Forma və mahiyyət

6 oktyabr 2012

Mən də hicaba qarşı yasaqlara qarşıyam. Bu hər bir adamın haqqıdır. Ancaq, bir məqama diqqətinizi cəlb edirəm. Fəlsəfədə FORMA və MAHİYYƏT məsələsi var. Bəli, hicab formadır, görkəmdir. İndi forma mahiyyətə uyğun olmalıdır ya yox? Bunlar axı vəhdət təşkil edir. Mən şübhə etmirəm ki, bu amilləri birlikdə görən qadınlar var. Ancaq, mən saysız halları görürəm ki, hicablı qadınlar fitnələr edirlər, yalanlarla məşğul olurlar, mədəniyyətsiz davranışlar edirlər, başqa adamları acılayırlar və s. Deməli formal olaraq onlar hicabdadır. Ancaq mahiyyətləri hicablı deyil. Elə kişilər də belədir. Baxırsan meçidə də gedir, araxçın da qoyur, ancaq yalançıdır, sözünün üstündə durmur və s.

 İndi biz seçim qarşısındayıq. Hansı üstündür - forma ya mahiyyət? Burada mən öz fikrimi deyim. Məncə, mahiyyət üstündür. Çünki, bir adamın hicablı olub olmamasından mənə nə? Mənə gərəkdir ki, mənə ziyan vurmasın. Vurursa, onun hicablı-hicabsız olmasından mənə nə? Toplumda yaşam başqasına ziyan vurmamaqdır. O adamın görkəmi nədir öz işidir. Mənim üçün mahiyyət önəmlidir, forma yox. Bir adamın görkəmindən mənə nə? Mənə onun davranışı lazımdır. Mən şübhə etmirəm ki, Allah da bunu nəzərdə tutmuşdur.

 Bundan da çıxan sual budur. Əxlaq nədir? Hicablı olub başqalarına ziyan vurmaq ya da hicabsız olub başqalarına xeyir gətirmək? Fiziki cəhətdən bakirə olmaq, ya da kişilərlə yaşayıb cəmiyytə qarşı xeyirli olmaqdır?