Misir olayları bizə nəyi öyrətdi?

6 iyul 2013

Bu Misir olayları böyük bir örnəkdir hamı üçün. Nədə? İdeyaların arxasınca getməyin olumsuzluğunda. Hər bir ideya yalnız o zaman dura bilər ki, çağdaş zamana uyğun olsun, insanların maraqlarınıi ödəsin, onlara yetərli yaşam versin. Yoxsa bunlar olmasa ən gözəl sözlər belə boş olur.

Mən bizim bir çox yurddaşlarımıza təcüb edirəm. Axı biz Sovet quruluşunu görmüşdük. O da ideyaların üstündə qurulmuşdu. Biz nəyi gördük o zaman? Nə qədər ki insanların maraqları ödənirdi, o quruluş yaşayırdı. İnanların yaşayışı olumsuz olan kimi dağıldı. Hətta dəhşətli güc orqanları, repressiyalar, işkəncələr, kütləvi qırğınlar belə bu prosesi durdura bilmədi. Doğrudan da, kimə gərəkdir o ideya ki, insanların yaşamını yaxşılığa doğru dəyişmir? Axı ideya insana qulluq etməlidir, abstrakt düşüncələrə və xəyallara yox. Bu amil yoxdursa hər bir ideya, ən müqəddəs olsa belə, tarixdən silinməyə məhkumdur.

İndi bizim bəzi yurddaşlarımız, bütün bunları görüb ya da böyüklərdən eşidəndən sonra, yenədə idealizmin arxasınca düşüblər. Sadəcə kommunist idealizmi dini idealizmlə dəyişdirilib. Belə düşünürlər ki, güya bir ideya başqasından yaxşıdır. Ancaq əslində ideyaların yaxşısı-pisi yoxdur. Onlar insana xidmət etməsələr, ortalıqdan çıxırlar, iflasa doğru gedirlər. Hər bir şeyin ortasında insan durur, hər şey də onun maraqlarını, həyatını ödəməlidir. Gözəl sözlər, kitablar, tarixlər - bunların hamısı boşdur, hər şeydən öncə insan faktoru durmasa.

Misir olayları da idealizmiz iflasının örnəyidir. İdeyalarda, yazılarda, kitablarda, çıxışlarda, vədlərdə hər şey gözəl idi. Di gəl ki, bütün bunları ölkənin qaldırılması üçün yetərsiz oldu. Gözəl danışmağa, ya da yazmağa nə var ki? Bunu çox adam edir. Ancaq işlər görmək başqadır.

Bundan başqa, ideyalara bağlılıq ancaq onlara xidməti önə çəkir. O bir ehkamdır. Ancaq zamanın axarı onu göstərir ki, ehkam deyil, məqsədəuyğunluq önə çəkilməlidir. Zaman gedir irəli. İdeya və ehkamsa dəyişmir, olduğu kimi qalır. Dəyişikliklər yeni üsulları tələb edir. Özüdə bizim yaşadığımız dünyada yeniləşmə demək olan hər il, hər ay, hər gün baş verir. Gözümüz önündə hər şey dəyişir. Ancaq ideya durğunluqdadır, dəyişmir. Bu da sonda hər şeyi ideya ilə ölçmək vərdişinə gətirib çıxardır. Bununla da zaman və məkanla uyğunsuzluq yaranır.

Demək idealim yox, məqsədəuyğunluq önəmlidir. Bu yolla gedən toplumlar hər zaman irəlidə olub, var və olacaq. İnsan maraqları hər şeyin önündə durur. Bu maraqlar ödənməsə, ölkə dura bilməz, gec-nez yıxılacaq, doğrasan-kəssən belə.

Elə bax bunu Misir yönətimi edə bilmədi. İllərlə gözəl sözlər demiş, savaşlar aparmış, təqib olunmuş, sosial yardımlar etmiş "Müsəlman qardaşlığı" ölkəyə başçılıq edə bilmədi. Niyə? Çünki idealizmdən real işlərə geçə bilmədi. Real həyat başqa, onların düşündükləri isə başqa idi. Misir xalqı onlardan yaxşı kitablar, sözlər, xütbələr deyil, yaşamlarının düzəlməsi, maraqlarının ödənilməsini gözləyirdilər. Onlarsa bunu verə bilmədilər. İdealizmdən çəkilib məqsədəuyğun davranışa keçmədilər. Sonda da xalqın yarısı onlara qarşı qalxdı.

Özüdə Misir kimi ölkə çox çətin durumdadır. İnsan sayı çox, təbii ettiyatlar az. Üstəlik turizm kimi bir gəlirli alan var idi, onu da endirdilər. Bəs insanlar necə yaşasınlar? Xütbələrlə kütlələri dolandırmaq olmur. Hələ tək bir qarın da deyil axı. İnsanın yüzlərlə mənəvi, ictimai tələbləri var. Onlar da ödənməlidir. Bu da yoxdur.

Çox yaxşı olardı ki, ideyalara qapanmış adamlar bunlar haqqında düşünəydilər. Yoxsa təkcə ideyaların gerçıkləşdirilməsi ilə yaşayanlar toplumda yalnız qarşıdurmalar yarada bilər. Başqa heç nə. Elə bunu da görürük. İdeyadan bir zaman istifadə edib, sonra məqsədəuyğunluğa keçilməlidir, insan problemi önə çəkilməlidir. Bizim Azərbaycan üçün də bütün bunlar çox aktualdır. Bu barədə hamı düşünməlidir.