Alim kimdir?

8 oktyabr 2013

Alimin yazılarının dəyəri nədədir? Çoxları elə düşünür ki, məqalə və kitabların çoxluğunda. Ancaq kitab və məqalə çox yazmaq olar. Ancaq onlar kimə gərəkdir? Onlarda hansı dəyərli fikirlər var? Çoxlarının yazılarını 2-3 nəfərdən başqa heç kəs oxumur. Çünki dəyərsizdir yazıları.

Elələri də var ki, yazılarını başqa adamlara yazdırırlar. Bunlar nə alimdirlər? Kimə gərəkdir bu yazılar? Ancaq özlərinə ki, min bir əyri yollarla özlərinə elmlər doktoru, professor adını alsınlar.

Deməli təkcə yazıların sayı ilə adama alim deməzlər.

Başqaları elə bilir ki, xaricdə dərc olunarsansa deməli alimsən. Ancaq xaricdə dərc olunmaq problem deyil. Pulla ya da tanışlıqla bunu etmək çox asandır.

Deməli xaricdə dərc edilmək də alim olmaq demək deyil.

Alimin dəyəri onun əsərlərinin tələbatıdır. Ancaq burada da problemlər var. Bəzi müəllimlər elmi cəhətdən şübhə doğuran dərsliklər yazırlar. Sonra tələbələri məcbur edirlər ki, onları alıb o kitablardan dərs alsınlar.

Ya da yüksək vəzifədə olan bir kəs kitablar yazır (ya yazdırır) sonra vəzifəsindən istifadə edərək onu hər yerdə yayır, reklam edir.

Ya da bəzi alimlər yenə də səlahiyyətlərindən istifadə edərək öz asrirantlarını, magistrlərini məcbur edirlər ki, onların əsərlərinə dissertasiyalarda istinadlar versinlər.

Bu kimi adamlar da həqiqi alim sayılmazlar. Ancaq çoxluğu elə bunlar təşkil edir.

Alim ancaq o kəsdir ki, elmi işlər, kitablar, məqalələr yazır və onun yazılarına doğrudan da tələbat var. Onlar heş kəsi öz əsərlərinə istinad verməyi zorlamazlar, vəzifələrindən kitablarının yayılması üçün istifadə etməzlər. Onlar xaricdə dərc olunanda, onları tanımayan o ölkələrin alimləri öz elmi işlərində onlara istinadlar edərlər, onu tanıyarlar.

Bax bu kimi alimlər bizdə çox azdır!