Müəllimlərin tələbələrə tay olması haqqında

  7 декабря 2012  

 Bir müşahidəmi açıqlamaq istəyirəm. Bu bizim sayğılı müəllim-öyrətmənlərimiz hər zaman gileylənirlər ki, tələbə-öyrənciləri dərs getdiyi zaman onları eşitmək istəmirlər, öz aralarında söhbətlər edirlər, nizam-düzəni pozurlar. Doğru. Mən də bunu öz öyrəncilərimdə görürəm.  

Ancaq elə o öyrətmənlərin özləri də rəsmi yığıncaqlarda olurlar. Onların qarşısında kimsə çıxış edir. Bəs onlar özləri nə edirlər? Elə o tələbələr kimi öz aralarında başqa söhbətlər edirlər, məruzəçini eşitmək istəmirlər. O toplantılarda da səs-küy olur. Məruzəçilər də onları sakitləşdirmək zorunda qalırlar, öyrənciləri kimi.  

 İndi belə bir soru ortalığa çıxır: bu öyrətmənlər özləri düzənə tabe olmurlarsa, necə olur öyrəncilər haqqında gileylənib, indiki gənclərə qarşı bu sözləri deyirlər? Çünki bir adamı nədəsə suçladınsa, onda özün o suçu etməməlisən. Edirsənsə sənin suçlamaq hüququn yoxdur axı.  

 Bu da nədəndir? Özünə kənardan baxmamaqdan, özünü güzgüdə görməməkdən. Özün bəlkə də o öyrətməndən betərsən, ancaq özünü görmürsən, ondan gileylənirsən.  

 Mən də öyrətmənəm. Mənim də dərslərimdə öyrəncilər elə bu kimi davranırlar. Ancaq mən onlara heç bir söz demirəm, onlar haqqında gileylənmirəm. Nə üçün? Çünki mən özüm də rəsmi yığıncaqlarda özümü elə onlar kimi aparıb, məruzəçiyə çox zaman qulaq asmıram. Ancaq onda qulaq asıram ki, o doğrudanda maraqlı-ilginc və aktual şeylərdən danışsın.  

 Buna görə də, mənim tələbələrim dərslərimdə mənə qulaq asmaq istəməyəndə, mən özümə sual verirək, nə üçün onlar məni eşitmirlər? Və suçlu özümü bilirəm, onları yox. Deməli mən bu dərsi o səviyyədə onlara çatdırmıram ki, onlar ilgilənsinlər və məni eşitsinlər.  

 Beləliklə hər bir öyrətmən öncə özü haqqında düşünməli və suçlu özünü bilməlidir, öyrənciləri yox.