Xaricdə yaşayanlar azərbaycanlılıqdan çıxacaqlar

18 avqust 2014

Bir Batı ölkəsində yaşayan azərbaycanlı ilə danışdım. Dedi Vətən üçün əlindən gələni edir, hər yerdə təmsil edir və s. Dedim ona çox sağol. Əlbəttə sənin xeyrin var və sən öz borcunu yerinə yetirirsən.

Sonra soruşdum ki, bəs uşaqların necə, özlərini azərbaycanlı hiss edirlər, sənin yolunu gedirlər? Bir az tutuldu. Dedi ki, sözün düzü onlar artıq Azərbaycandan aralanıblar. Heç bir maraqları da yoxdur vətənə. Dedim evləniblər? Dedi bəli oğlum bir zənci qızı ilə yaşayır, qızım isə ikinci dəfə ərdədir. Onlardan biri də azərbaycanlı olmayıb.

Dedim bax görürsən? İndi onların da uşaqları nə olacaqlar? Etiraf etmək lazımdır ki, onlar nə istərsən olarlar, ancaq azərbaycanlı yox. Azərbaycan dilindən bir-iki sözü uşaqların eşidib. Ancaq nəvələrin heç eşitməyəcək.

Həmsöhbətim dedi ki, doğrudur. Mən nəslimin sonuncu azərbaycanlısıyam.

İndi doğrudan da belədir durum. Azərbaycanlılar yalnız Azərbaycanda ya da Gürcüstan, cənubi Dağıstan, şimali İran? Anadolu kimi millətimizin tarixi yerlərində yaşayayaraq azərbaycanlı olaraq qala bilərlər. O yerlərdən qırağda - Qərbdə, Şərqdə, Rusiyada və s. - azərbaycanlılar öz milli mənsubiyyətlərini itirməyə məhkumdurlar. Onlar rusların, amerikanların, avropalıların etnogenezinə daxil olurlar, onların xeyrinə artacaqlar. Assimilyasiya qaçılmazdır.

O Azərbaycan cəmiyyətləri, diasporalar, milli məktəblər və s. hamısı heç bir xeyir gətirə bilməz. Bizim millətin heç bir əsaslı milli dəyərləri yoxdur ki, insanları xaricdə birləşdirsin.

Dinimiz də bizi bir millət kimi saxlamır, başqa millətlərlə qarışmağa sövq edir. Biz yəhudi ya da erməni, gürcü kimi deyilik. Onlar öz dini ətrafında birləşir. Onların dini millətləri üçündür. Bizdə bu amil yoxdur.

Beləliklə, azərbaycanlıların gələcəyi yalnız Azərbaycanda və tarixi yerlərimizdə yaşayanlarla bağlıdır. Onların nəsli və gələcəyi Azərbaycanla bağlı olacaq və onlar da millətimizi yaşadacaqlar. Gedənlər isə artıq 2-ci, 3-cü nəsildə azərbaycanlı olmayacaqlar. Gedənlərin gələcəyi bizim millətlə bağlı olmayacaq. Onlar bizim üçün həmişəlik itirilmişdirlər. Onlar millət üçün yalnız bir halda qala bilərlər. O da qayıtsalar.

Ona görə Azərbaycanda, Şimali İranda, Anadoluda, Gürcüstanda və cənubi Dağıstanda yaşayanlar gərək qürur duysunlar ki, onlar milləti yaşadacaqlar, Qərbə və Rusiyaya gedənlər yox. Bu baxımdan onlar gedənlərdən üstündürlər.