Nə üçün zəyif elmi işlərə qarşı çıxmıram?

23 июня 2013

Çalışdığım institutda mənə deyirlər, bu nədir? Nə üçün zəyif, yararsız, elmi kateqoriyalardan uzaq olan işlər keçir sizin çalışdığınız alanda? Axı siz görmürsünüz ki, bu işlərin heç bir dəyəri yoxdur? Bunu yazanlar da yalnız özlərinə elmi dərəcə alıb, bunu şərəf üçün edirlər, ya da karyera güdürlər.

Mən də hər zaman deyirəm ki, siz doğru deyirsiniz. Mən görürəm ki, elmi dərəcə almağa iddialı olanların demək olar 70%-i elmi anlayışlardan belə uzaq olanlardır. Elmi iş nə olan şeydir bilmirlər. Ancaq özlərini elə göstərirlər, güya bunlardan biliklisi yoxdur. Hərəsi bir boş şey yazır, gətirir müzakirəyə. Bu işlər də ələşdiriləndə (tənqid edəndə) deyirlər sən kimsən ki, mənim kimi zəngin və bilikli adamı ələşdirirsən? Sənin öz fəlsəfən var, nəmimsə öz fəlsəfəm. Deməli fəlsəfə elə bir şeydir ki, ağa qara desən o da olur böyük elm. Kim də desə ki bu ağdır, deyirlər o sənin fəlsəfəndə ağdır. Mənim fəlsəfəmdə isə qaradır. Sən də qalırsan belə. Nə deyəsən bu kimi "güclü dəlilə" qarşı?

Həmdə mən o adamlara nə anladım? Nə qədər desəm, anlatsam belə anlamayacaq. Çünki anlamaq, sonra isə oturub işləmək üçün səviyyə gərək olsun, insanın qavrama bacarığı, mədəniyyəti, qabiliyyəti olmalıdır. Bunlar yoxdursa nədən danışmaq olar? Axı anlamayan anlamadığını, bilmədiyini başa düşmür. Elə bilir o hamıdan yüksəkdir. Axmaq bilsəydi ki axmaqdır, axmaq yox, bilgə (müdrik) olardı.

Ancaq sən dirənib ağın ağ olduğunu və o işin heç bir dəyəri olmadığını sübuta yetirmək istəsən, sonda isə o işə qarşı səs versən olacaqsan o adamın ömürlük düşməni. Ölənə qədər hər yerdə deyəcək ki, sən onun qarşısını almaq istəmisən. Sənə hər zaman nifrət edəcək. Bunlara nə qədər desən ki, ay insan, mənim səninlə nə işim var? Mən səni yox, ortalığa qoyduğun işi müzakirə edirəm, institutumuzun adını batırmaq istəmirəm, Azərbaycan elminin belini qırmaq istəmirəm, ölkəmizin gələcəyini düşünürəm. O axı bu anlayışlardan uzaqdır. Onu ancaq onun öz "MƏN"i ilgiləndirir.

Bir neçə dəfə doğru söz dedim iki-üç səviyyəsiz dissertasiya haqqlnda. Bu günə kimi onları yazanlar mənə nifrətlə baxırlar, bir an gözləyirlər ki, verdiyim olumsuz (mənfi) dəyərləndirməmin əvəzini çıxsınlar, hansısa işimi korlasınlar. Bunlar elmi deyil, öz "MƏN"lərini təmin edirlər.

Sonda da 1001 əyri yollarla, həyasızlıqla öz cəfəngiyyatlarını bütün aşamalardan (mərhələlərdən) keçirirlər, sənə də istehza ilə baxırlar. Deyirlər: "Gördün? Mən bu işi keçirtdim, sənsə qal yana-yana".

Əslində gerçəklik budur. Belədirsə, mən necə o zəyif işlər haqqında doğru sözümü deyim? Onlar bir deyil, iki deyil, çoxdurlar. Mənsə tək. Hamı ilə ilişkilərimi pozsam, məni sürgün edərlər bu dünyadan axı.

Buna görə də mənim prinsipim belədir ki, susum, ya da üstüörtülü danışım. O adamlar müdafiə də edəcəklər, professor da olacaqlar. Bu dünyada hər şeyi alacaqlar. Ancaq sözün doğru anlamında alim, araşdırmaçı və FİLOSOF olmayacaqlar. Onlarla heç kəsə gərək olmayan zibilliyə tullanılan kitabları yayımlansa belə. Zaman kimin kim olduğunu göstərəcək. Kim doğrudan da FİLOSOF olubsa o yaşayacaq - paraları, yüksək adamları olmasa belə. Kim ki səviyyəsiz olub, o yaddaşlardan silinəcək.

Çoxlu iddiaçıların arasında az sayda, üç-dörd bilikli, orjinal düşüncəli, yüksək mədəniyyətli dissertantlar və doktorantlar olur. Bax onlara mən hər zaman fikir verirəm, obiri kütlədən ayırıram. Çünki millətimin də, elmimizin də gələcəyi onlarla bağlıdır, o qanmaz kütlələrlə yox. Az saylı dəyərli adamlar bütün milləti öz çiynində aparır. Bax onlarla ciddi danışıram, onlar da məni anlayır. Sonda güclü iş ortalığa qoyub gəlişmə yolu ilə gedirlər. Ağıllını dəstəkləyirəm. Çünki nadan, biliksiz, həyasız onsuzda özünə yol açacaq, ən yüksəklərə qalxacaq. İstedadlılara isə yardım etmək gərəkdir. Onlar zorla, həyasızlıq yolu ilə gedə bilmirlər.

Bax bu qədər. Bundan artıq mən heç nə edə bilmərəm.