Allaha dua etməyin xeyri var, ya yox?

18 iyun 2014

Belə bir soru din adamları üçün yoxdur, çünki ənənəvi dini duasız təsəvvur etmək olmaz. Ancaq bu yalnız inanca bağlı olan şeydir.

Mən isə istərdim Allaha edilən dualara ağıl və məntiq baxımından yanaşım. Bu baxışın da yeri vardır, çünki istəsək ya istəməsək, bizim ağlımız var. Onun vasitəsi ilə biz düşünmə qabiliyyətinə malikik. Bununla da heyvanlardan fərqiyik.

İndi gəlin baxaq bu dünyada baş verən olaylara. Biz görürük ki, hər şey səbəb-nəticə qanununa bağlıdır. Deməli bir şeyin baş verməsi üçün, ona gətirən səbəb olmalıdır. Örnək: binanı tikmək üçün layihə hazırlanmalı, materiallar işlənməli, fəhlələr işləməlidir. Bu səbəbdir. Tikilmiş bina isə nəticə.

Başqa tərəfdən isə bütün dünya qlobal bir struktur və sistemdir ki, burada hər şey bir birinə bağlıdır və hər bir olay bu sistemin olması üçün fəaliyyət göstərir. Örnək: Fəhlələrin işləməsi nəticəsində tikinti sahibi evi sifarişçiyə təhvil verir, o da orada sakinləri yerləşdirir, sakinlər orada həyat qurur. Eyni zamanda fəhlələr aldığı puldan ailələrini dolandırır, onların uşaqları məktəbə gedir və s. və s. və s. Bu sistemi sonsuzluğa qədər çəkmək olar.

Deməli dünyamız bir-birinə səbəb-nəticə bağları ilə bağlı olan böyük bir strukturdur. Onun bir üzvü olmasa, deməli bütün olaylar pozulur. Məsələn o fəhlə işləməsəydi, ailəsi dolanmazdı, uşaqları oxumazdı və gələcəkdə savadsız olardı. Belə olsaydı, onlar gələcəkdə ziyalı deyil, əkinçi olacaqdılar; tikinti geç təhvil veriləcəkdi; sakinlər bu səbəbdən gedib başqa evlər alacaqdılar, taleləri başqa olacaqdır və s. Deməli bir fəhlənin işləməməsi bütün o zəncirvari səbəb-nəticə silsiləni pozur zə tarix başqa istiqamətdə gedir.

İndi Allaha dualar ediləndə nə baş verməlidir? Bu səbəb-nəticə və struktur sistemi qırılmalıdır. Deməli Allah bir nəfərin istəyini ödəmək üçün sistemdən nəsə çıxartmalı, ya da əlavə etməlidir. Onda bu sistemin bütün üzvlərinə təsir edəcək və hadisələr silsiləsi köklü surətdə dəyişəcək.

Eyni zamanda millionlarla adamların duaları icra olsa, onda bütün dünya darmadağın olar. Çünki bütün səbəb-nəticə silsilələri dəyişmiş olacaq. O dualar yenə və yenə davam etdikcə dünya millionlarla dəfə dəyişməli olacaq. Onda dünyada xaos, hərc-mərclik, qarışıqlıq hökm sürər.

Örnək: Bir adam dua edir ki, ömrünü 2 il Allah uzatsın. Axı bu 2 il verilsə o adam fəaliyyət göstərib başqa adamların və ətraf mühitin durumuna təsir edəcək. Deməli bu iki il tarixi dəyişəcək. Millionlarla insanlara 2 il əlavə verilsə dünya gördüyümüz kimi olmayacaq, başqa cür olacaq.

Bütün bunlara görə Allaha dua etməyin mənasızlığı nəticəsinə gəlmək olar. Çünki Allah hər adamın duasını ödəsə, onda səbəb-nəticə pozulacaq və dünya dağılacaq. Halbuki səbəb-nəticə qanununu elə Allah özü qoyub. Bu ziddiyətdir.

Beləliklə dualar insana yalnız psixoloji təsəlli verə bilər. Onlar heç vaxt ödənə bilməz. Çünki bu məntiqi və əqli cəhətdən imkansızdır. İndi dua etmək ya etməmək hər adamın öz işidir. Ancaq bu kimi fikirləşəndə duaya heç bir ehtiyac qalmır. Sadəcə insan öz işini özü möhkəm tutmalıdır ki dünyaya uyuşa bilsin.