Müsəlman dünyagörüşündə inancla bağlı yeni kateqoriyaların tətbiqi haqqında

31 avqust 2013

İnancla bağlı məsələlər çox mürəkkəbdir və onlara birmənalı qiymət vermək olmur. Bu da təbiidir. Çünki inanc insanın mənəvi aləmindədir, onu isə heç bir ölçü ya da cihazla ölçmək olmur. İnanca kimisə zorlamaq da olmaz, çünki mənəvi aləmdə inanc yoxdursa, onu orada necə zorla yerləşdirmək olar? Ya da inanc ola bilər, ancaq cəmiyyətdə qəbul olunmuş kimi yox, başqa cür.

Bizim məişət həyatımızda insanları yalnız “inanan” (mömin, müsəlman) və “inanmayan”lara (kafir, münafiq) bölürlər. Bu isə heç də reallığı əks etdirmir. Çünki bu anlayışlar yalnız bir birinə zidd olar iki qıtblərdir. Hər şeydə olduğu kimi, bura da qütblər arasında çoxlu mərhələlər var. Kimsə “inanmır” (kafirdir, münafiqdir) deyəndə, “nəyə inanmır?” sualı çıxır ortalığa. Kimsə Tanrının varlığına inanır, dininsə yanlış olduğunu iddia edir. Başqası Tanrınan varlığını tanıyır, ancaq onun insan həyatına təsir etmədiyini iddia edir. Bir başqası Tanrının varlığına inanır, ancaq dünyada şər qüvvələrin hökm sürdüyünü iddia edir. Daha birisi dində müqəddəs kitablara inansa da, rəvayətləri rədd edir. Bu kimi örnəkləri çox gətirmək olar. İndi bunların hamısını “inanmayandır” adlandırmaq nə dərəcədə doğrudur? Axı bir şeyə inanmırsa, başqa şeyə inanır.

Ya da kiməsə deyirlər “inanandır” (müsəlmandır, mömindir). Yənə “nəyə inanandır?” sualı yaranır. Burada həmən örnəkləri gətirmək olar. Allaha inanır, ancaq onun baxışları ənənədən fərqlidir. Dinə də inanır, ancaq onu təkmilləşdirmək, modernləşdirməyin gərəkliyini iddia edir. İnanandır, amcaq məzhəbi başqadır.

Deməli “inanclı-inanmayan” qütblüyü heç də həqiqi mənzərəni əks etdirmir. Çünki inancla inancsızlıq konkret anlayışlar deyil. Bu kateqoriyalarla gedilsə, onda qarışıqlıq yaranır. Biz bunun şahidiyik gündəlik həyatımızda. Çünki yuxarıda göstərilən örnəklərə görə, hər bir inancın içində inancsızlıq, hər bir inancsızlığınsa içində bir inanc vardır.

Deməli inanca bu kimi qütblük çərçivəsində baxılırsa, həqiqi mənzərə alınmır və yanlış obrazlar ortalığa çıxır. Bu da cəmiyyət üçün böyük təhlükədir. Kimsə özünü “inanclı” sayıb, başqasını “inancsız” adlandırmağa meylli olur. Bunu da öz inancının əsasında edir. Deməli bu insanın inancına uyğun gəlməyən hər bir başqa inanc olur “inancsızlıq”. Bu da hər bir ölkə və cəmiyyət üçün çox təhlükəli meyllərdir. Çağdaş Yaxın Şərqdə gedən proseslərdən onu görürük ki, bu kimi “inanclı-inancsız” qütblüyü ilə düşünənlər ölkələri və millətləri faiələrlə, terrorla üz-üzə qoyur.

Bu faciələrin kökü də modern düşüncələrdən, çağdaş dünya reallıqlarından uzaq olmadan irəli gəlir. Məsələ burasındadır ki, dini mətnlər keçmiş reallıqları, sami (yəhudi və ərəb) xalqlarının iptidai və quldarlıq dönəmlərinin həyatını əhatə edir. Bu heç də o demək deyil ki, o zamanını bütün reallıqları indi də güvvədə qalıb. Zaman keçib. İnkişaf edən insanlıq quldarlıqdan feodallığa, sonra kapitalizmə və sosializmə, indi isə postkapitalimə, liberal dünyaya keçib. Məişət, həyat tərzi dəyişib, şəhərləşmə, elmlərin inkişafı prosesləri gedib. Bizim zamanda irəliləmiş insanlar artıq tayfa həyatı sürmürlər. Dini mətnlər isə tayfa həyatını əks etdirir.

Buna görə də dini mətnlərə münasibət də dəyişməlidir. Yozumlar yenilənməlidir. Belə şey ola bilməz ki, hər şey dəyişsin, anca dinə baxış ipdidai icma quruluşunda ya da quldarlıqda olduğu kimi qalsın. Belə olanda da indiki faciələr baş verir.

Örnək üçün Quranı görürək. Orada “inanclı-inancsız” probleminə Məhəmməd peyğəmbərin həyatında baş vermiş hadisələr çərçivəsində baxılır. O zaman ərəb cəmiyyətində doğrudan da iki qütb yaranmışdır. Bir tərəfdən ənənəyə sadiq olan bütpərəstlər (kafirlər) və onlara qarşı olan müsəlmanlar (möminlər). O zaman və məkan üçün problem doğru qoyulmuşdur. Çünki bu iki qrup arasında mübarizə gedirdi.

Quran və hədislərdə məsələn “ateist” termininə və anlayışına rast gəlinmir. Çünki o zamanın olaylarında onlar yox idilər. Məhəmməd peyğəmbər dini ateistlərlə deyil, bütpərəstlərlə mübarizədə qururdu. Buna görə də bu anlayış İslam mətnlərində yoxdur. Müsəlmanlar ateizmlə sonrakı dövrlərdə tanış oldular. Elə başqa müasir anlayışlar da Quranda bu səbəb üçündən yoxdur. Çünki o zaman onlar haqqında ərərblərin xəbəri olmayıb, ya da onlar ərəblərin həyatında əhəmiyyətli rol oynamayıb.

Ancaq bu o deməkdirmi ki, 21 yüzillikdə də insanlara yalnız Quranda olan “kafir-mömin” kateqoriyalarla baxılsın? Artıq yüzilliklər keçib, cəmiyyətlər başqadır, reallıqlar 7 əsr Ərəbistan yarımadasındakı kimi deyil. Qloballaşan dünyada yaşayırıq. Əlbəttə Quran hadisələrinə düşünmədən hərfi yanaşılsa, zamanımızın özəllikləri nəzərə alınmasa, Yaxın Şərqdə olan hadisələr mütləq baş verməlidir. Çünki zamanımız 21 əsrdirsə, anlayışlarsa Ərəbistanın 7-ci əsrinin, bu mütləq ziddiyətə gətirəcək. Bunu da gözümüzlə görürük.

Təəssüf edilməlidir ki, çağdaş müsəlman toplumlarında inanca qiymət vermədə bizim zamanımıza uyğun olan kateqoriyalar tətbiq edilmir, yenə də “kafir-mömin” çütlüyündən çıxış edilir. Bu da dini dözümsüzlüyə, məzhəb təsübkeşliyinə, müasir düşünən adamları damğalanmasına gətirib çıxardır.

Əslində isə inancla (möminliklə) inancsızlıq (kafirlik) arasında çoxlu mərhələlər vardır. Bunlardan bəzilərinə artıq adlar da verilib. Örnək üçün, Tanrının dünya işlərinə qarışmamasına inananlar “deist”, dinin bu və ya başqa müddəasına şübhə ilə yanaşanlara “aqnostik” (şübhəçi), insanın ilhamla Tanrı ilə münasibətdə olduğuna inananlara “qnostik”, dünya güclərini “xeyir-şər” cütlüyündə görənlərə “dualist”, elmin güçünü üstün bilənlərə “pozitivist” deyirlər. Bax bu kimi terminlər indiki müsəlman cəmiyyətlərində aktivləşdirilməlidir ki, yeni zamanla uyğunluq olsun və dini dözümlülük havası yaransın.

Həm də o da qeyd edilməlidir ki, bütün bu anlayışların daşıyıcıları müsəlman dünyagörüşündə də ola bilərlər. Çünki yuxarıdakı anlayışlar heç də dinlər deyil, sadəcə dünyagörüşləridir. Buna görə onları İslamla sintezdə işlətmək olar. Məsələn, “müsəlman pozitivisti”, “müsəlman deisti” və s. kimi terminlər də tətbiq edilə bilər. Çünki onların bir çoxları müsəlman dünyagörüşündən imtina etmirlər, müsəlman mədəniyyətindədirlər. Sadəcə dünyagörüşləri həm də başqa tərəfə istiqamətlənib. Bu da zamanın tələbidir.

Göründüyü kimi, inancın və dünyagörüşün mərhələləri də zamana uyğun inkişaf etmiş və bu gün artıq inanca ənənəvi baxışların dəyişməsi zərurəti yaranmışdır. Məsələn, xristianların çoxu artıq bu yeni inanc anlayışlarından geniş istifadə edirlər. İnternetdə olan forumlarda iştirakçılar artıq “aqnostik”, “deist”, “pozitivist” kimi özlərini təqdim edirlər. Onlar xristian da ola bilərlər, olmaya da bilərlər. Beləliklə xristianlar bu baxımdan çox irəliləyiblər. Bu da onların arasında dini dözümlülüyü təmin edən amillərdən biridir.

Ancaq müsəlman internet resurslarında hələ də inanca baxışlar köhnə “kafir-mömin” qütblü çütlüyü ilə olçülür. Bu da çox vaxt insanların bir-birinə qarşı kəskin olmaları ilə sonuclanır, qarşıdurmalar yaradır. Dini dözümlülük havası bir çox hallarda olmur. Hələ yeni inanc terminləri bir yana qalsın. Çeşidli ənənəvi müsəlman məzhəblərinin nümayəndələri bir birlərini inancsızlıqda ittiham edirlər.

Yeni düşüncədə olan adamlara isə münasibət heç anlaşıqlı deyil. Bu kimi insanlara çox vaxt Qərbin cəsusları, ənənəmizə zidd olan dünyagörüşünün daşıyıcıları kimi baxırlar. Halbuki onların əksəriyyəti heç kəsə qulluq etmir. Sadəcə yeni kateqoriyalar çərçivəsində öz dünyagörüşlərini formalaşdırır. Bu adamları hec təsnif edə bilmir ənənəvi müsəlman cəmiyyətləri. Bu da son nəticədə onların geriləməsinə aparan yollardan biridir. Çünki irəlləyən dünyanın öz axarı var. Ona uyğunlaşmayan və yeni düşüncə gətirməyən cəmiyyətlər geriləməyə və sonda müstəmləkə olmağa məhkum olurlar.

Buna səbəb də düşüncənin köhnə kateqoriyalarda olmasında, çağdaş zamana uyğunlaşmamasındadır. İnanc məsələsinə hərtərəfli baxış təəssüf ki, müsəlman cəmiyyətlərində hələ də inkişaf etməmiş, orta əsrlər səviyyəsində qalmışdır.-----

Burada həm də daha bir problemə tə toxunmaq yerinə düşərdi. İnancsız (kafir) anlayışının günümüzdə konkret anlayış olmadığına görə, bu anlayışı kiməsə ünvandırmağın doğru olub-olmaması məsələsi də ortalığa çıxmaqdadır.

Məsələ burasındadır ki, öncə olaraq “kafir” anlayışı İslamın ilk mənbələrində peyğəmbərə və müsəlmanlara qarşı olan ərəb bütpərəstlərinə ünvanlanıb. Elə bu amili nəzərə alaraq, belə bir sual yaranır ki, “kafir” sözünü başqa toplumların nümayəndələrinə aid etmək olar ya yox? Bu da heç də birmənalı deyil.

Elə bu amili nəzərə alaraq, sonrakı çağlarda yaşayan müsəlmanlar “kafir” sözünü “cəhalət” sözünün sinonimi kimi dəyərləndirmişdirlər. O zamanlar müsəlmanlar mədəni və sivilizasion baxımdan qonşularını üstələmişdirlər. Ona görə də kafir (cahil) anlayışlarını onlara ünvanlandırırdılar. Məna da o idi ki, onlar mədəniyyət olaraq bizdən aşaqıdırlar. Bu da təxminən yunan və romalıların hellinlər (romalılar) və barbarlar mənasına gəlirdi. Yəni yunan-roma mədəniyyəti üstün olduğuna görə, onlar qonşularını “barbar” adlandırırdılar. Elə bu da ortaçağlar zamanı müsəlmanların da olmuşdur. Özləri üstün mədəniyyət ortalığa çıxartdıqları üçün, başqalarını “kafir” (barbara bərabər anlayışda) adlandırırdılar.

Ancaq zaman keçəndən sonra müsəlman mədəniyyəti özü çükdü və artıq dünyada öndərliyini itirmişdir. Bu proses bu günə kimi davam eməkdədir. Dünyanın müsəlman olmayan millətləri daha böyük uğurlar əldə etmiş, sivilizasiya baxımından müsəlman xalqlarını geridə qoymuşdurlar. Buna görə də müsəlmanların onları “kafir” adlandırması artıq həqiqəti əks etdirmir. Çünki onlar artıq cəhalətdə (barbarlıqda) deyil, hətta müsəlmanları ötüb keçiblər hər bir sahədə: elmdə, texnikada, iqtisadiyyatda, siyasətdə, hərbi gücdə, hüquqda, mənəviyyatda və s. Öndə gedənə necə cahil, kafir, barbar demək olar? O öndədirsə, deməli cahil deyil.

Hətta ilahiyyat baxımından irəliləmiş xalqlara “kafir” demək sual doğurur. Çünki zamanmızda Tanrının birliyi artıq hamıya məlumdur. Heç bir irəliləyən, çağdaş adam bütlərə tapınmaz. Çünki irəliləyibsə, anlayar ki, bütlərin içində tanrılar yaşamır. Bu çox sadə bir məntiqdir.

Beləliklə, terminoloji baxımdam çağdaş zamanda müsəlman dünyagörüşündə bu kimi suallar doğuran problemlər vardır. Onlar da dini dözümlülük, tolerantlıq, gələcək tərəqqi baxımından birmənalı deyil. Birinci növbədə inanclı-inancsız (kafir-mömin) anlayışları müsəlmanların öz aralarında qeyri-stabilliyə gətirir və tolerantlığın qarşısını alır. Bunun əsasında ölkəiçi gərginliklər, terror və hətta vətəndaş müharibələri olur. Başqa inancda olanlarla da “kafirliyi” irəliyə sürmək, zamanımızda məqsədəuyğun deyil, hətta onlar üçün təhqiredicidir. Bu münasibətlə çaqdaş zamanda münasibətlər qurmaq olmur.

Çıxış yolu yannız müsəlman dünyagörüşünün islahatındadır. Bir çox anlayışlar bu günün tələblərinə və məntiqinə uyğun olmasa müsəlman toplumlarının surətlə irəliləyən dünyaya inteqrasiyası mümkün olmayacaq. Bunu da biz zamanımızdaki olaylardan görürük. Müasirliyə uyğunlaşmamaq isə yalnız geriləməyə, yeni müstəmləkələrə çevrilmə yoludur. Bu yolla getməmək üçün islam dünyagörüşündə, insanları düşüncəsində islahatlar aparılmalıdır.