İslamda ölüm hökmləri ləğv olunmalıdır

14 avqust 2014

İndi yeni xəbərlər gəlir Yaxın Şərqdən. Yenə də qırğınlar İslam dini adı ilə törədilir. Hamı da təəccüb edir ki, bu nədi? İslam yaxşı dindir, ancaq onun adı ilə insanlar bir-birini qırırlar. Bəs nə oldu onda? Onda da başlayırlar sadəlövhcəcinə düşünməyə ki, hardasa əsl İslam var, bu adamlar isə onu korlayıblar. Ancaq o əsl İslam haradadır bilinmir. Hamı onu axtarır tapa bilmir.

Əslində isə İslamın qətl vasitəsinə çevirilməsi təbiidir. Məsələ burasındadır ki, bütün, hətta ən mötədil ilahiyyatçılar belə, din adından ölümə fətvalar verirlər. Bu adi hala çevirilib. Açın hər bir müctəhidin risaləsini, ya da məzhəblərin fiqh kitablarını. Onların hamısında kifayət qədər ölümə fətvalar var. Örnək üçün dinindən dönən ölməlidir, zina edən ölməlidir, günahlarda israrlı olan ölməlidir, gatil ölməlidir, oğrunun əlləri kəsilməlidir, arvadı xəyanət etmiş olan kişi onu öldürməlidir, küfr edən ölməlidir və s. Bu kimi ölüm fətvaları hətta ən yumşaq və sülhsevər fiğh kitablarında vardır.

Deməli ölümə fətvaların verilməsi çağdaş İslamda adi bir şeydir. Sadəcə nisbətən mötədil ilahiyyatçı ölüm fətvalarını az, ifratçı isə çox verir. Deməli problem əsl İslamın axtarışı ilə çözülmür, çünki əlimizdə olan əsl İslam elə buna çağırır.

Beləliklə, İslamda hüquqi məsələlərə yanaşmalar dəyişməyincə, dinin adından zorakılıq dayanmayacaq, əksinə, artacaq. Burada yanaşmalar dəyişməlidir. İlahiyyatçıların heç olmasa mötədilləri istənilən ölüm hökmünün qadağan olunmasını bəyan etməlidirlər. Onlar birmənalı mövqedə olmalıdırlar ki, İslam dinində insan öldürülməz, hətta ağır günah törətsə belə. Bax bu addım atılmayana qədər müsəlman aləmindəki hərc-mərclik qurtarmayacaq.

Ölüm fətvaları dayanmasa, hər bir kəs dinin adı ilə istənilən vaxt öldürülə bilər. Deməli biz hamımız belə bir halla rastlaşmışıq ki, sevdiyimiz dinimiz ictimai təhlükəsizliyə təhlükə törədir. Bu nə qədər ağır olsa da etiraf olunmalıdır.

Nə üçün belə durum yaranıb? Məsələ burasındadır ki, orta çağlarda cəmiyyət və dövlət quruluşu başqa qurallar əsasında işləyirdi. O zaman bu ölüm fətvaları ilə xəlifələr və sultanlar öz hakimiyyətlərini qoruyurdular. İndiki dövrdə yeni tələblər ortalığa çıxıb. Ancaq İslam fiqhi elə o köhnəlmiş qanunların üzərində qurulur.

Quran və hədislərdə olan ölüm hökmləri də öz zamanəsi üçün idilər. Bu gün üçün onları işlətmək olmaz. Müstəsna hallarda ölüm cəzası tətbiq olsa da, bu fiqhi hökmlə deyil, Dövlət qanunu ilə verilə bilər. Din qan axıtmaqdan azad olmalıdır və bunu bütün müsəlman ilahiyyatçıları təsdiq etməlidir.

Bax bu müddəaları müsəlman ilahiyyatçıları bəyan etməsə, əsl İslamı axtarmayın. Bu gün əsl İslam elə o qətllərlə müşaiyət edilən dindir. Başqası yoxdur.

İslam ilahiyyatçıları özləri də zərbə altındadırlar. Onlar bu ölüm fətvalarını təsdiq etdikcə, cəmiyyətdə zorakılığı artırırlar. Onda onların özlərini də öldürürlər. Bu da təbiidir. Sən din adı ilə ölümə bəraət qazandırdınsa, onda sabah səni də öldürüb, həmən din adı ilə özlərinə bəraət qazandıracaqlar. Necə deyəlrər, “nə tökərsən aşına, o da çıxar qaşığına”.

Müsəlmanlar isə “İSLAM DİNİNDƏ ÖLÜM FƏTVALARINA YOX!” deməsələr, hər zaman din tərəfindən təhlükədə olacaqlar.