Yaradanlar və kölələr haqqinda

 25.04.13

“YARADANLARIN ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Quran, 23:14)
“Məgər siz YARADANLARIN ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?” (Quran, 37:125)

Quranın bu ayələri kimin üçündür? Tanrı özü, ondan başqa Yaradanların olduğunu deyir. Ancaq inanclılar iddia edirlər ki, Tanrıdan başqa yaradan yoxdur. Bu nə olan şeydir? Tanrı özü deyir var, inananların çoxu isə deyir yoxdur. Var axı! Bu da Quran ayələri!

İndi Tanrıdan başqa yaradanlar varsa, onlar kimdirlər sorusu ortalığa çıxır. Bu başqa Tanrılardır? Yox! Çünki bir Tanrıdan başqa tanrılar yoxdur. Deməli o yaradanlar insanlardır, çünki düşünən varlıqlardırlar. Başqa kim ola bilər? İnsan bu boyda irəlləyiş əldə edib, çağdaş dünyanı qurub. Məgər bu yaradıcılıq deyilmi? İnsan artıq möcüzələri gerçəkliyə çevirib! Hətta klonlaşma, seleksiya, süni mayalandırma kimi aracları araşdıraraq yeni həyat yarada bilər! Yaradıcı insandan daha böyük yaradıcı yalnız Tanrının özüdür. Buna görə də, bu kimi insanlar Tanrının kölələri deyillər, onun arxadaşlarıdırlar.

Ancaq hamı yaradan insan olmur. Bir çoxları bunu bacarmırlar. Buna görə də kölədirlər. Onlar elə kiminsə kölgəsində gəzmək, boyun əymək istəyirlər, ruhları yetkinlikdən çox uzaqlardadır. Kölələr haqqında da Quranda çoxlu ayələr vardır. Deyirlər onlar hamı üçündür. Ancaq yox! Bu dünyada hamı bir deyil. Hamının özəllikləri vardır. Biri varlı, başqası yoxsul; biri bacarıqlı, başqası yaramaz və s. Bizə deyirlər ki biz hamımız birik Tanrı qarşısında, hamımız köləyik. Necə olur, hər şeydə fərqlənirik bir-birimizdən, ancaq köləlikdə birik? Bu yalnız kölələrin istəyidir!

Kölələr yaradıcı insanları sevmirlər. Onlar istəyirlər onları öz səviyyələrinə endirsinlər, onlara paxıllıq edirlər. Onlar üçün kiminsə yaratmaq bacarığı bir faciədir. Çünki onda öz köləlikləri qabarıq şəkildə ortalığa çıxır. Öz üzərində işləmək, ruhu köləlikdə çıxartmaq deyil onların amacı. Yalnız başqalarını bu yoldan çəkindirməkdir. Deyirlər kimsən sən? Tanrının köləsisən. Yerini bil. Çox yüksəlsən səni inancsızlıqda (küfrdə) suçlayarıq! Tanrıya qarşı ayaqlanan şeytana bənzədərik! Ancaq əslində onların çoxları heç Tanrıya da köləlik etmirlər. Əslində müdirlərə, məmurlara, dini öndərlərə və başqa görəvlilərə qulluq edirlər. “Tanrıya kölə olmaq” sloqanı yalnız ortalığa atılmış bir sözdür. Çünki Tanrı görsənmir, o yüksək adamlarsa hamının gözü önündədir.

Bu çağdaş dünyanın möcüzələrini yaradanlar da elə yaradan insanlardır, kölələr yox. Buna görə də böyük olmaq üçün, köləlikdən çıxmaq üçün, insan öz ruhunu yetkinləşdirməlidir, öz üzərində işləməlidir, mənliyini ucaltmalıdır, sürü psixolojisindən qurtulmalıdır. Bu bir haldır. O hala çatmaq üçün ruh yetkinliyi olmalıdır. Yaradıcı insanın yönümü də budur. Bu hala çatan insan da hətta Tanrı üçün belə, kölə olmaz, onun arxadaşı olar! Köləliyin zəncirlərini qıran kəs mutluluğun nə olduğunu duya bilər. Elə buna da yönəlmək gərəkdir!