Prodüsserin ürəyinə girmiş “nur” haqqında

27 aprel 2013

Az özcə Məhəmməd peyğəmbərə qarşı çəkilən və qalmaqal yaradan “Müsəlmanların məsumluğu” filminin prodüsseri Arnoud van Doorn İslamı qəbul edib, sonra da Mədinəyə gəlib Həzrəti Məhəmmədin qəbrini ziyarət edərkən göz yaşlarını saxlaya bilməyib.

İndi bizim sadəlövh müsəlmanlar deyirlər: “Əlhəmdülillah! Allahın böyüklüyünün həddi yoxdur. Gör nə oldu ki, İslamın düşməni oldu müsəlman, peyğəmbərin məzarına gəlib ağladı! Allah onun ürəyinə nur saldı”.

Ancaq bircə elə mən demaqoq bu möcüzəni şübhə altına qoyuram. İndi nə edim ki, demaqoq olub bu boyda Tanrı möcüzəsini danıram. Ar olsun mənə! Ancaq nə edim? Təbiətim belədir də...

Məncə burada heç bir nur yoxdur. Hər zaman olduğu kimi dünya maraqları vardır.Bir tərəfdən o prodüsser

özünü sığortalayıb ki, ona heç kim dəyməsin. Başqa tərəfdən bu "nurla dolmasını" görən ərəb şeyxləri ona maddi xeyir də verərlər. Yaxşı reklamdır axı. Öncə peyğəmbərə qarşı film çəkən indi "nurla" doldu. Sonra o, hətta İslam dəvətçisi olsa, özü üçün daha böyük kapital əldə edər. Həm də reklam olunar. Nəisə, yaşasın "nurlu" ürəklər!

O prodüsser yaxşı biznesmendir. Öncə peyğəmbərə qarşı film çəkib, başqa dairələrdən pullar alıb. İndi isə görür daha pul verən yoxdur, durum da gərgindir. Kücəyə çıxmağa hürkür ki, birdən bir fanatik gəlib vurar onu, ya da bir fətva çıxardarlar ölümünə. Ölməksə nəyə gərək? Yaşa keyf elə də özünçün. Necə?

Bax burada  onun ürəyi möcüzə sonu “nurla” işıqlandı. İndi biznesi “nurun” üzərində qurdu, öncə qarşı olduqları dairələrdən yararlanmaq ideyasına gəldi. O qarşı tərəfə də elə bu gərək idi ki, desinlər “Bax gördüz? İslama qarşı olanlar nurlanırlar!”. İndi də onu piar edəcəklər. Həm də özlərinə Tanrı qarşısında savab qazanırlar ki, bir cahili imana gətirdilər.

Ancaq Tanrıdan öncə bu dünyada özləri üçün yerlərini bərkidirlər. Axı hər gəlib gedən ağzına gələni desə nə olar? Aləm dəyər bir birinə, insanlar sonda onlara qarşı çıxarlar axı. Qazancları da gəsilər.

İndi bunun qarşısını almaq üçün o qazanclarından azca xərcləyib o prodüsserin ürəyini “nurla” işıqlandırırlar ki, daha da çox itkilər verməsinlər. Yoxsa bu dünyada rüsvay olarlar. O dünyada da 72 cənnət hurəri ilə keyf etməzlər. Məncə bax budur “Nur” möcüzəsi.

Ancaq fərqi nədir? Möcüzə möcüzədir də. Xalqa göstərəcəklər, onlar da buna uyacaqlar. Bu da xalqa verilmiş tiryəkin bir çeşididir. Beləkiklə hər tərəfin maraqları ödənir, işlər gedir. Hərəsi öz qazancındadır. Yaxşı deyim var: “Həm ziyarət, həm də ticarət”.