Özünü qoruya bilməyən yönətimin heç bir dəyəri yoxdur

 Bu başdan bildirirəm ki, nə yönətimin, nə də müxalifətin adamı deyiləm. Bir Azərbaycan vətəndaşıyam. Üzümüzə gələn prezident seçkiləri haqqında öz fikrimlə bölüşürəm.

 Bu keçmiş sovet məkanında demokratik adlanan güclərin yetərsiz olduğu göz önündədir. Dişsiz, bacarıqsız idealistlərdir hamısı. Yönətimə gəlsələr də, bir balaca sıxıntıya düşən kimi qaçırlar. Qaçmaqlarını da demokratiyanın zəfəri kimi sərgiləyirlər. Düşünmürlər ki. axı sizi dəstəkləyənlər olub, siz onlara vədlər vermiziniz. İndi "demokratik" olaraq basqı altında gedirsinizsə, onda siz onların hamısına xəyanət etmiş olursunuz. Ölkədə etdiyiniz bütün düşündüyünüz qurucu işlərə son qoyursunuz. Bununla da elə öz ideallarınızı darmadağın edirsiniz. Sonra da çəkilirsiniz qırağa ağlayırsınız ki, biz müxalifətik, vay aman bizi əzirlər. Əslində isə doğru edirlər. Geruləyəni əzərlər, yıxılanı baltalayarlar. Bu təbiətin qanunudur.

 Elə bizim Azərbaycanda da bu baş vermişdir. Elçibəy yönətimi oldu, çoxları onu dəstəklədi. Bir az sürə keçəndən sonra bilindi ki, azca təpki ilə qarşılaşan kimi hər şeyi qoyub qaçırlar, görəvlərini də "dondururlar". İndi də demaqogiyalara qatılıblar. Hər gün də ağlayırlar ki, vay aman bizi tuturlar, döyürlər. Axı siz elə ona da layiqsiniz. Bir yönətim ki özünü qoruya bilmədi, bu nədənlə də ölkəni qarışığa sürüklədi, öz seçicilərini pis duruma saldı, onun varisləri elə aşağılanmalı, döyülməli, incidilməlidir. Axı millət sizdən nə gözləyirdi, siz nə etdiniz?

 İndi yenə yönətimə qayıtmaq istəyirsiniz. Nə ilə? Kim zəmanət verə bilər ki, siz yenə də azca sıxıntı olsa hər şeyi qoyub qaçmayacaqsınız? Bunun adını da qoyacaqsınız demokratiya. Bu dəfə artıq ölkə darmadağın olar. Siz idealistsiniz. Ancaq reallıq başqadır.

 Buna bənzər sürəclər elə Ukraina ilə Gürcüstanda da getdi. Ukrainada "demokratlar" 5-6 ilin içində rüsvay olaraq getdilər. İndi də ağlayırlar. Gürcüstanda da indi o sürəc başa çatmaq üzrədir. Özlərini saxlaya, kadrlarını qoruya, millətin ümidlərini doğrulaya bilmədilər. İndi onları əzirlər. Əslində belə də olmalıdır.

 Sonra Azərbaycan müxalifəti dünyaya car çəkir ki indiki yönətim korrupsiondur, insan haqlarını, söz özgürlüyünü əzir. Belədirsə də, yenə də bu yönətim məqsədəuyğundur. Onlar da hakimiyyətə gəldilər. Ancaq demokratlardan fərqli olaraq, yönətimlərini qoruya bildilər. Ölkədə bəlli qədər dəyişikliklər edə bildilər, onu bərkitdilər. Yönətimi dəstəkləyənləri üzüntülər içində qoymadılar. Bunun üçün də kimisə əzirlərsə, bu təbiidir. Başqa cür olsa, hər şey qarışar. Onlar da olarlar demokratların tayı. İkisi də belə olsa nə olar sonu? Suriya, Əfqanıstana çevirilərik.

 Hələ Lenin demişdir: "Hər bir devrim yalnız özünü qoruya bilsə dəyərli olar". İndiki Azərbaycan yönətimi devrim edib ölkəyə başçılıq edib özünü qoruya bilir. Buna görə də dəyəri var. Sadəcə içində olan sorunları refomlar yolu ilə çözməlidir. Demokratların isə heç bir dəyəri yoxdur. Çünki yönətimlərini saxlaya bilmirlər. Belədirsə, demokratlara səs vermək olarmı? Məncə yox, çünki onlar yönətimə gəlsələr, yenədə hər şeyi qoyub qaça bilərlər. Ölkə də dağılar, onlara səs verənlərin də üzü qara olar.