Məni sizim imanınıza gətirmək olmaz

4 dekabr 2013  

"Yehova şahidləri" qapımı döyüb, məni imana gətirmək istədilər. Dedim onlara ki, mən sizin yeminiz deyiləm. Əksinə, mənimlə yaxın olsanız hamınız "Yehovanın yox", "yeyib-içməyin və göbəyrəqsinin" şahidləri olacaqsınız.

Sonra dedim ki, dinlər millət üçün tiryəkdir. Sordular məndən ki, "Siz allahsızsınız?". Dedim, ay gənclər, Allahın bu dinlərlə heç bir ilişkisi yoxdur. Elə sizin inancınız da onlardan biridir. Bu dinləri Allah deyil, bəlli insanlar yüzilliklər boyu düzəldiblər ki, öz maraqlarını təmin etsinlər. Adını da qoyublar din. Bunun mənşəyi hələ əski Misir və Babil kahinliyinə gedib şıxır. Allahın bu dünyada heç bir dinlə ilişkisi yoxdur.

Onda bu "Yehova şahidləri" sordular ki, bəs ölümdən qorxmursan? Dedim elə bütün dinlər ölüm qorxusu üzərində qurulub, insanın təbii qorxusu üzərində kapital əldə ediblər. Əslində ölüm sorunu məni ilgiləndirmir. Çünki mən nə bilim orada nə olacaq, nə də olmayacaq. Dinlərdə olanlar insan yozumnlarıdır. Hamsı da cənnətdən danışır, ancaq sonra deyirlər ki, özləri də bilmirlər ora düşəcəklər, ya yox?

İndi mən o bilinməyən şey üçün bu dünyada nə üçün fikir edim? Nə olacaq olacaq də! Nədən qorxum və nə üçün qorxum, özümü üzüm? Onsuzda o dünyada olanlar mənim hökmümdə deyil. Məndən orada heç nə asılı deyil - dində olsan da, olmasam da. Din o dünya ilə hamını qorxudur, ancaq orada heç kimə cənnət də vəd etmir, deyir Allahın hökmü olmalıdır. Deməli o dünyada bizə heç nə vermir, bu dünyada isə bizi sıxıntı, qorxu içində saxlayır, azadlıqdan, azad düşüncədən məhrum edir.

Ona görə də ay "Yehova şahidləri", qalxın bizim qonşularımıza. Bəlkə onları imana gətirə bildiniz. Mən dinlərdəki imana gələnlərdən deyiləm. Çünki mənim öz düşüncəm və dünyagörüşum var. Heç kəsin də, o cümlədən Tanrının köləsi olmaf fikrim yoxdur.