Ziyalılar belə olandan sonra nə edək?

6 avqust 2014

Yadımdadır, hələ gəncliyimdə Azərbaycandan aralanıb başqa yad şəyərlərə gedəndə bizim azərbaycanlıların mədəniyyətsizliyindən, özlərini apara bilməməsindən xəcalət çəkib yerə girirdim. Həmən biyabırçılığı əsgərlikdə də yaşamışdım 2 il Sovet ordusunda oldum, öz millətimin əməllərinə, biyabırçılığına görə yorulmuşdum utanmaqdan.

Ancaq o zaman başqa millətlər mənə bunu deyəndə, deyirdim, haqlısınız. Ancaq bu mənim yerlilərim rəiyyətdir. Biri bazar alverçisidir, biri süpürgəçidir, obirisi fəhlədir. Sonra deyirdim ki, bizdə çox yüksək mədəniyyətli ziyalılar, professorlar, alimlər, bəstəkarlar var. Onlar sadəcə burda deyil deyə, sizin azərbaycanlılar haqqında yanlış fikiriniz yaranır. Bir sözlə, vəziyyətdən çıxırdım bu sözlərlə.

Sonra illər keçdi və mən girdim elm ocaqlarına. Elə bilirdim burada yalnız yüksək mənəviyyatlı, milləti təmsil edən adamlar yığışıb. Təbii var belələri. Ancaq heç də hamı yox. Onda bunu görəndə lap məyus oldum. Dedim bu ziyalılar belədirsə, onda millətdən nəyi gözləyim? Hətta keçmişdə fəhlələr arasında olanda onların arasında bir çox professorlardan mədəniyyətli adamlara rast gəlirdim. Elə onda fikirləşirdim ki, bu ziyalılar belədirsə bu bədbəxt millət nə etsin? Kimdən örnək götürsün?

İndi də gəncliyimdə olduğum kimi gedirəm xaricə. Ancaq bu dəfə elmi konfranslara, sumpoziumlara, seminarlara. Orada yalnız elmi mühitdir, daha təsadüfi adam yoxdur ki, deyəsən o bazar adamıdır ya süpürgəçidir. Ancaq azərbaycanlı professorlarla, alimlərlə, ziyalılarla orada rastlaşanda yenə də utanıram onların bəzilərinin biyabırçı davranışlarından, məntiqsiz danışıqlarından, mədəniyyətsizliyindən.

İndi nə edim bilmirəm. Bu halda mən xaricilərə nə deyim? Necə millətimə bəraət qazandırım? Di yaxşı öncə deyərdim bunlar rəiyyətdir, bazar adamıdırlar. Axı burda bunu da edə bilmirəm. Əgər prosessorlar, ziyalılar özlərini apara bilmirlərsə, mədəniyyətdən məhrumdurlarsa, mən millətimə o xaricilərin qarşısında necə bəraət qazandırım? Beləcə azərbaycanlılar haqqında mənfi rəy yaranır və bunun qarşısını almaq olmur.

Bir çarəm qalır ki, özümü ən yaxşı cəhətdən göstərim ki, heç olmasa o xaricilər azərbaycanlıların mədəni səviyyəsinin aşağı olması qənaətinə gələndə, yaddarına düşsün ki, heç olmasa onlardan birini normal insan gördük.