Biz yaradılmışıq ya doğulmuşuq?

9 iyun 2014

Bu gün insanın dünyaya gəlməsi haqqında söhbətim oldu. Həmsöhbətlərim dedilər ki, bizi Tanrı yaradıb. Mən də dedim ki, bu mübahisə doğuran iddiadır. Məgər biz yaradılırıq? Yaradılış odur ki, bizi yapsınlar, ruhu üfürsünlər. Belə deyil axı. Biz əslində doğuluruq. Bu da fərqli şeydir.

Məsələ burasındadır ki, insanın yaranması prosesi aydındır. Qadın-kişi qovuşması baş verir. Sonra srerma yumurtacığa varır və mayalanma baş verir. Bu proses biologiya elmində tam izlənilir və bütün insanlar üçün eynidir. Burada heç bir möcüzə ya da yaradılış aktı deyil, sadəcə bioloji proses baş verir. Bu da məntiqə tam uyğundur. Beləliklə bizim dünyaya gəlməyimiz doğuluşdur, yaradılış deyil.

Bundan başqa, insanı Tanrı birbaşa özü yaradırsa, onda çox maraqlı suallar meydana gəlir. Məsələ burasındadır ki, çoxlu sayda uşaqlar doğum zamanı ölür, ya da şikəst olur. Onda belə çıxır ki, Tanrı bunlara görə məsuluyyət daşıyır. Uşağın nə günahı var ki, Tanrı onu öldürür ya da şikəst edir?

Əslində isə, doğuluşu yaradılışdan ayırsaq, onda bu problem həll olunur.

Beləliklə məncə hər şey belədir: Tanrı dünyanı bir layihə üzrə yaradıb. Bu bir kompyuter proqramına bənzərdir. O proqram işləyir və biz onun nəticəsində dünyaya gəlirik. Tanrı isə birbaşa onun işinə müdaxilə etmir. Bizim doğulmamız əvvəlcədən yazılmış proqram üzrə baş verir. Ölü, ya da şikəst uşaqların doğulması isə o proqramda nasazlıqların olmasındandır. Çünki kompyuter proqramlarında bəzən korlanma olduğu kimi, dünya proqramında da istisna olaraq korlanmalar olur. Beləliklə Tanrı bir kərə hər şeyi yaradandan sonra uzaqlaşıb və indi onun qoyduğu proqram üzrə dünya inkişaf edir. Tanrı özü bilavasitə müdaxilə etmir. Deməli doğuluşda ölü və şikəst uşaqlara görə O məsuliyyət daşımır.

Sonra da dedim həmsöhbətlərimə ki, bu dediklərimlə razılaşmaya bilərsiniz. Ancaq o halda Tanrı məsuluyyət daşıyır hər bir şeyə görə, o cümlədən uşaqların ölü və şikəst - ümumiyyətlə dünyada şərin olduğuna görə.

Deməli Tanrı bizi yaratmır. Biz onun öncədən yazdığı proqram üzrə dünyaya doğum nəticəsində gəlirik.