“Ev qadını ol” deyən kişidən uzaqlaşmaq haqqında

27 iyun 2013

Bir xanımla söhbətim oldu. O yaxşı həkimdir, işini gözəl bilir, bəlli qədər təcrübə yığıb, özünə görə dolanışığı da yaxşıdır, parasını həkimliyindən qazana bilir. Yaşı da çox deyil, ancaq hələ də ərə getməyib.

O dedi mənə ki, bir sizi filosof kimi tanıyırıq. Ona görə də sizinlə bir problemim haqqında bölüşmək istəyirəm. Fikirlərinizi eşitmək ilginc olar.

Sonra dedi: "Bir gənc məni almaq istəyir. Onunla uzun zaman bir arxadaş kimi tanışam. Xoşuma da gəlir. Ancaq, bir-iki kərə yanıma klinikaya gəlib görüb ki, mən kişi pasientləri müalicə edirəm. Bu da onun qısqanclığının nədəni olub. Bundan sonra o mənə dedi ki, səninlə evlənəndən sonra çıx işdən, otur evdə. Mənim yaxşı işim çoxlu pulum var. Sənin qazandığın pullar mənə gərək deyil. Mən səni indikindən iki dəfə artıq dolandıracağam. Ancan bu məni açmır, bunu istəmirəm. Axı bu qədər biliklərim boşa çıxsın? Həmdə iş mənim üçün maraqlıdır. Otursam evdə solaram, həyata marağım itər. Başqa tərəfdən onunla olmaq istəyirəm. Həmdə vaxtım keçir, ailəmsə yoxdur. Bilmirəm nə edim".

Mən onu eşidib dedim ki, bir qızı tanıyıram. O yüksək təhsil almışdır yabancı ölkələrdə, öz işini yaxşı bilən dəyərli bir uzmandır. Yaxşı da işi də var, sayğısı da, pulu da. O da evli deyildi. Bir gün ona da elə bu kimi bir təklif gəldi, bir tanıdığı gənc tərəfindən. Dedi gəl mənə, səni başdan ayağacaq qızıla bürüyüm, heç bir ehtiyacın olmayacaq. Ancaq bir şərtim var: işini burax, gəl otur evdə, uşaqlar doğ, onları böyüt.

O qız da onu eşidib dedi: “Get, mən sənə tay deyiləm. Gərək deyil mənə sənin qızıl qəfəsin. Sən kimsən ki, mən sənə görə, sənin egoizmini təmin etmək üçün bu qədər zəhmətimi, savadımı, biliklərimi vurum yerə. Onların çəkisi sənin kimilərin yüzünə dəyər. Mən bir şəxsiyyətəm, heç bir kişinin namusu deyiləm”. Bunu deyib, o gənclə bütün ilişkilərini pozdu. Sonra isə onu anlayan bir başqa kişi ilə ailə qurdu.

İndi sənin də, ay xanım, işin onunki kimidir. Sənə qızıl qəfəs və kiminsə namusu olmaq təklifi gəlib. İndi sənin iki yolun var: Ya bunu qəbul edəsən, ya da rədd edib səni anlayana gedəsən.

Qəbul etsən sənin bütün biliklərin, təcrübən, çalışmaların – hər şeyin əldən gedir. Sən bir ev qadınına çevriləcəksən, uşaqlar doğub, onlara baxacaqsan. Ərinsə sənə baxacaq. Sən öz mənliyini itirib olacaqsan ərindən asılı durumda və yalnız onun namusu kimi yaşamını sürəcəksən. Bu ənənəçilərin istədiyi yoldur.

Bir tərəfdən bəlkə də bu yaxşı görsənir. Ancaq həyat çoxtərəflidir. Gələcəkdə bu yol nəyə gətirə biləcək, bilmirsən. Gələcəkdə hər şey ola bilər. Sənin bağlandığın ərin sabah səndən boşana, xəstələnə ya da ölə bilər. Ya da o varını itirə bilər. Onda nə edəcəksən? Ənənəçilər bu yolu təbliğ etsələr də belə olanda heç kəsin yardımına gəlmirlər. Heç kimsə də sənə yardım etməz. Qalacaqsan öz problemlərinlə təkbətək. Bilmirsən ki, adamın işi dara düşəndə onun yanında heç kəs olmur?

Lap elə hər şey yaxşı olsa, ərin sağ-salamat, varlı-paralı olsa belə, məgər sənin kimi geniş dünyagörüşlü, savadlı qadının ruhu ödənəcək? Axı sən olursan öz ərindən asılı durumda, onun əlinə baxırsan. Deməli hər şeydə də onun sənin üzərində üstünlüyü olur. Sən istəsən də, istəməsən də, onun yanında ikinci dərəcəli adama çevirilirsən. O istədiyi kimi davrana bilər, sənsə yox. Mən çoxlu ailələr tanıyıram ki, kişilər arvadlara xəyanət etməkdən çəkinmirlər. Ancaq onlar səslərini çıxarda bilmirlər. Ona görə ki qorxurlar. Axı hər şeydə onlardan asılıdırlar. Özgür deyillər. Hələ döyülüb-söyülmə ehtimallarınından danışmıram. Kimdənsə asılı olan adamsa heç vaxt özgür ola bilməz.

Bundan başqa, həyat keçir, zaman irəliləyir. Heç nə bir yerdə durmur. Bu gün sevdiyin adamı sabah sevməyə də bilərsən. Min bir ailə problemləri, sıxıntıları olur. O zaman hər şeydə asılı olan qadın nə edə bilər? Heçnə. Axı imkanları yoxdur. Bu zaman da psixoloji və mənəvi problemlər yaşanır. Onlar da qadını içindən yeyib çürüdür.

Buna görə sənin kimi oxumuş, aydın bir qadın üçün bu kimi təkliflər yalnız sənin hərtərəfli enişinə gətirəcək. Bir üzman kimi, bir şəxs kimi enəcəksən, olacaqsan kişinin əlaltısı. O bunu birbaşa deyib göstərməsə belə, bu belədir, onun istədiyi budur. Əslində o, özünə bərabər olan şəxsi yanında görmək istəmir.

Ona görə özgürlüyünü heç zaman itirmə, həmişə irəlidə, iş başında ol. Zəngin insan ol. Kiminsə yarı, namusu olma. Çünki o zaman bir şəxs kimi varlığını itirərsən. Onu da bil ki, bu təklifi edən kişi əslində sənin xeyrini güdmür, sənin üzərundə üstünlük qazanmaq, səni endirmək, öz mənliyini və eqoizmini təmin etmək istəyir. Həmdə xanımını qulluqçu kimi görmək istəyir.

Bu baxımdan mənim babam örnəkdir. O Sovet dönəmlərində yüksək ölkə görəvlərini tutmuşdur. Parası da var idi, imkanları da. Buna baxmayaraq, o nənəmi özü universitetə oxumağa göndərdi, sonra isə onu işə düzəltdi. O da yaşanmının son günlərinə qədər işlədi, özü özünü dolandırdı. Bax bu kimi çağdaş düşüncəli, komplekslərsiz kişi tapmalısan sən. Səni sıxan kişilərdən uzaq ol.

Özü də ailə üçün varlığını vermək də gərək deyil. Məqsəd ailə həyatının nəyin bahasına olursa olsun sürdürülməsində deyil. Amac ruhu təmin etmək, özgür olmaqdır. Ailə bunlardan səni məhrum edəcəksə, nəyə gərək o? Məgər o kişidən yaxşısınımı tapmazsan? O gədər kişilər var. Ondan da yaxşısın tapa bilərsən. Gərəklilik olsa boşan, sonra sənə uyğun olan kişilərlə lap 5 kərə ərə get. Burada nə ayıb var ki? Bu sənin şəxsi işindir. Uşaqları da işləyə-işləyə doğmaq olar. Bunun üçün işdən getmək lazım deyil. Ancaq bunu işsiz, ev qadını etməz. Bunu özgür, maddi təminatı və imkanı olan qadın edər. Bax buna doğru getmək gərəkdir, evdə oturub uşaqlara baxıb, kiminsə namusu olmaq yox.