İsrail xalqı və azərbaycanlılar

4 avqust 2014

Tövrata görə Musa İsrail xalqını Tanrının vəd etdiyi torpaqlara gətirəndə, onlar gördülər ki, orada çox güclü Amalika xalqı yaşayır. Musa da onlara dedi ki, biz amalikalılarla vuruşub, torpaqları almalıyıq. Onda İsrail xalqı qorxdu. Dedilər Musaya ki, sən get öz Tanrınla onlarla vuruş, bu bizlik deyil. Onda Tanrı da İsrail xalqına vəd olunmuş torpaqlara girməyi yasaq etdi.

Beləliklə bu xalq 40 il alçaldılmış və rüsvay olunmuş halda səhralarda yaşamışdır. 40 ildən sonra o qorxaq, fitnəkar soy ölüb getdi, onların yerinə yeni soy gəldi. Musa artıq dünyasını dəyişmişdir. Onlar Musanın varisi olan Yuşanın yanına gəlib vuruşmağa hazır olduqlarını bildirdilər. Yuşa da onları savaşa aparıb, amalikalıları darmadağın etdi. Bundan sonra İsrail xalqı onlara Tanrı tərəfindən vəd olunmuş torpaqlara girdi.

İndi bizim azərbaycanlılar da belədir. 1990-cı illərdə özlərini millət kimi göstərmək, düşmənlə vuruşmaq əvəzinə hamı ya qaçdı, ya fitnələr yapdı, ya hakimiyyət mübarizəsi apardı. Ona görə də artıq 20 ildir biz torpaqlarımızda məhrumuq.

İndi 20 il keçib, köhnə soydan xeyli adam ölüb. İndi bizim yeni soylarımız hazırdır mı vurşmağa? Bu hələ sual altındadır. Baxıram mən bu FB yazılarına və görürəm ki, bizim yeni soyun bir çoxları elə o köhnə atalarına bənzər hərəkətlər edir. Kim qorxur, kim fitnə törədir, kim hakimiyyət mübarizəsi aparmaq istəyir.

Ona görə də soruşuram ki, 20 il az deyilmi? Bəlkə bir 20 il də keçsin ki, bu kirli soylar ölüb getsin? Ancaq bəzi gənclərin atalarının davranışlarını təkrar etmələrini görəndə deyirəm bəlkə heç 20 ildən də sonra bu millət düzəlməyəcək?

İsrail xalqı 40 ildən sonra torpaqları aldı. Bəs biz bunu indi edə bilərikmi? Bu düşüncə ilə yox. Ancaq bizim ehtiyatda daha 20 ilimiz var. Axı İsrail xalqı 40 il gözlədi. Ancaq 20 ildən də sonra bizim başımız, mənliyimiz və mənəviyyatımız ata-babalarımızın kirindən, pasından, ərpindən azad olmasa, biz o torpaqları qaytarmarıq. 20 ildən də sonra düzəlməsək bütün torpaqlarımız bizə haram olacaq. Heç millət kimi yaşamaq hüququmuz da olmayacaq. Ancaq 20 illik ümidimiz hələ də qalıb.