Katolik kilsəsinin təkamülçülüyü haqli bilməsi bərəsində düşüncələr

24 avqust 2013

Bu yaxınlarda tarixi baxımdan çox önəmli olay baş vermişdir. Katolik kilsəsi Darvinin təkamül nəzəriyyəsinin doğruluğunu etiraf etdi. Bu məsələdə Kilsə ilə elmin savaşı 200 il sürdü və sonda keşişlər növlərin təkamül sonu yaranmasının Xristian doktrininin hökmlərinə qarşı durmadığını dilə gətirməli oldular.

Doğrudan da təkamülün olması heç də düşüncəyə qarşı durmur, ən başlıcası isə, elmi faktlarla çoxdan sübuta yetirilib. Bunun üçün çoxlu sayda paleontoloji örnəklər vardır. İnsan növləri də təkcə indiki insanlıqla yetərlənmir. Bizdən öncə başqa ağıllı insanlar: sinantroplar, neandertallar və başqaları da olub, bunu sübut edən faktlar yetərincədir. Həmdə təkamül təkcə bioloji də deyil, hər bir sahədə - tarixdə, iqtisadiyyətdə, siyasətdə və s. özünü göstərməkdədir. Heç nə göylərdən olduğu kimi enmir, hər şey inkişaf və dəyişmə yolu ilə yetişir.

Keçmişdə din xadimləri və ənənəçilər öz dünyagörüşünə uyğun olmayan hər şeyi yasaq edirdilər. Hər bir yenilik, hər bir ixtira açıq ya da gizli yasaqlanırdı. Ənənəçilər nəyi öyrənməyi ya da öyrənməməyi bəlli edib başqalarına buyururdular. Onlar elmlərin də, düşüncələrin də, ixtiraların da aparılmasına icazə verməli idilər. Bunsuz istənilən araşdırmaçı güdülmələrlə üzləşə bilərdi.

Bu kimi olaylar dünyanın çeşidli yerlərində, özəlliklə də inkişaf etmiş yerlərdə günümüzdə də sürdürülməkdədir. Ancaq tarix və praktika onu göstərir ki, heç bir yasaqlar, qınaqlar, güdülmələr, hətta edamlar insanlığı gəlişmə yolundan döndərə bilmir. Çünki bu bir dünya axarıdır, qanunauyğunluğudur. Belədirsə kim onun qarşısını alar? Praktika onu göstərir ki, irəlləyişin önünü alan, yeni inqlabi ideyalarla çıxış edən adamları təqib edən toplumlar sonda müstəmləkələrə, dünyanın ən geridəqalan kəslərinə çevirilib, daha çox inkişaf etmiş millətlərin ayaqaltılarına çevirilirlər.

Ənənəçilər hansəsa inkişaf növünün ənənəyə uyğun olmamasını ya da dinə qarşı olduğunu iddia edə bilərlər. Ancaq istənilən durumda dedikləri onların yozumlamarından başqa bir şey deyil. Bundan başqa, insanlıq çoxlu ictimai quruluşlardan keçib. Keçmişdə olanla çağdaş zamanda olan düşüncə, quruluş, toplum və s. bir deyillər. Buna görə dini yazının hərfini ya da millət arasında yayılan adəti bütün zamanlarda tətbiq etmək olmur. Bunu edənsə son nəticədə uduzur.

Tanrı insana bu dünyanın açarlarını verdi, ona istədiyi yöndə inkişaf etmək hüququnu verdi. Biz görürük ki, yasaqları və sıxıntıları az olan özgür toplumlar daha çox inkişafdadırlar. Dini və milli ehkamlar içində ifarata yol verən toplumlar isə onlara çata bilmirlər, geriləyirlər, istənilən sahədə böhranlardan çıxa bilmirlər. Bu da onu göstərir ki, din xadimlərinin qadağanlarına baxmayaraq, Tanrı özgür və inkişaf edən toplumları, ölkələri dəstəkləyir.

Tanrı insanın böyüklüyünün tərəfindədir, onun kölə olmasını istəmir. Hər bir dünya üçün gərəkli olan düşüncə, elm və ixtira mütləq reallaşır. Ənənələrin keşiyində duranlar ona qarşı olsalar da, zaman keçir və sonda hər şey öz yerini tutur və hamı bununla barışır. Adətçilər özləri də sonda savaş apardıqları ideyaları mənimsəyir, onlarla barışır. İstər 50, 200 ya da 1000 il keçsə belə.

Keçmişdə bir çox irəliləyən adamları anlamayıblar, onlara “fitnəçi”, “heretik”, “dinsiz” damğası vüraraq tonqallarda yandırıblar, öldürüblər, sürgün ediblər. Günümüzdə də belə şeylər olur. Ancaq zaman onu göstərir ki, Tanrı elə o “fitnəçi”, “heretik”, “dinsiz”lərin tərəfindədir. Çünki sonda onların dedikləri gerçəkləşir. Onları təqib edənlərsə tarixdən silinib gedir, onların izləri belə qalmır. Bu prosesi də heç kəs saxlaya bilməz, çünki olaylar onu göstərir ki, bunu Tanrı dəstəkləyir.

Bütün bu örnəklərin olduğuna görə heç bir yeni şeyi yasaqlanmış və bəyənilməz kimi dəyərləndirməyə tələsmək olmaz. Hər hansı bir şey kiminsə dünyagörüşünə, öyrəncəli yaşamına və düşüncəsinə uyğun deyilsə, bunu əsas tutub o ixtiranı pisliyə doğru yozmaq yolverilməzdir. Belə bir istək olsa, yaddan çıxarılmamalıdır ki, 200 il öncə rədd edilmiş və təqib olunmuş şeylər yer alır. Onlara qarşı olanların varisləri belə onlarla barışmalı olur.

Günümüzdə hər bir damğalanmış və rədd edilmiş şey üçün də belə olacaq. Buna görə transvestizmi, klonlaşmanı, süni mayalanmanı, ailəyə qeyri-ənənəvi baxışları və bu kimi başqa şeyləri eşidəndə, onları rədd etmək yolunu tutmaq olmaz. Bunlar inkişafda olan dünyanın zəruri axarı, qanunauyğunluqlarıdır. Nə qədər rədd edilsə belə, olacaq və gələcəkdə hamı bununla razılaşacaq. Axı bir zaman günümüzdə olan çox şey damğalanıb rədd edilirdi. Bu gün isə hətta gündəlik yaşamımızda və dünyagörüşümüzdə var. Buna görə inkar yolunu tutmaq deyil, bu proseslərin önündə durmağa, onlara qatılmağa çalışılmalıdır. Bununla hər bir adam dünya irəliləyişinə öz payını vermiş olacaq.