Azərbaycanlı olmayıb nə qələt edə bilmisən?

21 iyul 2013

Bir yerdə olmuşdum. Orada bir xanıma rast gəldim. Ona Azərbaycan türkcəsində müraciət etdim. Ancaq o birdən mənə qayıtdı ki, o azərbaycanca pis bilir. Bununla yetərlənsəydi nə deyəcəydim ki? Olur də, kimsə bu ölkədə yaşaya-yaşaya onun dövlət dilini bilmir, nə etməli? Keçəcəydim ruscaya.

Ancaq bu azmış kimi, üstündən qayıtdı ki, azərbaycanca bilmək onun heç borcu da deyil, çünki o bir azsaylı etnik qrupdandır, heç də azərbaycanlı deyil.

Bunu deyəndən sonra mən dedim ona ki, bəs necə olur ki, başqa etnik qrupdan olduğun üçün azərbaycanca bilmək borclu deyilsən, ancaq rusca danışırsan? Onda elə öz doğma dilində danışıb, onunla da yetərlənməli idin.

Ancaq hələ bu məsələnin bir tərəfidir. Dedim ona: "Başlıcası odur ki, sən özünü azərbaycanlı saymırsan. Bəs haranın vətəndaşısan?". Dedi Azərbaycanın. Dedim indi necə olur ki, sən Azərbaycan vətəndaşı olaraq, azərbaycanlı deyilsən? Örnək üçün Rusiya vətəndaşı olanlar "rusiyalı", Amerika vətəndaşı olan "amerikalı", İngiltərə vətəndaşı olan "ingiltərəli" olur. Bəs Azərbaycan vətəndaşı necə adlanmalıdır? Ona görə sən vətəndaşlığa görə azərbaycanlısan. Sənin etnik mənsubiyyətin nədir, o sənin öz işindir. Mən də milliyətcə türkəm. Ancaq Azərbaycan vətəndaşı olduğum üçün azərbaycanlıyam. Hamı da elədir. Etnik mənsubiyyəyimiz fərqli ola bilər. Ancaq hamımız vətəndaş kimi azərbaycanlıyıq.

Ancaq xeyri olmadı. Məni eşidəndən sonra o xanım hətta qəzəblənərək mənə yenə də: "Mən Azərbaycanlı deyiləm!", bağırdı. Elə bil azərbaycanlı olmaq bunun dədəsini söymək kimi bir şeydir.

Gördüm ona nəsə anlatmaq çətin məsələdir. Ona görə ayrıldım ondan.Özümə dedim: "Di yaxşı, olma azərbaycanlı, kim istəyirsən ol. Güya azərbaycanlı olmayıb, dediyin kiçik millətdən olub nə qələt edə bilmisən indiyə kimi?".