ŞƏRQ YALTAQLIĞI HAQQINDA

17.04.13

Bir qadın həmkarımla söhbət etdim. Deyir mənə ki, bir kəs pis adamdı, başqası isə yaxşı. Dedim ona, ay xanım, bunu adi adam desə, deyərəm düşünməmiş deyir bunu, fəlsəfə tarixindən biliyi yoxdur. Sən ki fəlsəfə ilə məşğul olursan. Məgər bilmirsən ki, xeyir və şər qütblüyü iptidai düşüncə məhsuludur? Buna dualizm deyirlər.

Əslində isə, xeyir və şər nisbi anlayışlardır. Bəlkə də bunlar yoxdur. Onlar biri birinin içindədirlər. Hər bir xeyirdə şər var, hər bir şərdə xeyir. Örnək üçün pis adam dediyin kəsə diqqətlə fikir versən, görərsən ki, onda çoxlu müsbət keyfiyyətlər var. "Yaxşı" adama diqqətlə baxsan, onda da elə o qədər mənfiliklər görərsən. Bir adam üçün xeyir olan şey, başqasına şər ola bilər və tərsinə. Bax, örnək üçün bizim üçün ermənilər şərdir, özümüz isə xeyir. Ermənilər üçün isə biz şərik onlar xeyir. Bax budur nisbilik.

Qadın həmkarım fikirə gedib, mənimlə razılaşdı. Sonra dedi ki "yaxşı adam" dedikdə doğru, yalan danışmayan, düzgünluyu sevən, düz danışan adamları nəzərdə tutub. Bu kimi adamları hamı sıxışdırır, onları sevmirlər. Çünki onlar həqiqəti deyir. Sonra dedi ki, o özü də belə adamdır. Ona görə də əziyyətlər çəkir.

Mən də ona dedim ki, birincisi həqiqət də nisbi anlayışdır. Çünki hər kəsin öz həqiqəti var. İkincisi isə, hər şeyin aşırılığı (ifratı) iyrəndirici olur. Hər şeyin ölçüsü, qədəri olmalıdır. Sənin doğruluğun bu ölçüdən çoxdursa, sən üzücü, maraqsız adama çevriləcəksən. Kimə gərəkdir sənin aşıb daşan doğruluğun? Birincisi özünə gərək deyil. Çünki əziyyət çəkirsən, səndən hamı çəkinir. Düz də edirlər. Çünki insan özlüyü (mahiyyəti) hər cəhətləri çevrəliyir. İnsan təbiətində təkcə düzlük deyil, həmdə yalan, fırıldaqçılıq, ikiüzlülük, işbazlıq və başqa keyfiyyətlər var. Onların hamısı insanda olmalıdır ki, o dolğun olsun. Çünki insan çoxsifətli varlıqdır. Ancaq bu keyfiyyətlər onda bərabər paylanmalıdır. Biri obirisindən çox olsa, onda tarazlıq pozulur və insan mənfiliyə doğru gedir.

Deməli normal insan orta durumlu olun. Onda doğruluq, yalan, ikiüzlülük və başqa özəlliklər bərabər şəkildə özünü göstərir. Onda o özünə sayğı qazanır, toplumda yaxşı görsənir. Özünü də psixoloji gəhətdən yaxşı hiss edir.

Ancaq hansısa bir özəllik başqalarını üstələdisə, onsa o uçuruma gedir. Örnək üçün, doğruluq, düzlük çox oldusa, o olur demaqoq, adamların zəhləsini tökən. Yalançılıq çoxalırsa, onda o adama heç kəs etibar etməz, o öz sayğısını itirər. İkiüzlülük çoxalsa, onu elə ikiüzlü tanıyarlar. Belə adamlar psixoloji cəhətdən də özlərini pis hiss edirlər, sıxıntılar içində olurlar.

Bax sən, ay xanım bu durumdasan. Elə bilirsən sənin doğruluğun aşıb daşsa bu kiməsə gərək olacaq? Yox, hamı səndən qaçır. Mən də qaçıram. Düz də edirəm. Sən aşırılıq (ifratşılıq) edirsən o doğruluğunla.

Beləliklə, hamının gərək çoxlu sifətləri olsun ki, öz təbiətinə uyğun olsunlar. Belə olmasa bu təbiətə qarşı üsyandır.