Dizləri üstündə üzr istəməyənə qədər bağişlamaram

29 iyun 2014

Baxıram mən bizim bu adamlara. Bu gün savaşırlar, arxasınca işlər görürlər, bir-birini pisləyirlər və s. Sonra isə bir-biri ilə iş birliyi yapırlar, yeyib-içirlər, təriflər yağdırırlar. Özü də bir-iki dəfə deyil, bu daim davam edir. Bu mövqesizlik, ikiüzlülük, riyakarlıqdan da utanmırlar. Soruşanda da deyirlər ki, bizi "barışdırdılar".

Mən bu kimi münasibətləri anlamıram. Necə yəni "barışdırdılar"? İki savaşan adamdan biri haqsızdır. Deməli "barışıq" zamanı haqsızlıq ortalıqdan qalxmır. Hər iki tərəf öz mövqeyində qalır. Bu da nə deməkdir? Sabah yenə də savaş olacaq. Beləliklə "barışıq" boş anlayışdır. Onu sadəcə tətbiq edirlər ki, öz simasızlıqlarını və ikiüzlülüklərini örtsünlər və bir-birinə qarşı fitnələri davam etsinlər.

Savaş və ixtilaf baş veribsə, burada "barışıq" ola bilməz. Belə olarsa, gərək ədalət məhkəməsi olsun və haqsız tərəf aşkar olunsun. Sonra o haqlı qarşısında üzr istəməlidir. Yaxud, haqsız tərəf özü anlamalıdır haqsız olduğunu və haqlının qarşısında üzülmüş olmalıdır. Bəli, o halda haqlı haqsızı bağışlaya bilər. Bu başqa məsələ.

Örnək üçün mənə qarşı kimsə dil uzadsa ya da azca da olsa fitnə törətsə, mən ölənə qədər o adamı bağışlamıram, onunla bütün əlaqələri kəsirəm. Uzaq başı məcburiyyət olsa "salam-sağolum" qalır.

Bir kərə bir müştərək elmi işin hazırlanması haqqında söhbət açıldı. Həmkarım təklif etdi ki, bir xanım da orada iştirak etsin, çünki bu iş üzrə çox yazıb. O xanım isə 2-3 dəfə haqsız olaraq mənimlə savaşmış, hətta şər də atmışdır. Dedim elə şey yoxdur. O xanım gəlib dizləri üstündə məndən yalvarıb üzr istəməsə, mən onunla azacıq da olsa işbirliyi yapmaram. Onun başı dahi başı olsa belə onu bu işə cəlb etmərəm. Bunu eləsəm haqqı tapdalayaram. Başqaları ilə də belə. Kimlə savaşmışam heç kəsi bağışlamamışam, çünki onlar haqsız idilər və üzr istəməyiblər məndən. Onlarla nə "barışıq"?

Mən o "barışan", sonra yenə də arxada bir-birinə köpəkoğluluq edən kişilərdən deyiləm. Bilin ki, mənimlə bircə dəfə haqsızlıq etsəniz, bağışlamaram heç kəsi, dizləriniz üstündə durub üzr istəməyənə qədər.