Azərbaycan türkcəsini pis günə qoyanlar haqqında

30 sentyabr 2012

Baxıram azərbaycanlıların facebookda, forumlarda və başqa yerdəki yazılarına. Orada hamı milli problemlərdən yazır. Orada nəsə oxumaq istəyirəm. Ancaq çox vaxt heç nə oxumayıb çıxıram. Nə üçün? Çünki Azərbaycan dilində elə yazırlar ki, oxumaq üzücü olur. Yoruluram. İstifadəçilər Azərbaycan əlifbası ilə deyil, ingilis ya da rus əlifbası ilə yazır. "Ü"-nün yerinə kim "u"kimsə "w", "ı"-nın yerinə "i", "ç"-nın yerinə "c" və s. Bunları oxumaq başağrısıdır.

İndi deyin mənə ay milləti sevən, əyriliyə qarşı çıxanlar, öz doğma dilini bu günə qoymaq, bu dilə, onun yazısına sayğısız yanaşma özü əyrilik və millətə qarşı çıxmaq deyil? İndi belə yazanların səmimiliyinə necə inanım ki, öz dilinə hörmət etmir. Rusca ingiliscə hamı elə səliqə ilə yazır, ancaq Azərbaycan dilində necə gəldi. İndi istəyirsiniz ki mən sizi oxuyum, sizin səmimiliyinizə inanım? Yox inanmayacağam, oxumayacağam o vaxta qədər ki, yazınıza fikir verəcəksiniz.

Bir konfeti dükandan alanda, öncə onun görkəminə, gözəl dizaynına baxırsan, sonra dadına baxırsan. Bir pis kağıza bürünmüş ən dadlı konfetə heç kim baxmaz. Bu da belədir. Nə qədər gözəl fikir olsa belə, onu gözəl tərzdə təqdim etməsən, onun heç bir dəyəri olmaz. Məzmunla birlikdə forma da olmalıdır.

Ümumiyyətlə mən Azərbaycanca facebookda yazışmaları bu səbəbdən az oxuyuram, çünki hərfləri başa düşmək böyük əziyyətdir. Azərbaycanlılar öz dilinə çox vaxt hörmət etmirlər. Millətə sevgi buradan başlayır. Bu yoxdursa nə sevgi?

Bu barədə deyəndə biri mənə yazdı ki, telefondan yazır, orada isə Azərbaycan hərfləri yoxdur. Mən də ona dedim ki, belədirsə, səbr et, az sonra kompyuterdən yaz. Ya da Azərbaycan əlifbalı telefon gəzdir. Çünki yazısı necə gəldi və səliqəsiz olanın dediklərinə ciddi yanaşılmaz. İkincisi isə, nə üçün özümüzə başağrısı verib bu kimi yazıları oxumalıyıq axı? Mən oxumuram. Bir adamın ki yazısı normal deyil, onu heç ciddi qəbul etmirəm.

Buna qarşı yenə də razı olmayanlar oldu. Mən də onlara dedim ki, texniki vasitələriniz yoxdur, alın, düzəldin. Grammatik cəhətdən zəyifsinizsə, oxuyun, üzərinizdə şləyin. Yoxsa bu

kimi yazılarla siz necə milləti cəlb edə bilərsiniz axı? Bu resurslara girən heç olmasa görməlidir ki, normal dildə danışırlar. Yoxsa dili, əlifbanı bərbad günə qoyanın dedikləri nəyə və kimə gərəkdir? Bir yerə gedəndə, öncə o adamın görkəminə baxarlar. İndi sizin görkəminiz necədir? Bu sorunu özünüzə verin.

Ancaq çeşidli Azərbaycan forumlarının, KİVl ərin işçiləri və moderatorları da bu işdə sorumludurlar. Onlaın hamısı yazıların keyfiyyətinə fikir verməlidirlər. Azərbaycan dilinin qaydalarına riayət eləmiyənlərə töhmət verməlidirlər. Yoxsa başqa cür necə ciddi yığıncaq ola bilər ki, orada heç normal yazmırlar? Məsələn rus forumlarında rusca pis yazanlara, latın əlifbası ilə yazanlara töhmət verilir. Beləliklə, həm dilə hörmət edilir, həm də forumun səviyyəsi və sayğısı artır. Azərbaycanlılar isə necə gəldi yazırlar. Heç kim də buna söz demir. Belə şey olar?

Hesab edirəm ki, bu problemi qaldırmaq gərək, hamı da bu barədə düşünməlidir. Özləri düzəlməsə də, axı inzibati tətdbirlər görüb Azərbaycan dilinə hörməti zorla yeritmək olar. Sadəcə bu, ya da başqa toplumlara sorumlu olan kəslər dilə hörmətsizliyə görə cərimələr etməlidirlər. Məsələn, xəbərdarlıq, bu kimi yazıları pozmaq kimi.

Dedilər mənə ki, bəzi istifadəçilər Anadılu türkcəsində yazır, bəs onlar nə etsin? Mən də dedim ki, istər Türkiyə, istər Azərbaycan türkcəsi ilə kim istəyir yazsın. Təki dillərin qaydalarına riayət etsin. Bilək ki, bu Anadolucadır, ya da Azərbaycanca. Lap bunları qarışdırmaq da olar, axı ortaq dilə getməliyik. Ancaq yenə də heç olmasa hərfləri düzgün yazsınlar ki, oxuna bilsin.

Sonda da bunları dedim: Bir sözlə, istıəyirsiniz ki, sizi oxusunlar, anlaşıqlı yazın. Yoxsa bu dəqiqə o qədər çox informasiyalar var ki, sizin çətin oxunan yazılarınıza ehtiyac yoxdur. Nə üçün mən, ya da başqası başımızı ağrıtmalıyıq ki, ayə görəsən bu kəs nə yazıb? Zamanımız yüngüllük və informasiyanın axını zamanıdır. Şəxsən mənim heç bir ehtiyacım yoxdur başağrısı verən yazılara. Həm də belə mənzərə, məncə bu qrupa xələl gətirir. Bura girən görür ki, heç iştirakçılar yaza da bilmirlər. Bundan sonra onlarla nə işbirliyi qurmaq olar? Heç ciddilik də yoxdur.