Yaşasın ikiüzlülük!

8 iyun, 2013

Mənim çox inanclı bir arxadaşım var. Ancaq onun inancı günü-gündən yoxa çıxır. Öncə çox dinə bağlı idi. Kim onun dini baxışlarına zidd bir şey deysəydi, ona qarşı kəskin olardı. Ancaq zaman keçdi. Bu arxadaş çox oxudu, biliklərini artırdı, çoxlu ölkələri gəzdi, fikirlərə qapandı. Bunun da sonu olaraq, başladı dinin bütün müddəalarına şübhə ilə baxmağa. Bax buna görə çox oxuyub bilmək, biliklər almaq, dünyagörüşü artırmaq heç də yaxşı iş deyil. Birdə görürsən ki, şeytan girir qəlbinə!

Dinin müddəalarına şübhələri oyanandan sonra, bu arxadaşın günü olub qara. Çünki bundan öncə dində çox fəal idi, çox yerlərdə inanclı və mömin kimi tanınmışdır. O zaman o doğrudan da belə idi. Özü də bu durum illər boyu sürürdü.

İndi isə o yazıq bilmir nə etsin. Dindəki şübhələri ilə qohumları və yaxınları arasında bölüşə bilmir. Çünki onlar onu anlamazlar. Deyərlər: "Nə oldu? Sən bizi dinə gətirən, səhərdən axşamacan dinin üstünlüklərindən baş-qulağımızı aparan deyildinmi? İndi biz dindəyik, sən qaçırsan?"

Namazı da qılanda onlar görsün deyə qılır. Orucu da bunun üçün tutur. Arxadaşları bəzən ona telefon açıb fiqhi məsələləri soruşurlar. O da onlara bildiklərini deyir, onları fiqhin vacibliyi haqqında inandırır. Sonra telefonu bağlayıb deyir: “Nə bilim bu belədir, ya yox? Özüm də qalmışam belə”.

Dinə bağlılığını üzdə sərgiləməyini isə, o belə anladır: "Şübhələr içində olsamda, dindar kimi görsənirəm. Doğru da edirəm. Çünki nə edim? Məni anlamayacaqlar axı. Həm də başqa adamlara dinin üstünlüklərindən danışmaq yaxşı işdir. Çünki onlar dində olsalar nəşə çəkib araq içməzlər, əyri yollara getməzlər. Deməli mən xeyir iş görürəm. Həmdə din hamı üçün bir olmaz. Kütlələr üçün elə ənənəvi dini yaymaq gərəkdir. Ancaq məqamda olan yetişən adamlar öz aralarında başqa cür olmalıdırlar. Çünki onlar artıq məqama çatıblar. Belə adamlar üçün gerçəklik başqadır. Ancaq bunu hər adamın yanında göstərmək olmaz. Yalnız məqamda olan məqamda olanı anlayar".

Sonra deyir: "Məncə mollalar belə illər boyu din carçısı olsalar da, şübhələr içində olmamış olmazlar. Ancaq nə etsinlər? Geri verə bilmirlər axı. Həm də paraları, pulları, adı-sanı bu dinlə bağlıdır. Buna görə də onlar, yəqin ki, mənim kimi yaşayırlar".

Dində şübhələri haqqında o heç arvad xanımına da deyə bilmir, çünki onu dinə gətirmişdi. İndi nə üzlə ona desin ki, artıq şübhə içindədir?

Uzun sözün qısası, bu kişi sıxıntı içində yaşayır. Üzdə bir adamdır, içdə isə başqa. Özü də ilişib, bilmir bu durumdan necə çıxsın.

Elə buna görə də o mənimlə tanışlığını çox dəyərləndirir. Çünki bilir ki, mən problemlərə fəlsəfi və sadə baxıram. Buna görə də mənimlə o açıq ola bilir, ikiüzlü olmur və sıxıntı keçirmir. Deyir yalnız mən onu anlayıram. Mənimlə etdiyi söhbətləri o öz yaxınları və arxadaşları ilə edə bilmir.

Hər dəfə mənə telefon açanda deyir: “Ay Aydın müəllim, yoruldum-e mən bu möminlərlə mömin söhbətləri etməkdən. Gəl səninlə görüşək, kafir söhbətləri edək”.

Bu yaxınlarda yenə mənə telefon açıb çayxanaya çağırdı. Dedi: “Çoxdandır çay içməmişik, qəlyan çəkməmişik, kafir söhbətləri etməmişik. Ona görə gəl görüşək”.

Mən də tipik doğu (şərq) yaltağlığı gələnəyinə (ənənəsinə) uygün olaraq ona: “Sənin kimi gözəl insanla görüşmək mənim üçün böyük şərəfdir”, dedim.

Uzun sözün qısası, biz onunla bir çayxanada görüşüb başladıq söhbətlərimizə. Öncə doğu gələnəyinə uyğun olaraq uzaqlardan başladıq. “Xanımın, uşaqların necədir?”, “İşdə nə var nə yox?” kimi bir-birimizə ümümi sorular verdik. Sonra dedik: “Allaha şükürlar olsun ki, sağlıq-salamatlıqdır”.

Sonra keçdik başqa söhbətlərə. Ləbləbi, kişmiş, qoz-fındıqla çay içib almalı qəlyan çəkə-çəkə çox danışdıq dindən, kosmosdan, dünyadan, əxlaqdan, şübhələrdən, lüt qızlardan, seksdən, arvadbazlıqdan və başqa qlobal problemlərdən.

Sonra arxadaşım dedi mənə ki, bu yaxında dində bərk olan inanclı dostları ilə görüşəcək və məni də o görüşə çaxırmaq istəyir. Ancaq qorxur ki, mən onların yanında özümü saxlaya bilmərəm və onlarla məsləhət görülməyən fəlsəfi söhbətlər edərəm; din barəsində, onların inancları haqqında onlarla çəkişərəm.

Ancaq mən onu sakitləşdirdim. Dedim məni o inanclı dostlarınla mütləq görüşdür. Özüdə heç nədən qorxma! Onların yanında mən elə onlar kimi inanclı olacağam. Yalnız mömin söhbətləri edəcəyəm, onlardan da mömin görsənəcəyəm. O görüşdə mən ikiüzlülüyün (münafikliyin) klassik örnəyi olacağam.

İkiüzlü olmaqda bir pislik var? Bu dünyada hamı ikiüzlülük edir. Məgər sənin o inanclı və mömin dostların işlədiyi yerdə üzdə öz müdirlərindən razılığını bildirib, içdə ona nifrət etmirlər? Ya da onlar sözdə varın, malın, dövlətin, bu dünyanın gərəksiz olduğunu iddia edirlər. Deyirlər cənnətə sadə həyat, təvazökarlıq gətirib çıxardır. Bu barədə ayə və hədisləri də bol-bol gətirirlər. Ancaq gerçəkdə onların hamısı elə o malın, varın, pulun arxasınca qaçırlar. Sözdə bir şey, gördükləri işlərdə başqa şey sərgiləyirlər. Bunlar məgər elə o ikiüzlülük (münafiqlik) deyil?

Elə buna görə mən də onlarla görüşəndə ikiüzlü olacağam. Nə üçün də olmayım? Axı bu ikiüzlülük insanın doğasındadır (təbiətindədir). Özəlliklə də doğu (şərq) adamının.

Bu sözlərimi eşidən arxadaşım bir qədər düşüncəyə qapandı. Anladı ki, bəlkə də ən çox bu ikiüzlülük içində yaşamını sürən elə o özüdür. Axı o içdə din haqqında şübhələr içindədir, ancaq dostlarının yanında özünü inanclı mömin kimi göstərir. Bir az düşünəndən sonra arxadaşım dedi: “Yox, ay Aydın müəllim, siz heç də ikiüzlü (münafiq) deyilsiniz. Əslində sizin dedikləriniz və özünüzü dostlarımın yanında inanclı göstərməyiniz ikiüzlülük yox, “uyğunlaşma” olacaq. Axı onlar çox inanandırlar. Həmdə gəncdirlər, dünyanın özəlliklərini hələ duymayıblar. Elə bilirlər bu dünyada hər şey elə "ağ-qaradır". Onların müqəddəs duyğuları var. Ona görə də onların bu duyğularına sayğı göstərmək gərəkdir. Belə etməsəniz onda onlar sizdən inciyərlər. Yaxşı deyil. Belədirsə, onda nə etməlisiniz? Əlbəttə “uyğunlaşmalısınız”!”.

Mən arxadaşımın bu sözləri ilə razılaşdım. Çünki doğrudan da bu dünyada necəsə yaşamalıyıq. Axı bəzi adamların yanında bir fikri deyə bilməzsən, başqaları yanında başqa fikri. Hər adamın üzünə onun haqqında nə düşünürsən də deyə bilməzsən. Elə olur ki, nifrət etdiyin adamı üzdə tərifləmək zorunda qalırsan. Nə etməli bu dünya belədir!

İndi gerçəklik belədirsə, onda doğrudan da gərək içdə bir şey düşünəsən, üzdə isə başqa çür olasan. Yoxsa bu dünyada yaşaya bilməzsən. İndi bunu bəlkə də ikiüzlülük yox, elə arxadaşımın dediyi kimi, “uyğunlaşma” da adlandırmaq olar? Hər halda bu daha da mədəni görsənir!

Burada dəyişkən şəraitdə yaşamlarını sürdürmək üçün canlıların o mühitə uyğunlaşması haqqında Darvin-Lamark nəzəriyyəsini necə də yad etməyəsən? Uyğunlaşdıqca da canlılar irəliləyirlər, gəlişirlər, inkişaf edirlər. Bu da o deməkdir ki, ikiüzlülük (pordon, “uyğunlaşma”) irəliləyişin, tərəqqinin təməlində duran amildir.

Deməli şübhə içində olan arxadaşımın dostları ilə görüşəndə mən ikiüzlü (uyğunlaşan) olarkən gələcəyə, irəliyə, tərəqqiyə böyük addım atacağam.

Yaşasın ikiüzlülük (uyğunlaşma)!


P.S. Beləliklə, hər bir dini ya da dünyavi ideolojilərin içinə sona qədər varmaq təhlükəlidir. Buna görə də, hər ehtimala qarşı, o ideologiyalara bacaqdığın gədər dərinlərə varmamaq, üzdən getmək gərəkir. Çünki insanda get-gedə hər bir şey ucuzlaşıb aşılanır, yenilik gərəkli olur. Belə olanda da o ideolojilərdən aralanmaq da yüngül olur. Buna görə sabahı düşünən kəs, nə qədər cazibəli görsənsələr belə, istənilən ideolojiyə o gədər bağlanmamalıdır ki, sonra ikili düşüncə və həyat tərzi sürməsin.