Ağsaqqallar haqqında

 Mən anlamıram, bu ağsaqqal nədir? Onun tərifi nədir, özlüyü nədir? Bu ağsaqqal başqa insanlardan nə ilə fərqlənir?

 Bu anlayışın heç nəyi aydın deyil. Başlayaq yaşdan. Burada soru yaranır ki, hansı yaşdan kimsə ağsaqqal olur? 50-mi, 60-mı, 70-mi yaşından sonra adam ağsaqqal olur? Bilinmir.

 Sonra keçək ağıl, müdriklik məsələsinə. Yaş həddi, ya da həyat təcrübəsi hələ insanın ağıl sahibi olması demək deyil. Əksinə, müdrikrikdən və ağıldan üzaq olan yaşlı adamlar daha çox olur. Kim gəncliyində ağıllı olubsa, yaşlaşdıqca o həyat təcrübəsi yığıb, daha ağıllı olur. Kim gəncliyində ağılsız olubsa, yaşlaşdıqca daha da ağılsız olur. Buna görə də hər yaşlı adamın müdrik və ağıllı olması haqqında danışmaq olmaz.

 Əxlaq məsələsi də bir mənalı deyil. Yaşlıların arasında kifayət qədər əxlaqsız, rüşvətxor, şorgöz, paxıl, ziyankar adamlar var. İndi kim deyər ki, onların əxlaqı başqasına örnəkdir? Deməli əxlaqda da ağsaqqalın heç bir üstünlüyü yoxdur.

 Yaşlıların çoxu hətta həyatdan da geri qalıblar. Yeni texnologiyalardan uzaqdırlar, xarici, irəliyə yönələn dünyagörüşləri yoxdur malik deyillər. Çoxları geriçi, öz keçmiş illərində qalanlardır. Surətlə iləlliyən dünyada nə ağsaqqal? O saqqalını ağardana qədər dünya hər dəqiqə dəyişir, ona uyğunlaşmaq gərəkdir. Kim bunu edə bilirsə üstünlük qazanır. Bu saqqalın ağlığından ya da gənc olmadan asılı deyil.

 Daha sonra, lap elə qoy ağsaqqal deyilən adamın yaşı olsun 100, çox ağıllı, irəliyə baxan olsun. Sonra nə? Nə üçün onun dediyi ilə kimsə oturub durmalıdır? Bu nə diktatorluqdur toplumda? Başqa adamın iradəsini başqalarına yeritmək olmaz. Hər şey məqsədəuyğunluq, müzakirələr, qanun əsasında çözülməlidir, basqı olmamalıdır. İndi nə edək ki bu kəs ağsaqqaldır? Hamı özünə görə bir şəxsiyyətdir və istədiyi kimi davranıb düşünməlidir. Niyə onun sözü çözücü olmalıdır?

 Elə formal baxımdan da hamı ağsaqqal deyil, çünki çoxlarının heç saqqalı da yoxdur.

 Beləliklə "ağsaqqal" mənasız bir şeydir. Onun heç tərifi də yoxdur. Hər bir insan öz davranışı ilə, ağılı ilə, işləri ilə özünü tanıdır. Kim bunu edirsə, ona heç bir ağsaqqalıq gərək deyil, çünki hamı arasında özünə sayğı qazanır. Bunu edə bilməyən isə qazanmır qazanmır, saqqalı ağ olsa belə.