İnsanı insan edən onun mənəviyyatıdır

21 yanvar 2011

Bir kərə bir xanımın sosial şəbəkələrdə bizim üçün çox uğurlu Horadiz-Fizuli vuruşundan yazdığını gördüm. Bizim igidliyimizi göstərdi, ermənilərə qarşı igidcəsinə vuruşan oğullardan söhbət açdı. Sonra isə o döyüşçülərin indi bir parça çörək üçün çalışdığını yazdı.

Bu düşüncə təkcə onda yox, çoxlarında var. Ay soydaşlarım, hər şey bu dünyada elə var-dövlətə bağlıdırmı? İnsanı insan edən onun yüksək ideallar üçün yaşamasıdır. Nə xoşbəxtdir yurdumuz üçün vuruşan, uğurlar qazanan, düşməni geri oturdanlar! Bunu anlamaq elə həyatlarının ən yüksək ucalığı deyilmi? Elə bu həyatın mənası deyilmi? Nədir o çörək parcası bu duyğunun yanında?

O çörəyi çox olanlar onlardan aşağıdırlar həm Tanrı, həm insanlar arasında. Nə ediblər? Elə qarınlarını doydurublar. Heyvan da elə o cür yaşayır. Yüksəklərə ucalın ay millət! O parça çörəyi Tanrı onsuzda hamıya verir. Ancaq yüksək işləri görmək hər adamın işi deyil. Yönəlin yüksək işlərə, qarın otarmağa yox!

Bunu deyəndə mənə qayıdırlar ki, millətin maddi cəhətdən təmin olunmağı ən önəmli faktordur. Kimliyindən asılı olmayaraq, bir kimsənin uşağı acdırsa, xəstə anasının dərmana ehtiyacı varsa, hansı dərəcədə bu adam mənəvi prinsiplər haqda düşünər?

Mənsə deyirəm, insan maddi və mənəvi varlıqdır. Bunların hər ikisi təmin olunmalıdır. Maddiyatı danmıram. Bunun üçün də çarpışmaq gərəkdir. Ancaq belə bir şeyin də şahidi oluram ki, ehtiyacı olan çoz vaxt elə öz bacarıqsızlığı ucbatından yoxsul olur. Örnək üçün bir yoxsul adamı tanıyıram. Deyirdi mənə ki, uşağı xəstədir, anası xəstəxanadadır. Heç evi də yoxdur, kirədə qalır. Ancaq özünü tərifləyirdi, deyirdi yaxşı dil bilicisiyəm, filoloqam. Mənim də o zaman bir kitabım çapa hazırlanırdı. Yazığım gəldi ona. Dedim sən bu kitabımı redaktə edib səhvləri düzəldə bilərsən mən bu işin pulunu sənə verərəm. Halbuki başqa yaxşı redaktorları tanıyıram. Dedi ki bu işin ustasıdır. Belə də razılaşdıq, ona öncədən pul verdim, yazığım gəldi onun gününə. Sonda isə o mənə yarıtmaz bir iş verdi. Heç bu adam, öyünməsinə baxmayaraq, bu işi bacarmırdı. Eləcə də pulum batdı, işim də alınmadı. Başqasına verib ikiqat xərc çəkdim.

İndi bu adam elə ona görə yoxsuldur ki, öyünməsinə baxmayaraq, işləməyi bacarmır. O yaxşı işləsəydi mən ona gələcəkdə də iş tapşırıb pul verərdim. Onun haqqında başqalarına da deyərdim, o tanınardı, az da olsa pul qazanardı. İndi isə mən bunu etməyəcəyəm. O da pulsuz qalıb, həyatından qileylənəcək. Əslində isə o özü öz yoxsulluğunun günahkarıdır. Sonra isə onun kimilər hamını günahlandırır � başqa adamları, höküməti, ölkəni. Ancaq özlərini yad etmirlər. Əslində problem onların özlərindədir ki, yoxsuldurlar. Onların heç nə məsuliyyəti, nə anlayışları, nə mədəniyyəti, nədə nədəsə bacarığı yoxdur. Mənəviyyatlarındansa heç söz gedə bilməz. Ona görə də bu gündədirlər.

Beləliklə, öncəki söhbətimə qayıtdıqda demək istəyirəım ki, maddiyatı mənəviyyatdan üstün tutmaq olmaz. Bax bu bizim çağımızın adamlarının xəstəliyidir. İnsanı insan edən daha çox mənəviyyatdır, maddiyat yox. Maddiyat heyvanlarda da vardır. Mənəviyyat isə yalnız insanlarda.

Mən özüm, örnək üçün, çox sadə yaşayıram. Bir parça çörəyim var, başımın üstündə də damım. Mənə bəsdir. Əslində bu belədir. Maddiyat bununla bitmiş olur. Ona görə də gücü verirəm mənəviyyata. Onda da özümü insan duyuram. Maddi zənginliklə mənəvi zənginliyin seçimində, mən mənəvi zənginliyi seçdim və yanılmadım. Bu doğrudan da çox yüksəkdir. Bunu duyan üçün maddiyat gülməli olur. Ancaq bunu az adam anlayır.

Ən başlıcası da ondadır ki, hamı bir yaşaya bilməz. Hamı var-dövlətli olmaz. Bu dünya bərabərsizliyin üzərində qurulub. Bu çox dərin fəlsəfədir. Ona görə də mənəviyyat hər şeydən üstündür. O insanı insan edir. Bunu anlayan hər bir insan, maddiyatı az olsa belə, yüksəldə bilər. Kimsə elmi ilə, kimsə orduda yurduna qulluq etməklə. Hətta zənginlər pullarını yüksək ideallara sərf etsələr, mənəvi olurlar. Bizim millətimizin maraqları üçün hər bir pul xərcləyən zəngin elə mənəviyyatlı adamdır.

Həmdə, insanın şəxsi özəllikləri önəm daşımır. Yaxşı ya pis, əxlaqlı ya əxlaqsız insan anlayışı nisbidir. Kim üçün eyni insan əxlaqlı, kim üçünsə əxlaqsız ola bilər. Hər bir yönümdən təmiz adam da yoxdur. Əsas şərt onun hansısa ideallarla yaşamasıdır. O ideallar varsa deməli yüksək adamdır. Yoxdursa, ancaq elə qarın doyurmağı düşünürsə deməli həyatı boşdur, millionçu olsa belə.