Kimin qanı daha "təmizdir"?

 Bizdə son zaman "qanın təmizliyi" söhbətləri çoxalıb. Elə kim bir balaca çızığından şıxır, deyirlər onun "qanı təmiz deyil". Özəlliklə də, bu yerə girmiş ermənilərə doğru gedən adamların hamısını belə adlandırırlar. Hətta Milli Məclisdə belə vəkillər qanı "yoxlayırlar".

 Ancaq, kimin qanında neçə faiz başqa qanlar var ya yox, demək mumkün deyil. Örnək üçün, mən nə bilim mənim soyumda 8, 12, 16-ci yüzilliklərdə hansı qanlar olub? Bəlkə də Afrika zəncilərininki, bəlkə də Avstraliya aborigenlərininki? İndi bu "qanı yoxlamaq" çağırışlarını eşidəndə diksinirəm, hürkürəm. Deyirəm vay aman, birdən bildilər ki, mənim qanımda zənci qanı var. Onda mən olaram milli satqın, dönük, köpəkoğlu!

 İndi bu yeni tarixdə aramızda türk, talış, ləzgi, avar, kürd var. İndi bu qan məsələsində kim bilir, onlardan hansılarının qanı daha təmizdir? Başqa tərəfdən kiminsə rus, gürcü və s. qan qatqısı var. O necə, təmizdir ya yox?

 Elə buna görə də bu "qan təmizliyi" məsələsində hamı hamıdan şübhəli ola bilər. Birdən kiminsə "zəhərli" qanı var, onun "infeksiyası" qanı "təmizlərə" keçər. Ancaq kimin qanı "infeksiyalıdır", bilmək olmur.

 İndi ay millət, ay millət vəkilləri, bəsdir bu qan təmizliyini axtardınız. Düşünsəniz anlayarsınız ki, hamınızın bir qarışığınız var. Bu qarışıqlardan neçə faiz qanınız "təmizdir" bilinmir. Ümumuyyətlə qanın təmizliyi nədir, onu nə ilə ölçürlər? Bu soruya bir cavab verə bilərsiniz?

 Əslində "təmiz" qanın faizini və kimin qanının daha təmiz olmasını axtarmayın. Elə bu sözlərlə ölkəmizi dağıda bilərsiniz. Hamı bu qan pozuqluğunu özünə götürə bilər, çünki elə adam yoxdur ki, onun soyunda minilliklər boyu qarışıq qanı olmasın. Kimin qanı - türkün, talışın, avarın, ləzginin - daha təmizdir? Bu da çox çəkişməli məsələdir.

 Biz hamımız, qanımızın tərkibindən asılı olmayaraq, bu ölkənin vətəndaşlarıyıq. Kim bizimlədir və bu ölkəyə bağlıdır, o da bizimkidir. Kim bu ölkəyə bağlı deyil, Azərbaycanın maraqları ilə bölüşmür, satqınlıq edirsə, onlar bizdən deyil. Hətta erməni qanı olan kəs, bizim tərəfimizdədirsə, bizimkidir. Qanı "təmiz" olan millətimizim oğlu isə bizimki olmaya da bilər. O xain, satqın, bizə qarşı işləyən, millətinə nifrət edən ola bilər və belə örnəklər də çoxdur.

 Deməli "təmiz" və "qarışıq" qandan məntiqi baxımdan danışmaq cəfəngiyatdır, milli maraq baxımındansa ziyan. Ancaq "bizimki" və "bizdən olmayan" sözləri işlənməlidir. Bu həm məntiqi, həmdə məqsədəuyğundur. "Bizimki" və "bizdən olmayan" anlayışları mənəvidir. Kimin ürəyi və mənəviyyatı bizimlədirsə bizimkidir. Bu da hər bir adam ola bilər, qanının tərkibindən asılı olmayaraq. Kimin mənəviyyatı bizimlə deyilsə, o da bizdən deyil.