Asif Atanın ocağında

14 noyabr 2013

 Bu gün məni dəvət etmişdirlər Asif Atanın ocağına. Oldum orada. Mənim ixtisaslarımdan biri din araşdırmaçısı oldugu üçün orada olmaq çox ilginc idi. Mən orada yeni bir dini inancı gördüm. Özüdə bu inanc məhz Azərbaycanda yaranmışdır. Fəlsəfənin, dini inancların qarışığı olan bir sinkretik təlimdir. Orada mən həm də dinə xas olan ayinləri gördüm.  

 Bu Ataçılığın yaranması klassik dinlərin yaranması aşamalarını keçmişdir. Öncə Asif Ata olan bir adam olmuş. Onun baxışları dini-fəlsəfi mistikadan ibarət olmuşdur. Onun ölümündən sonra ardıcılları onun irsini toplamış və dini inanc formasına salmışdırlar. Asif Ata da artıq onlar tərəfindən peyğəmbər kimi tanınmışdır. Bütün dünya dinləri bu aşamalardan keçmişdir.  

 Bu yeni yaranan Azərbaycan dininin hələ oluşması bitməmiş. Çünki hər bir dinin çoxlu aşamaları olur. İndiki ardıcıllardan sonra onların ardıcılları gəlməli, sonra yozumçular olmalı və sonda ehkamlar oluşub oturaqlaşmalıdır. Daha sonra təriqətlərə parçalanma olmalıdır. Din araşdırmaçısı üçün bu çox ilginc araşdırma obyektidir.  

 Orada Asif Atanın ardıcılları ilə söhbətlərim oldu və mən onun peyğəmbər olub olmaması haqqında fikrimi bildirdim.  

 Dedim ki, əlbəttə Tanrı dünyanı elçisiz buraxmaz. Əgər 1000 ildən çox elçi yoxdursa, deməli Tanrı da yoxdur. Ya da o bu dünyadan aralanıb. Necə olur ki, dünya quldarlıqdan feodalizmə, sosializmə, kapitalizmə keçib, texniki, iqtisadi və s. dəyişikliklər olub, insan cəmiyyəti bu qədər gəlişib. Ancaq peyğəmbər yoxdur? Bu ola bilməz.  

 Mən hər bir həqiqəti, doğru sözü deyən adamı peyğəmbər sayıram. Fizika, kimya, fəlsəfə və s. elmlərdə kim yeni söz deyib, ixtira edib - o da peyğəmbərdir. Peyğəmbərlər çoxdur. Bu günümüzdə də bəlkədə minlərlə peyğəmbərlər var. Eynşteyn, Nyuton, Frebsis Bekon, Ömər Xəyyam və s. bunlar hamısı peyğəmbərlərdir. Çünki hər bir həqiqət Tanrıdandır. Mütləq deyil ki, peyğəmbər elə vəhylə Tanrıdan açıqlamalar alsın. İnsanın gəlişməsi, ağlı, müdrikliyi də peyğəmbərlikdir. Bu baxımdan əgər Asif Ata həqiqəti deyibsə peyğəmbərdir, əlbəttə.  

 Təbii, bu sözlərimlə Ocaqçılar razılaşmadılar. Çünki onlar Asif Atanı müstəsna bir adam kimi bilirlər. Onu elmi adamlarla birlikdə peyğəmbər bilmək istəmədilər. Yəni mənim peyğəmbər anlayışım onlarınkından fərqli oldu. Bu da təbiidir. Mən ancaq fəlfəsəçiyəm. Onlarsa inanc daşıyıcılarıdırlar. Hər bir dinin ardıcılları öz kutsal adamını müstəsna insan kimi görür.  

 Beləliklə mənim üçün çox ilginc oldu. Hətta bizim din araşdırmaçıları üçün yaxşı olardı ki, Asifataçılar haqqında elmi işlər yazsınlar. Bu çox ilginc Azərbaycan fenomenidir, elmi araşdırmalara ehtiyacı vardır.