Sən Əkrəm Əylislisən!

 Bir tanış qadın var. Çox milliyətçidir. Bu gün danışdım onunla, söhbət də düşdü ermənilərdən. Dedi mənə ki, onların heç nəyi yoxdur: nə ölkəsi, nə yeri, nə mədəniyyəti, nə tarixi, nə musiqisi, nə folkloru bə s.

 Dedim, axı onların Xaşaturyanı, Matenadaranı, əlifbası, Xorenatssisi olub. Ermənistanın bir çarlıq olması haqqında hələ əski Roma tarixçisi Kornelius Tasitus 1-ci yüzillikdə xəbər vermişdir. Daha sonra Kilikiya ölkəsi olub onlarda, bunu da həm Avropa, həm müsəlman qaynaqları xəbər veriblər. İndi də Ermənistan var.

 O da dedi ki, qədim romalılar qələt eləyib, Kilikiya isə bir kiçik xanlıq kimi şey olub, indiki Ermənistan isə bizim torpaqlarımızda qurulub. Xaçaturyan isə hər şeyi bizdən sovetlərin köməyi ilə oğurlayıb. Musiqiləri, yazıları, geyimləri - hər şey bizdən oğurlanmışdır.

 Mən də dedim ki, belədir, Ermənistan bizim torpaqlarda qurulubsa belə, yenə də o var. O xanım da acıqlanaraq, YOXDUR! dedi. Mən də ona dedim ki, onda bizim başımız xarab olub. Neçə illərdir ki, olmayan bir şeylə, kabusla, kölgə ilə vuruşuruq. Kül bizim başımıza.

 Sonra mən dedim o xanıma ki, yaxşı, onda bizim nəyimiz var? Geyimlərimiz Avropadan, yeməklərimizin çoxu (pilov kimi) İrandan, muğam yaxın Şərqin ortaq motivlərindən, tar Hindistandan alınmadırlar.

 O da dedi, yox bizim soylarımız Şumerdən gəlir, deməli biz ilk insanlarıq. Buna görə də, o dediyun şeylərin hamısı bizimdir.

 Dedim ay bacı o olmayan kabus erməni isə deyir ki onun soyu Adəmdən gəlir. Buna görə də Şumer qarışıq hər şey onlardan törənib. İndi bizim o kabusdan fərqimiz nədir? Onda elə biz də olduq kabus.

 Bunu deyəndən sonra o xanım lap əsəbləşdi. Dedi SƏN.... Mən də gözlərimi yumub elə bildim "ermənisən" deyəcək. Ancaq yanıldım. O dedi "SƏN ƏKRƏM ƏYLİSLİSƏN!"

 Beləliklə bizdə yeni damğa yaranıb. Öncə kimin danışığı kiminsə xoşuna gəlmirdisə, deyirdi "Sən ermənisən". İndi də deyiləcək "Sən Əkrəm Əylislisən". Doğrudan da inkişaf edirik bala-bala!