizim aramızda olub bir il, kim olduğunu bildirməyib. Biz də elə bilmişik o çinlidir, söhbətlərimizi etmişik onun yanında. Nə üçün o kim olduğunu bildirmirdi? Deməli bizi satırdı komandanlığa, işverənlik edirdi.

 Biz də dedik ay kişi, necə yəni bu azərbaycanlıdır? Sən bir onun üz-gözünə, boyuna bax. Belə azərbaycanlı olar? Bu axı elə o tərəfin adamıdır. O bakılı da dedi - yox! Onun görkəmi də yalandır! Qoyun mən ona bir iki yumruq çəkim, üz-gözü düzələcək.

 Nəisə, sonda bu bakılını sakitləşdirdik. Öyrəndik ki sən demə o gənc qazax deyil uyğur imiş. Dedik o bakılıya ki, ay canım, vallah bu azərbaycanlı deyil, uyğurdur. O da dedi uyğur nədir? Ona başa saldıq, yenə də anlamadı. Qulluğumuzun sonuna qədər də anlamadı uyğur nədir. Hər zaman o uyğuru görəndə ona tərs-tərs baxıb, söyürdü onu.

 O uyğuru da utandırdıq ki, bu nədir? Rusca danışa bilmirsən, onda nə üçün bizimlə elə türkcə danışmırdın bu il boyu? O da başını salıb aşağı heç nə cavab vermirdi, özünü keyliyə vurmuşdu. Ömrümdə elə bir o uyğuru gördüm, o da belə çıxdı, nə etməli?