Milli dilə keçmək zorludur

1 dekabr 2013  

Bir də görürəm ki, rusdilli azərbaycanlıları milli hislərin olmamasında ittiham edirlər. Ancaq belə bir çox ilginc şeylə rastlaşıram. Bəzən rusdillilərin Azərbaycanca danışmalarına elə azərbaycan dillilər mane olur.

Örnək üçün çalışdığım Elmlər Akademiyasınında Azərbaycanca yazıb-yaradan alimlər rusdilli alimlərə, ya da aspirantlara deyirlər ki, gedin rusca yazın. Bununla da demək istəyirlər ki, "biz sizin üçün şərait yadadırıq, sizə hörmət edirik".

Ancaq bir də görürsən ki. bəzi alim və aspirantlar bəlli vaxtdan sonra Azərbaycan dilinə keçmək istəyib, elmi işləri Azərbaycanca təqdim edirlər. İlk baxımdan Azərbaycan dillilər bunu alqışlamalıdır. Ancaq gerçəklikdə onların bir çoxu heç də bunu istəmir. Dəfələrlə görmüşəm ki, onlar belə adamlara deyirlər: "Nə üçün azərbaycanca yazdın? Axı biz sənə icazəni verdik rusca yazmağa. Get rusca yaz". Sonra başlayırlar, o yazılarda səhvləri axtarmağa və müəlliflərə deyirlər: "Bala, sən Azərbaycan dilində yaza bilmirsən. Özünü biyabır eləmə. Get rusca yaz!". Deyirəm onlara, nə üçün belə edirsiniz, ay müəllimlər? O adam öz ana dilində yazıb-yaratmaq istəyir, nə üçün onu həvəsdən salırsınız? İndi səhvlə yazırsa, bir azdan sonra düzələcək. Təki yazsın. Axı son olaraq millət uduzacaq. Çünki onların arasında çox istedadlı adamlar var. Onlar Azərbaycan dilində əsərlər yazsalar ölkəmizə xeyir olar.

Mənim özümün də bu başıma gəlir. İndiyə qədər mənə deyirlər sən rusdillisən. Nə üçün Azərbaycan dilində yazırsan? Deyirəm ay kişilər, mənim Azərbaycan dilində artıq çoxlu elmi işlərim çıxıb, kitablar yazmışam. Nə üçün siz məni rusdilli sayırsınız? Mən rusdilli deyiləm. Sadəcə rus dilində yaza bilirəm.

Bunun da səbəbi nədir? Nə üçün bəzi alimlər və müəllimlər istəmir rusdillilərin Azərbaycan dilinə keçməsini? Bunun səbəbi monopoliyalaşmadadır. Bizdə hər şey mənimsənilib. Bu dilimizə da aiddir. Ruz dilində yazanın öz sahəsi var, bazarı başqadır. Azərbaycanca yazanın başqa. İndi rusdilli Azərbaycan dilinə keçəndə bu qısqanclığa səbəb olur bəzi Azərbaycan dilli alimlər tərəfindən. Bəzilər bunu öz sahələrinə, bazarlarına yad ünsürün girməsi kimi qəbil edir, o adamı öz rəqibi sayırlar. Demək istəyirlər ki, "sən mənim bazarıma girmə, get öz işinlə məşğul ol". Qorxurlar ki, birdən o bunlardan daha güclü olar və özünə bunlardan çox ad qazanar.

Ona görə də Azərbaycan dillilərin arasında bəzən çox çətin olur bizim vətəndaşlara öz ana dillərində yazıb-yaratmaq. Ancaq başqa yerdə həmən o Azərbaycan dilli alimlər şikayət edirlər ki, Azərbaycan dilinə hörmət azalır, dilimizdə danışmayanların, rusca danışanların sayı artır. Ancaq görükür ki, onların özləri elə bunu istəyirlər. Təki bazarları ölməsin!