Ömər Xəyyama ithaf

20 iyun 2014

Mən çox içki məclislərində oldum və belə sonluğa gəldim ki, içkili insan mədəniyyətli, yüksək keyfiyyətlərə malikdirsə, o hətta sərxoş durumda o özəllikləri yaşayacaq. Yüksək mənəviyyatlı insan içəndə gözəlliyini saxlayır. Çünki içki onun düşüncəsinin alt yapılarında olan özəllikləri üzə çıxardır. O yapılar gözəldirsə, onda içkili olsa belə onlar gözəl olur. Ancaq o alt yapıda alçaqlıq, həsəd, mədəniyyətsizlik, heyvan hissləri güclüdürsə, onlar daha da qabarıq üzə çıxır. Ona görə də mədəniyyətsiz, heyvan xislətli adam içdikcə haha da çox heyvana çevirilir.

İçki doğrudan da haramdır insanların çoxusuna. Çünki onlar yüksək məqamlara çatmayıblar və çatmayacaqlar. Onlar içdikcə heyvan olurlar. Ancaq az bir qism insanlar üçün içki haram deyil. Çünlki onlar mədəniyyətdə, dünyagörüşdə, fəlsəfədə, müdriklikdə yüksək məqamlara çatıblar.

Buna görə də o məqama yaxınlaşanlar gərək bilsinlər ki, içkini yalnız seçilmiş müdrik insanlarla içmək lazımdır. İçkini hər adamla içmək olmaz. Bu çox incə məsələdir. Gözəl insanla içsən, içki olur halal. Onunla fəlsəfənin yüksək məqamlarına çatmaq olur.

İçkini gözəl, ağıllı və ləyaqətli qadınla da içmək, sonra onunla sevişmək də ruhun yüksəkliyidir. Fahişə, ya da həyasız, yalançı, ürəyi çirkabla dolu arvadla içki içmək haramdır. İçkini ləyaqətli, yüksək mənəviyyatlı qadınlarla içərlər. Bu da məqama çatmışlar üçün haram deyil. Bu bir başqa aləmdir!

Buna görə insan olan kəs bilsin ki, hər adamla içmək olmaz. Belə etsəniz haram olar. Ancaq fəlsəfi məqamı güçləndirmək ya da sevişmək üçün yüksək və seçilmiş adamlarla içmək olar və bu halın məqamı yüksəkdir.