Hər şeyin boş və mənasız olması haqqında  

29 may 2013  

Yaxın günlərin birində bir elm adamının yubiley məclisində idim. Onun haqqında sağlıqlar deyilir, hamı onu tərifləyir, böyük alim olduğunu deyirdi. O da söz alıb, bir neçə elm sahələrini dəyişdirdiyini, hər dəfə də onları öyrənmək zorunda qaldığını dedi.

O sözünü bitirəndən sonra mən ona: “O elmləri öyrənərkən hansı sonluğa, hansı ümumi nəticəyə gəldin?”, sorusunu verdim. O da mənə “Hər bir elmin özünə görə məntiqi, bilim sahəsi vardır. Buna görə də onlar haqqında ümumi bir nəticəyə gəlmək olmur, hərəsinin öz nəticəsi vardır”.  

Mən də ona “Məgər sən bunların hamısının boş şey olması və sənin bilimsiz, hər şeyinsə mənasız olması nəticəsinə gəlmədin?” sorusu ilə qayıtdım. Buna yubiley sahibi ilə yığışanlar etiraz etdilər. Dedilər: “Nəcə yəni heş nəyin mənası yoxdur? Kişilər can qoyub elmləri öyrənirlər. Sən özün də öyrənmisən. İndi siz hamıınız boş şeylə məşğul olmusunuz? Öyrəndikcə də heç nəyi öyrənməmisiniz?”.  

Mən də onlara: “Elədir. Bilməyən, gəlişməyən kəslər elə bilirlər nəyisə bilirlər, nəyinsə mənası və dəyəri var və s. Ancaq kim doğurdan da nəyisə öyrənibsə və doğru nəticələrə gələ bilibsə, hər şeyin mənasız olması sonucuna gəlir. Çünki bir şey əldə olunan kimi, o dəyərdən düşür və insan hər zaman yeni bir şeyə can atır. Sonra onun da dəyərsiz olduğunu görüb daha yeni bir şey axtarır. Əslində irəlləyiş və gəlişmə də elə bu prosesin üstündə durub. Həm də oxuduqca və bidikcə anlayırsan ki, ən biliksiz adam elə sən özünsən. Yalnız nadan nəyinsə bildiyini güman edir. İndi, ey bizim yubiley sahibi və burada yığışan elm adamları, əgər siz dediklərimi duymamısınızsa, onda deməli siz hələ çox şeyləri öyrənməlisiniz, sizin bilikləriniz yetkin deyil. Elmlər doktoru adını almaq hələ heç də bilikli olmaq demək deyil” dedim.  

Bunu eşidən yığışanlar mənə “Əgər sənin dediyin kimi olsaydı, onda nadanla bilikli adamın heç bir fərqi olmazdı, heç kim heçnə etməzdi, heç nəyi oxumazdı” dedilər.  

Buna da qayıdaraq mən dedim: “Yox nadan elə ona görə nadandır ki, bilməyərək nəyinsə bildiyini güman edir. Lap elə bilmədiyini etiraf etsə belə, o bunu bilməyərəkdən edir. Çünki nadan olduğunu bilmək üçün də çoxlu oxumaq, bunu sübuta yetirmək gərəkdir. Yoxsa nadanın bu kimi etirafı da onun əskikliyini göstərir. Bilikli və bilgə (müdrik) isə elə ona görə zəngindir ki, hər şeyi görüb, oxuyub, anlayıb bu dünyanın boş və mənasız, özününsə biliksiz olduğunu sonucuna gəlir”.  

Bunu deyərək çıxdım bu məclisdən. Yolda gedərkən o yubiley sahibi haqqında düşündüm. Dedim özümə ki, bu kişi artıq həyatının sonuna gəlib, o gədər elmi dərəcələrlə vəzifələr alıb, kitablarla məqalələr yazıb. Ancaq bütün biliklərin və həyatın boş və mənasız olduğunu anlamayıb. İndi o bir gənc olsaydı deyərdim gəncdir, həyatının bir məqamında dediklərimi anlayacaq. Ancaq bu kişi onilliklərlə elmdə olduğundan sonra mən dediklərimi anlamayıbsa, deməli onun bütün həyatı boşa çıxıb və o bilgəlik (müdriklik) məqamına artıq çatmayacaq. Heç olmasa düşünsün ki, o yubiley bəlkə də onun elə ölüm öncəsi hazırlığıdır. Bir şey ki ölümlə sonuclanır, onun nə dəyəri ola bilər? Bax budur o elmlərin məntiqi sonluğu.