Ağılsız dissertantlar haqqında

7 iyin 2013  

Bir şeyi anlatmaq olar anlayan adama. Anlamırsa, onda onun yanlışlığına əl çalmaq, onu dəstəkləmək gərəkdir ki, o uçuruma getsin.

Mən bu prinsiplə yaşayıram. İşim belədir ki, dissertasiyalarla bağlı dartışmalara qatılmalı oluram. Belə olanda iki çeşid iddiaçılar olur: anlayanlar və tərslər. Mən onlara ağıllı və ağılsız kimi baxıram.

Hər hansı bir dissertasiya ilə bağlı soru gəlirsə, mən iddiaçı ilə öncə iş barəsində danışıb, ona bir-iki məsələ haqqında öz düşündüklərimi deyirəm. Nəyisə onların işlərində ələşdirirəm (tənqid edirəm). Bunu edərkən iddiaçının reaksiyasına baxıram.

Ağıllı iddiaçı mənim dediklərimi eşidib, ya onlarla razılaşır, ya da mədəni formada mənimlə problem barəsində dartışır. Hər iki durum normaldır. Dartışma zamanı o öz haqlı olduğunu sübuta yetirsə, mən hər zaman razılaşıram.

Sonra biz o ağıllı ilə ilişkilərimizi sürdürürük, mən məsləhətlər verirəm, biz bir yerdə onlar haqqında düşünürük. Bundan sonra o iş normal akademik elmə cavab verən duruma gəlir və iddiaçı elmi şuralardan, başucalıqla keçə bilir. İddiaçı bütün soruları cavablandıra bilir.

Çünki mənim özümə görə təcrübəm və dünyagörüşüm var. Elmi tələbləri bilirəm, işlərin hansı strukturla yazılması prinsiplərini bilirəm və s. Ağıllı iddiaçı bunları məndən ala bilir.

Ancaq ağıllı iddiaçılar çox az olur. Çoxluq ağılsızdır.

Ağılsız mənim ilk suallarıma kəskin reaksiya verir, məsləhətlərimi rədd edir. Bunu ilk ilişkidə görən kimi, mən o cür iddiaçılarla ixtilaf etmirəm. Ağıl da qoymuram. Çünki onlar ağıllanmırlar və onların tərbiyə edilməsi mənim işim də deyil.

Ona görə bu kimi iddiaçıların ilk təpkisini görəndə, mən geri verirəm və onlardan üzr istəyirəm. Deyirəm kül mənim başıma ki, sənin nə qədər istedadlı olduğunu öncədən görmədim. Sən doğrudan da dahisən! Sənin dissertasiyanın, məqalələrinin bənzəri yoxdur. Onun bütün elmi müzakirələrində hamıdan tez mən müsbət rəy verirən, birinci mən onu Akademiyamızın elmi şuralarına məsləhət görürəm.

Çünki o ağılsıza mən nə edə bilərəm? Yalnız onun yıxılmasına yardım edib, onu uçurumun önünə gətirib, onun arxasından bir təpik vurun onun oradan yıxılmasına gətirib çıxara bilərəm. Başqa yolum yoxdur. Elə verdiyim müsbət rəylər və təriflər elə onun təpiklə ucurumdan yıxılmasına yardım etməkdir.

Beləliklə öz heç kəsə gərəkli olmayan işləri ilə o ağılsızlar çıxırlar Yüksək elmi şuralara və oradan işlərini keçirə bilmirlər. Sonra da deyirlər ki hamı onlara qarşı qəsd edir. Halbuki, məni öncədən eşitsəydilər, işləri üzərində işləsəydilər, belə olmazdı.

O ağılsızların biri ilə bir dəfə səmimi oldum. Onun da təpkisini görüb, işini tərifləmişdim və o sonra batmışdı. Başladı gileylənməyə hamıdan. Dedim ona ki, ay insan! Sənin işin əslində zibilə tullanmalıdır. Onun heç bir elmi dəyəri yoxdur. Di yaxşı, bu işlə də keçə bilərsən. Ancaq onda ya adamın, ya da yaxşı pulun olmalıdır. Az mı boş işlər keçir ordan-burdan? Yoxsa səndə iş zibil, adamın yox, pulun da az. Hələ bir dilini də uzadırsan sənə elmi rəylər verəndə. Get o dediklərim şərtlərdən heç olmasa birini yerinə yetir ki, işin getsin.

Yoxsa nə oldu? O boyda elmi şuralar oldu haqsız, tək bir sən haqlısan? Belə şey olmur. Bir nəfər, üç nəfər pis ola bilər. Ancaq hamı pisdirsə, deməli problem sənin özündədir. Get özünü düzəlt.

Bax beləcə tərifləyə-tərifləyə mən o ağılsızların yıxılmasına yardım edirəm. Çünki yıxılmaq istəyəni saxlamaq gərək deyil, onun yıxılmasına yardım etmək gərəkdir. Qoy yəxələb başını yarsın ya da ölsün. O buna layiqdir.