Kimsə islama gəlib? Mənə nə, millətimə nə?

25 iyul 2013

Bir şey baş verəndə, axtarırsan ondan gələn gəliri, üstünlüyü. Bu varsa, onda o olay da bizə gərəkdir, biz onu dəstəkləyərik, arxasında durarıq. Yoxdursa, onda o olaydan bizə nə? O qədər dünyada olaylar baş verir. Hansısa ölkədə böhran olur, kimsə varlanır, hansısa göy daşı yerə düşür və s. Onlardan bizə nə? Nə gəlir bizim yaşamımıza, cibimizə, ilgilərimizə?

Bax indi çox dəbdədir kiminsə İslama gəlməsi xəbərləri. Elə eşidirsən Rusiyada, İngiltərədə, Amerikada və s. kimsə İslama gəldi. Hamı da bunu alqışlayıb, deyirlər Tanrı Uludur! Gör nə baş verdi!

Ancaq bu sorunu vermək yerinə düşür ki, nə olar bir John oğlu Peter ya da İvan Petroviç müsəlman olsa. Əslində onların hansı dində olub-olmaması onların öz işləridir? Mənə nə? Millətimə nə? Ölkəmə nə?

Ya da mənim sonyaşamıma (axirətimə) nə? Onların İslama gəlməsi məgər mənim günahlarımı azaldacaq, mənə Allah qarşısında yüngüllük verəcək? O özü üçün sorumlu olacaq, mənsə özüm üçün. Ondan mənə nə?

Müsəlmanların sayının çoxalması baxımından da kiminsə İslama gəlməsi heç nəyi dəyişmir. Birincisi müsəlmanların sayı artıq onsuzda çoxdur. İkincisi isə iş sayda yox, keyfiyyətdədir. Məhəmməd peyğəmbər az sayla etdiyini bu gün milliarddan çox müsəlman edə bilmir. Müsəlmanların sayı çoxdur, ancaq keyfiyyətləri yoxdur.

Bir çox İslama gəlmiş rusları, avropalıları, amerikanları görmüşəm. Ermənilər haqqında onların fikirlərini soranda bilinib ki, onlar Azərbaycana qarşı ən yaxşı halda biganədirlər. Erməni siyasətini dəstəkləyən, bizi suçlu bilən yeni Avropa-Rusiya müsəlmanları da görmüşəm.

İndi nə oldu? Bizə o avropalıların, rusların, amerikanların İslama gəlməsi heç olmasa din birliyindən çıxış edərək, öz milli maraqlarımızı yeritmək yolunda qazanc əldə etmək üçün gərəkli olardı. Onlar parlamentlərdə, siyasətdə, iqtisadiyyətdə Azərbaycanın tərəfini tutsaydılar, bu başqa. Yoxsa heç nə yox, onlar da müsəlman. İndi mənə nə? Millətimə nə? Ondansa millətimə xeyir verən xristian və yahudi olardılar.

Bir çox yeni məsəlmanlar da görmüşəm ki, işləri gücləri aşırı inancı yaymaq, insanları cihad adı ilə orda-burda döyüşlərə çəkmək, onu-bunu təkfir etməkdir. Onların müsəlman olmasının xeyri nədir? Ziyandan başqa bir şey görünmür. Onların bir çoxu sadəcə İslama bir bolşevizm, nasizm kimi baxırlar. Dinə gəlib öz ideyalarını inanc pərdəsi altında gerçəkləşdirirlər. Çünki o ideyalar artıq çoxdan iflasa uğrayıb. İndi onları yeritmək üçün bir don gərəkdir. O donu da İslamda tapıblar.

Bəlkə İslamın təbliği üçün gərəkdir bu dinə gəlmişlər haqqında söhbətlər? Desinlər ki, baxın, dinimiz nə qədər doğrudur ki, yabancılar onu qəbul edirlər? Bir tərəfdən bəlkə də bu belədir. Ancaq başqa tərəfdən, həmən o Avropa, Amerika, Rusiyada çoxlu müsəlmanlar xristian, buddist, ateist, ya da dinsiz olur. İndi buna nə demək olar? Onlar İslamdan uzaqlaşıb haqqı tapıblar? Deməli İslamın təbliğatı üçün də bütün bunlar gərəkli deyil.

Onda bəlkə Tanrıya gərəkdir kiminsə müsəlman olması? Ancaq dini kitablara görə Onun heç nəyə ehtiyacı yoxdur. Deməli Tanrıya da gərək deyil.

Beləliklə, kiminsə İslama gəlməsi xəbərini eşidən ilk olaraq “Mənə nə? Millətimə nə? Azərbaycanımızın maraqlarına nə?” sorularını qoymalıdır. Kim bu sorulara sığırsa, onları dəstəkləməli, sığmayanlara isə biganə olmalıdır. Belə olanda görərik ki, bizə sərf edən yeni müsəlmanların sayı olduqca azdır. Ancaq bizə də elə o azlar gərəkldir.