Kafir adlanan ola bilsin mömindir

31 avqust 2013

Deyirlər o kafirdir, bu kafirdir. O küfrdür, bu küfrdür. Kafirlər dünyanı alıb fəsad törədir. Kafirlər bizi incidir, yaşamağa qoymur. Biz az sərbəst düşünürsən, öz fikirlərini deyirsən, hamı cumur üstünə ki, kafirsən, küfr edirsən, otur yerində, palaza bürün elnən sürün...

İndi gəlin fikirləşək görək, bu kafir nə edib ki, kafir olub? Baxırıq tarixə. Görürük ki, əski yunan, hellin və Roma mədəniyyətləri olub. Başqa tərəfdə də Çin. Onlar kim idilər? Kafir! Onlar nə etdilər? Bütün dünya mədəniyyətini və elmi yaratdılar, siyasi və iqtisadi modellər gətirdilər. Hər şey o əski çağların nailiyyəti üzərində quruldu: fəlsəfə, elm, siyasət, iqtisadiyyət, demokratiya, insan haqları, azadlılar. Bütün gələcək nailiyyətlər, irəlləyişlər elə o çağların təkanı ilə baş verdi.

Sonra baxırsan indiki dünyaya. Yenə də həmən mənzərə: bütün yuxarıda olan özəlliklərin hamısı kimdədir? Yenə də kafir adlandırılanlarda. Hamı onlara baxır, onlar dünya axarını təyin edir. Bütün azadlıqlar demokratiyalar, insan haqları olarda. Elm, mədəniyyət də onlarda.

Deyirlər orta çağlarda bir az möminlər inkişaf etdilər. Ancaq diqqətlə baxanda elə möminlərin də bütün nailiyyətlərinin kökü elə yunan-roma-çin kafirlərindən alınma imiş. O da bir az sürdü, tez də çökdü. Ancaq “küfr” adlandırdıqları şeylər öndə kedib, heç zaman da çökməyib. Uğurlar da göz qabağında.

İndi möminlər deyirlər ki, o dünyada kafirlər cəhənnəmdə olacaq. Buna nə demək olar? Belə çıxır ki, ən işgüzar, irəliləyən, mədəniyyəti, elmi, mənəvi həyatı təyin edənlər gedəcək cəhənnəmə, süst olanlar, dünyaya heç nə verməyənlərsə gerəcək cənnətə? Bu məgər ədalətdirmi? Məntiqə görə, uğurlu və irəliləyənlər yuxarıya qalxırlar, geridə qalmışlar yox. Bunu biz dünyamızda da görürük. Necə olur ki, ədalətli Tanrı irəliləyən, aktiv adamları cənənnəmə salsın, süst olan, dünyaya heç nə vermiyənləri isə cənnətə? Bu mu ədalət?

Buna görə də şübhə yox ki, Tanrı kafirləri cəhənnəmə salacaq, möminləri isə cənnətə. Ancaq Tanrı üçün kim kafirdir, kim mömin? Bunu yalnız o bilir. Ona görə kimisə kafir adlandırsalar bu insanlar fikir verməyin, işinizdə olun, yaradın, irəliləyin. İnsanların kafir bildiyi kəs Tanrı qarşısında mömin ola bilər. Və əksinə, burada “möminəm” deyə döşünə vuran Tanrı qarşısında kafir görsənə bilər.

Hər halda məntiq belədir ki, dünyagörüşü geniş, qeyri-standart düşünən, irəliyə baxan insan hər bir süst, ehkamlar içində olanlardan daha çox uğurlar əldə edir. Belədirsə, onda elə bu kimilər Tanrı qarşısında da uğurludurlar. Çünki Tanrı onların uğurlarını istəməsəydi, onu onlara verməzdi. Verirsə, deməli bəyənir.