"Hörmət" etməyin əxlaqsızlığı

5 iyun 2014

Kimisə borclu çıxartmaq bizim adamların elə bir genetik özəlliyidir. Elə bir vəziyyət yaradırlar ki, sən onlara nədəsə borclu qalasan və sonra bu barədə hər zaman hər yerdə danışıb səni aşağılamaqa çalışırlar.

Ən adi hallarda belə bu adamların tələsinə düşürsən. Örnək üçün, oturmuşam öz işimlə məşğul oluram. Birdən bir nəfər gəlib deyir gedək nahara. Mən də gedirəm. Naharın pulunu o adam verir. Verəndə də nəzərdə tutur ki, sən artıq ona borclusan. Sonra sabah onu nahara mən çağırıb pul verməliyəm. Bunu eləməsəm hər yerə car çəkəcək ki, ona mən o qədər yaxşılıq etmişəm, onun isə çörəyi dizinin üstündədir. "Yaxşılığı" qanmır.

Ay kişi, axı mən səndən yalvarmamışam ki, məni nahara aparasan. Sən təklif etdin, pulunu da ödədin. Mən sənə borclu deyiləm axı. Çağırmayaydın, pulun da qalardı cibində. Bunu bizim azərbaycanlıya başa salmaq olmur.

Ya da birdən yanına kimsə gəlib deyir ki, bir iş görmək gərəkdir. Bu işi görsən pul qazanarsan. Sən də gedib o işi halal zəhmətinlə görürsən. O işi sənə təklif edən adam isə hər yerə car çəkir ki, o sənə çörək verib, adam edib. İndi sən də qalırsan ömrünün sonuna kimi o adama borclu.

Yenə də ay kişi, axı mən səndən yalvarmamışam ki, o işi mənə tapşırasan. Özün verdin o işi mənə. Pulu da mən qazandım zəhmətimlə. Sən mənə çörək verməmisən. Nə üçün mən sənə borclu olmalıyam?

Bir kərə bir professor-müəllimlə danışıram. Deyir xaricdən qonaqlar gəldilər onun çalışdığı yerə. O da onları 3 gün gəzdirib yeyib-içizdirdi. Ancaq sonra getdi onların ölkəsinə, onlar da ona çayla kofedən başqa heç nə təklif etmədilər. Şəhəri də gəzdirmədilər. Dedi qanmazdırlar onlar, ayıb olsun! Hörməti qanmırlar.

Mən də dedim o başı paslanmış professor-müəllimə ki, ay kişi, onlar məgər səndən yalvarmışdırlar ki, sən onları gəzdirəsən? Yox. Sən özün onlara ilişib, onları apardın. Özü də niyyətin o idi ki, əvəzində onlar da səni öz ölkələrində gəzdirsinlər. Ancaq xaricilər azərbaycanlı deyillər. Onlarda əvəz-əvəz anlayışları yoxdur. İndi nə istəyirsən o xaricilərdən? Onları sən öz təşəbbüsünlə gəzdirdin. Onlar da sənə çox sağol dedilər. Deməli borcunu verdilər.

Mən də beləyəm. Pulu zorla qazanıram alnımın təri ilə. Pul mənə rüşvətlə rahatca gəlmir ki, mən onu boş yerinə xərcləyim. İndi sənin kimi başqa adamlar məni yeməyə aparıb borclu çıxartsalar, mən bütün qazandıqlarımı elə restoranlara xərcləyərəm. Bu mənə lazımdır? Mənə pendirlə çörək yetər. Restorana getmək mənlik deyil. Ancaq aparsan gedərəm. Bu da o demək deyil ki, əvəzində mən səni aparacağam. Bəlkə sənin gəlirin rahatdır, bunu edirsən.

İndi onu-bunu borclu çıxartmaq xəstəliyi nədən gəlir? Natamamlıq komplekslərindən. Bu kimi adamlar heç nədə özlərini həyatda təsdiq edə bilməyiblər. Qalıblar ona-buna ilişə-ilişə. Bunu da az qala bizim milli adət kimi göstərirlər. Deyirlər baxın, biz necə də hörmətçil adamlarıq. Əslində isə bunların hörmətçil olmaları başqa adamları əsarətə almaq, onları borclu etmək üçündür. Ona görə də bu kimi milli "hörmət" əslində ən böyük əxlaqsızlıqdır. Ümumiyyətlə bizim millətin çox adətləri şübhələr doğurur. Dərin düşünəndə isə baxıb görürsən ki, onların bəziləri əslində əxlaqsızdır. Elə bu "hörmətçillik" də ən böyük əxlaqsızlıqlardan biridir.