Sənin öz islamın, mənimsə öz islamım var!

23 iyun 2013

Bir faşist (nasional-sosialist) müsəlmanla yazışdım. O Hitlerin, reyxin ardıcılıdır. Ancaq deyir ki, dini İslamdır, özü də güya sünnidir. O şiələrə nifrət edir, deyir onlar qırılmalıdır. Özü də hər yerdə "gizli" şiələri görür. Kim onunla razı olmadısa, onun gözündə "gizli" şiə olur. Oxudu mənim yazılarımı, sonra mənimlə insanlıqla sığışmayan söhbətlər etdi. Mən də onunla razı olmadım. Sonra əsəbləşərək başqa yazılarımı oxudu və dedi ki, mən İslama nifrət edirəm.

Mən də ona dedim ki, "İslama nifrət edirəm" deyəndə ilk öncə nifrət obyektinin olub olmaması bəliləşdirilməlidir. Çünki nifrəti olan şeyə bəsləyərlər. Olmayan şeyə nifrət etməzlər.

Bax bu barədə düşünəndə mən İslamın olmaması sonluğuna gəlmişəm. Deməli doğruluqda İslam yoxdur. Bəs nə var? Şünnülik, şiəlik, ələvilik, sələfilik və s.

Daha sonra coğrafi islam adlanan anlayışlar var, bunlar yerli özəlliklərlə bağlıdır. Bunlar Qafqaz, Misir, Məğrib, İran, Türkiyə, Səudiyyə islamlarıdır.

Çeşidli ideyalarla birgə ortalığa çıxan islamlar da vardır. Örnək üçün demokratik islam, avroislam, liberal islam. Sonra dedim ona: “Bax siz faşizm ideyalarının daşıyıcısısınız, bununla belə deyirsiniz müsəlmansınız. Deməli sizin inancınız faşist islamıdır. Mənsə faşist deyiləm. Deməli bizim sizinlə islamlarımız fərqlidir”.

Sonra bir başqa misirli müsəlman söhbətimizi oxuyub, bunu yazdı mənə: "İslam var və olacaq. Sizin dedikləriniz doğru deyil".

Mən də ona yanılmadığımı dedim. Hətta daha da dərinə getsəm deyə bilərəm ki, islamlar bu dünyada bir milliarda gədər var. Nə qədər özünü müsəlman adlandıran varsa, o qədər də islam var. Çünki din hər bir insanın iç durumu baxımından üzə çıxır. Onu hər adam öz səviyyəsi, mədəniyyəti, dünyagörüşü baxımından qavrayır və üzə çıxardır. Deməli bu baxımdan hər adamın öz dini və islamı vardır. Örnək üçün, dediyim kimi, faşistin öz islamı var və mənim islamım ondan fərqlidir. Ya da sən, ey misirli, bilikli və mədəni adamsan. Sənin islamınla Misir bazarında duran və adanları aldadan fırıldaqçının islamları fərqlidir. Çünki sizin aranızda yerlə göy arasında fərq var. Səviyyəniz, qavramanız, iç dünyanız fərqlidir. Deməli içinizdən çıxan din də fərqlidir.

Misirli də qismən dediklərimlə razılaşaraq: "Axı obyektiv İslam anlayışı da var" dedi.

Mən də ona dedim ki, siz İslam adında idarələri, pul-paraları, tanrıbiliciləri (ilahiyyatçıları), mollaları, mədrəsələri, tələbələri, məscidləri, elmihalları, dəvətçiləri içəriləyən böyük bir qurumu (mexanizmi), adlandırırsınızsa, onda doğru deyirsiniz. Doğru, bunun adını İslam qoymaq olar. Ancaq bir olan din kimi yox, bir sosial qurum kimi. Ancaq sonda bilinir ki, bu qurum da bir deyil. Orada şiə, sünni, sələfi sufi və başqa qurumlar var.

Bu dediklərimi eşidən o faşist yenə də coşdu. Yazdı: "Mən oxudum səni, sən gizli rafizisən (şiəsən). Onlarsa yəhudilərdən və homoseksuallardan da murdardırlar".

Bunu görəndə dedim ona: "Əski romalıların dediyi kimi "Yupiter, sən əsəbləşirsən? Deməli doğru demirsən". O ki qaldı qalan şeylərə, mən təbiətcə iki çeşid adam ola bilmərəm. Biri faşist, biri də homoseksual. Belədirsə, mənə dediyini de. Qoy olum gizli rafizi. Nə fərqi var? Sənin anladığın islam onsuzda mənim islamım deyil. Biz fərqli islamlardayıq!".