Kim kafirdir?

18 dekabr 2013

Bir inanclı dindarla danışdım. Dedi ki, peyğımbərin dövründəki həyatla yaşamalıyıq. Dedim ona ki, peyğəmbər həyatından bəri 1300 il keçib. Dünya o tarixdən 1300 dəfə dəyişib. Peyğəmbərin zamanında nə pensiyalar, nə zavodlar, və mətbuat, nə bank sistemi, nə həmkarlar ittifaqları olmamışdır. Heç araq da olmamışdır ki, haramlıq ancaq çaxıra qoyulub. İndiki gerçəkliklərlə yaşamaq gərəkdir. 1300 il keçmişdəki kimi yaşamaq olmaz.

Söhbətə girən bir başqa dindar dedi ki, bütün çağdaş dünya kafirlərin qanunları ilə qurulub bu da müsəlmanlar üçün qəbuledilməzdir. O avropalıları, amerikalıları, çinliləri, yaponları kafir adlandırırdı. Mən də dedim ona ki, bu kafir-mömin kimdir, çətin məsələdir. 1300 il keçib peyğəmbərdən sonra, indiki dünya o qədər dəyişib ki, bu anlayışları indiki dünyada işlətmək nə qədər doğrudur, hələ düşünülməlidir. O geridə qalmış namaz qılan bədəvi ərəb hara, yüksək inkişaf etmiş yapon hara. İndi mənim dilim gəlməz o yapona kafir deyim. O qədər inkişaf edən cəmiyyətə necə kafir demək olar? Və əksinə, Somali kimi namaz qılan, ancaq hər cəhətdən geridə qalan ölkəyə necə mömin demək olar?

İnkişaf etmiş adamlar hamısı mömindirlər. Çünki, bir toplum ki, o boyda mədəniyyət yaradıb, kosmik gəmilər yaradıb, kompyuterlər, pensiya sistemləri, sosial yardımlar banklar və s. misilsiz şeylər yaradıb, kafir olmaz. Çünki kafirlik həmdə gerilik və mədəniyyətsizlikdir. O cəmiyyətlərsə geridə qalmamışdır, mədəniyyətdə də hamıdan üstündürlər. O ki qaldı Allahın birliyini tanıma məsələsinə, o boyda nailiyyətləri olan, yüksək riyaziyyəti, fizikanı anlayan adamlar belə bir sadə şeyi qavramazlar məgər? Necə olur ki, dünyadan xəbəri olmayan bir bədəvi Allahın birliyini bilir, o boyda inkişaf etmiş Aristotel, Hegel, Konfusi, Volter və başqaları bu sadə şeyi başa düşməsinlər? Əslində inkişaf etmiş hər bir insan Allahıb birliyini inkişaf etməmişdən 100 dəfə yaxşı anlayır. Ona görə də o toplumlar kafir deyillər. Əsl mömindirlər. İndi peyğəmbər dünyaya gəlsəydi elə onlarla olardı.

Sonra o dindar dedi ki, müsəlman elmi ortaçağlarda çox irəliləmişdir. Mən də dedim ona ki, indiki zamanla nə üçün müqayisə edirsən? O zamanlar bitti. Həmdə o zamankı müsəlman cəmiyyətinin inkişafı dinlə birbaşa bağlı deyil idi. Bax gör ki, kim o zamankı müsəlman dünyasının inkişafını təmin etmişdir? Fərabi, İbn Rüşd, İbn Sina kimi filosoflar, Əl-Xərəzmi, Biruni, Xəyyam kimi riyaziyyatçılar və s. Onlar sizin düşündüyünüz kimi dinə bağlı deyil idilər. Birincisi öz elmlərini Quran və hədislərlə deyil, antik Yunan-Poma elmi ilə inkişaf etdirmişdirlər. İkincisi, onların çoxu ya dinə biganə, ya deist idilər. Hətta məsələn İbn Sina kimi dahi nə sünni, nə də cəfəri olmuşdur. O ismaili idi. Onların çoxusunu o zaman küfrdə ittiham edib, təqib edirdilər.

Sonra dindar həmsöhbətim dedi ki, müsəlmanlar ölümdən sonrakı cənnət üçün yaşamalıdırlar bu dünya üçün yox. Mən də dedim ona ki, ölümdən sonra nə olacaq, sən bilməzsən. Bunu yalnız zənn edə bilərsən. Bir də gördün ki, orada kafir bildiklərin adamlar cənnətə girdilər. Hökm Allahındır. Ona görə tələsmə kimisə kafir, kimisə mömin adlandırmağa. Hər şey nisbidir.

Sonda bu dindar öz yazdıqlarını sildi. Mən də düşündüm ki, bir buna bax, başqalarını kafir adlandırır, özünü dindar sayır, cənnətə girmək istəyir, ancaq başqa adamların haqqına girir. Bax indicə mənimlə danışdı. Deməli yazdıqlarımız hər ikimizin malıdır. O isə məndən icazəsiz öz yazdıqlarını sildi. Mənim yazdıqlarımsa qaldı havada və məntiqsiz cümlələrə çevirildi. Axı mən bunun üçün sərf etmişəm. Deməli sən, ay dindar, mənim haqqıma girdin.

İndi sən bir get bu sadə davranış və mədəniyyət qaydaları haqqında düşün. Yoxsa onu-bunu kafir adlandırırsan, özündən xəbərin yoxdur.