Azərbaycan inkişaf edir ya etmir?

 Bu yaxınlarda bir məclisdə idim. Orada bir ziyalı ilə söhbət edirdim. Bir çox məsələləri müzakirə edəndən sonra Azərbaycandakı durum haqqında danışdır.

 Həmsöhbətim mənə dedi ki, bütün rəsmi yerlərdə Azərbaycanın uğurlarından danışırlar. Bunu şübhə altına qoyanları isə utandırırlar, az qala milli düşmən elan edirlər. Deyirlər ayıb olsun sizə, bu boyda irəlləyişi görmürsünüz?

 Daha sonra həmsöhbətim dedi ki, hər yerdə şüar edildiyi ölkənin analıquolmayan irəliləməsi və çiçəklənməsinə baxışlar və münasibətlər fərqli ola bilər. Mən də bununla razılaşdım. Çünki qlobal və ümumi yanaşma və hər bir fərdin öz yanaşması fərqli şeylərdir.

 Daha sonra mən didim ki, qloballıq baxımından ölkəmizin irəlləyişi doğrudur. Azərbaycanda yeni yaşayış və inzibati binalar tikilir, banklar açılır, gözəl parklar salınır, yeni yollar və tonnellər qurulur, gözəl arabalar (maşınlar) xaricdən gətirilib satılır, möhtəşəm ticarət mərkəzləri və mollar açılır. Ölkədə mallar bol, restoranlar çox. İqtisadiyyətin gəlişməsinin (inkişafının) rəsmi rəqəmləri şox yüksəkdir, hətta dünyada yüksək yer tutur. Siyasi uğurlarımız da çoxdur. Azərbaycan bütün siyasi qurumlarda - NATO-da, BMT-də və s. təmsil olunur, səfirliklər açılır. Bir kosmik peykimiz olmamışdır. O da oldu.

 Buna görə də ölkə rəsmiləri, məmurlar deyirlər ki, daha nə istəyirsiniz? Korsunuz? Bu qədər gəlişməni danmaq olmaz, bu göz önündədir. Doğru da deyirlər. Ancaq qloballıq baxımından.

 Ancaq məsələyə başqa baxış da var. Bu də hər bir fərdin baxışıdır. Hər bir insan bir dünyadır. Hələ əski yunan filosofları kainatı makrokosm, hər bir fərdi isə mikrokosm adlandırırdılar. Bu da dünya böyük, insan isə onun içində kiçik bir aləm olduğu deməkdir. Deməli bizim hər birimiz bir dünyayıq. Belədirsə, onda başlıca dəyər elə biz özümüzük. Çünki bu kainat bizim duyğularımızla dərk edilir. Biz varıqsa, bu dünya da bizim üçün vardır. Biz yoxuqsa bu dünyanın var olması ya olmaması bizim üçün önəmli deyil.

 Həm də əski yunan filosoflarına görə, hər bir şeyin ölçüsü elə insanın özüdür. Bu da o deməkdir ki, hər şey bizə nisbətdə və bizim duyğularımız baxımından dəyərli-dəyərsiz, gərəkli-gərəksiz ola bilər. Bizə desələr nəsə gözəldir, bu hələ onun gözəl olması demək deyil. Çünki gözəlliyin ölçüsü biz özümüzük. Mənim üçün gözəl olan gözəldir. Başqasının zövqü məni ilgiləndirmir (maraqlandırmır).

 Mənə diqqətlə qulaq asan ziyalı həmsöhbətim dedi ki, hər şey doğrudur. Mən bir dünyayayam (miklrokosmam) və hər şeyin ölçüsü də mən özüməm. Başqa adamlar mənim üçün ayrı bir varlıqdırlar. Onların dünyanı dərk etməsi, anlayışları, duyğuları onlarındır, mənim deyil. Mənə isə mənim yanaşmalarım önəmlidir.
Sonra həmsöhbətib davam edərək dedi ki, bu fəlsəfədən çıxış edərək iddia edirəm ki, mən Azərbaycanda heç bir irəlləyiş görmürəm! Nə üçün? Çünki mənə irəlləyiş, gəlişmə, uğur kimi göstərilən mənim üçün deyil, başqa adamlar üçündür, başqa toplumlar üçündür.
İndi gəl hər bir "üğüra", "irəlləyişə" və “gəlişməyə” mənim mövqeyimdan baxışı göstərim. Bir bax, Azərbaycanda yeni yaşayış və inzibati binalar tikilirsə də, onlar mənim üçün deyil, pulları çox olan başqa adamlar üçündür. Mənim o qədər imkanım haradandır ki, onları alım? Banklar də mənə elə bu səbəbdən gərək deyil.

 Gözəl ofislərə, möhtəşəm otellərə, baxanlıqlara (nazirliklərə) və s. mən heç girə də bilmərəm. Hər yerdə polis durub, məni içəri buraxmazlar. Deməli o gözəl uca binalardan da mənə heç bir xeyir yoxdur.

 Mənə verilən minimal məmbləğdə olan maaşla heç özümü dolandıra bilmirəm. O parklara ildə bir-iki dəfə təsadüfən çıxsam böyük şeydir. Yeni yollar və tonnellər də mənə gərək deyil. Çünki maşınım yoxdur. Onu alıb saxlamağa imkanım da yoxdur. Olsa belə, nəyimə gərəkdir maşın? Hara gedim onunla? Bağım yox, başqa şəhərlərə keyf etmək üçün getməyə imkanım yox. Ticarət mərkəzləri və yeni mollar da mənə gərək deyil. Oradan mən bir kiçik şey alsam, sonra acından ölərəm. Aldığım pul çatmaz bunlara. Restoranlara da getsəm sonra ac qalaram.

 O ki qaldı iqtisadiyyətin gəlişməsinin (inkişafının) yüksələn rəsmi rəqəmlərinə, siyasi uğurlarımıza, siyasi qurumlarda ölkəmizin təmsil olunmasına, peykin kosmosa qalxmasına və s. bunlar mənə nə indi, nə də gələcəkdə gərək olmayacaq. Bu məndən o qədər uzaqdır ki, bu barədə düşünməyə də dəyməz. Qoy olmasın, mənə nə? Bunlar olmayanda da mən elə indiki kimi yaşayırdım. Nəyimə gərəkdir bunlar?

 Mənə nə gərəkdir? Gəlirim o səviyyədə olmalıdır ki, ticarət mərkəzlərinə, mollara gedib orada mal ala bilim, araba (maşın) alıb sürüm. Sonra mənə gərəkdir ki, o gözəl binalarda oturan məmurların yanına gedim, mənim problemlərimi çözsünlər. Yoxsa onların yanına düşmək olmur. Binaların girəcəyində polislər geri qaytarır. Odur, bütün qışı isitmənin olmadığına görə evdə donmuşam soyuqdan. Bu problemimi kimə deyirəm, düzəlmir ki düzəlmir.

 Sonra mənə tibbi sığorta gərəkdir ki, sağlamlığım olsun. Yoxsa tibb yerlərinə gedə bilmirəm, pulum yoxdur, işim qalıb Allaha. Daha sonra istərdim hər il gedim istirahət etməyə, dincəlməyə. Bunlara da imkanım yoxdur.

 İstərdim bizim toplumda sıxıntı içində yaşamayım. Sonra istərdim məni dediklərimə, düşündüyümə görə qınamasınlar. Daha sonra istərdim hüquqlarım təmin olsun.

 Bütün bunları yekunlaşdıraraq həmsöhbətim dedi: indi bütün bunlar məndə yoxdursa, rəsmilər tərəfindən hər gün eşitdiyim Azərbaycanın uğurları, analoquolmayan irəlləyişi də mənim üçün yoxdur. Bunlar kim üçün varsa da, mənim üçün deyil. Kim bunlardan xeyir görür, bütün bu uğurlar onlar üçündür. Beləliklə, mənim üçün Azərbaycanın heç bir irəlləyişi, gəlişməsi və uğuru yoxdur.

 Həmsöhbətimi eşidəndən sonra mən onunla razılaşdım. Çünki o haqlıdır. Bir şey ki ondan bu insan yararlana bilmir, deməli onun üçün o çey yoxdur. Axı yuxarıda deyildiyi kimi o özü kiçik dünyadır. Başqaları üçünsə bütün bunlar var, çünki onlar bu irəlləyişdən yararlanırlar. Deməli Azərbaycanın uğurları çox nisbidir. Biri üçün var, başqası üçün yoxdur.