Hər şeydə çoxluğa qarşı cıxanlar haqqında

 Bizim çox yaxşı, istedadlı yeni çağımızla uzlaşan insanlarımız var. Ancaq bunların bir çoxu etirazlar xəstəliyinə tutulublar. Bu doqrudan da bir xəstəlikdir. Millətin çoxu nə edirsə, mütləq ona qarşı çıxacaqlar. Hakimiyyətimizin istənilən addımını da mütləq pisləyirlər. Bir olay baş verirsə, ilk reaksiyaları qarşı çıxmaq olur.

 Tezisləri də ikidir:

 Birincisi bu millət ən aşağı millətdir, onun hər şeyi pisdir, üstün cəhətləri yoxdur, ola da bilməz. Yaxşı cəhətlər hətta adamyeyən vəhşi qəbilələrdə ola bilər, ancaq Azərbaycan millətində yox.

 İkinci tezisisə: Hökümət də diktaturadır, başdan ayağacan bir zülmdür, korrupsiyadır.

 Bir olay baş verəndə, ilk olaraq baxırlar ümumi reaksiyaya. Əgər millətin çoxu onu dəstəkləyirsə, hökümət ona etiraz etmirsə, deməli o olaya qarşı çıxaq bir müqəddəs ideyaya çevirilir. Yox, əgər bir şeyi millət və hökümət dəstəkləmirsə, onda bu kimi kəslər mütləq ona dəstək verəcək.

 Məsələnin məzmunu, özəyi, prinsipləri önəmli deyil bunlar üçün. Daha doğrusu, yuxarıdakı iki tezisə dayanmaq üçün hər bir məsələni fırladıb istədiyi kimi yozurlar. Yozmağa nə var ki, bir balaca bəlağətin və məntiqin oldu, ağın qara olmasını ispat etmək olar? Ancaq buna sofistika və demaqoqiya deyilir. Yəni sözquraşdırmalarla hər şeyin özülünü sözdə və məntiqi gedişlərlə hara istəsən fırlada bilərsən. Bunu hələ əski yunanlar edirdilər.

 Əslində isə, heç bir millət pis olmur. Heç bir hökümət də ideal deyil. Hər şeydə olduğu kimi, Azərbaycan millətinin də, hökümətinin də mənfi və müsbət cəhətləri var. Sadəcə hər şeyə obyektiv yanaşmaq gərəkdir. Bir olay baş verəndə, onun barəsində diqqətlə düşünmək, bütün fikirləri və faktları ortalığa qoymaq və sonra bunlara qiymət vermək lazımdır. Yəni müzakirə olay haqqında getməlidir, onun kimin tərəfindən irəli gəlməsi önəm daşıya bilməz. Müzakirə obyekti olayın özüdür, ona münasibət göstərənlər deyil.

 Əlbəttə, millətin çoxluğunun səsi heç də hər zaman həqiqəti əks etdirmir. Çoxluq yanıla da bilər. Hökümətdə də nəsə düz, nəsə də yanlış ola bilər. Ancaq, azlıq da heç hə həmişə haqlı olmur.

 Buna görə bizim yeni düşüncəli düşünürlər, yazarlar bu kimi subyektiv amillərdən uzaqlaşıb, obyektiv olaraq məsələlər haqqında fikir irəli sürməlidirlər. Əsas məqsəd həqiqəti üzə çıxartmaqdır. Həqiqətin isə milli, hakimiyyət, partiya mənsubiyyəti yoxdur. Həqiqət bunlardan ucada duran bir obyektivlikdir. Bax buna ulaşmaq məqsədi güdülməlidir. Həqiqət kimdə varsa, onu araşdırmaq, onun arxasınca gedilməlidir. Təəssüf ki, hələ çox az həqiqət axtaranlar var. Çoxluq hansısa subyektiv amillərdən çıxış edir. Bunlardan azad olmayanın heç bir irəli sürülmüş fikri dəyərli ola bilməz.

 Subyektiv amillərdən çıxış edənlər isə, əslində yeniçi də deyillər. Bu kimi üsullar artıq tarix boyu işlənilib, indi də işlənilməkdədir. Deməli əsl yeniçi ancaq həqiqəti arayıb ortalığa çıxardandır.