Dindar olmağın mənası yoxdur

25 iyul 2014

Deyirlər ki, müsəlmanlar müsəlmanları qırırlar. Yox!!! Müsəlmanlar ancaq kafirləri qırırlar. Kafirlər də kimdir? Hansısa müsənmanın ya da müsəlman qrupunun fikirləri ilə razılaşmayanlar. Deməli bir müsəlman qrupunun ehkamlarına fərqli yanaşan hər bir kəs kafirdir.

Vahid bir İslam anlayışı yoxdur. İslam bu kimi müsəlman icmalarından ibarətdir ki, onlar da bir birini kafir sayırlar. Deməli hər bir inanan, məscidə gedən, oruc tutub namaz qılan müsəlman yalnız öz təriqəti üçün dindardır. Başqaları üçün kafirdir. Qırğın düşəndə də hamı kafirləri qırır, çünki özündən başqa heç kəsi müsəlman saymır.

Beləliklə İraqda, Suriyada, Liviyada, Afrikada və s., müsəlmanların arasında gedən döyüşlərdən eşidəndə hefslənməyin ki, orada müsəlman müsəlmanı qırır. Onlar bir-biri üçün kafirdilər və kafirləri öldürürlər.

Deməli müsəlmanlıqla kafirlik arasında hədd yoxdur. Hər bir müsəlman kafirdir, hər bir kafir isə müsəlman. Ona görə də hərdən bir düşünürəm ki, nəyimə lazımdır dindar olum? Başımı səcdələrdə yarsam belə, onsuzda kafir olacağam. Bu qədər əziyyət çəkəndən sonra kafir olmaqdan, dindarlıqdan uzaqlaşıb kafir olmaq yaxşıdır. Heç olmasa öləndə hefslənməzsən ki, bu qədər ibadət etmisən, ancaq nə xeyri? Dünyadan kafir gedirsən.

Həm də müsəlman olmaqdan qürur duymağa da dəyməz. Nə qədər müsəlman olsan, o qədər də kafir olursan.

Dini təlimlərə görə axirət dünyası bu dünyanın davamıdır. Davamıdırsa, onda o dünyada da hər bir müsəlman eyni zamanda kafir olacaq. Kafir isə cənnətə girməz. Deməli axirət üçün də dindar olmağın mənası yoxdur.

Belədirsə Ömər Xəyyam kimi günlərimi gözəl canan və şərabla keçirmək daha yaxşıdır. Çünki axirət bu dünyanın davamıdırsa, onda həmən şərab və gözəl hurilər məni o dünyada da gözləyəcək! Mömin olmağın xeyri yoxdur nə bu dünyada, nə də o dünyada!