Kasıb ölməlidir

31 avqust 2014

Bizim adamlar yaman kasıbların qayğısına qalanlardır. Bir şey olanda, bir yenilik baş verəndə, bir yeni qanun çıxanda və s. Deyirlər vay kasıbın halına. Nə olacaq kasıba olacaq. Yazıq kasıb balalar əziyyət çəkəcək.


Əslində isə bu təbiidir. Kasıb əziyyət çəkməli, hətta ölməlidir. Çünki nəyə lazımdır? Nə üçün gəlib bu dünyaya? Bu dünyada nə özünü təsdiq edə bilir, nə də cəmiyyətə xeyri var. Bir çayır kimi bitib quruyur gedir. Deməli ona nə olur əcəb olur. O iztirablar içində yaşayıb ölməlidir.


Yoxdur sənin pulun, varın, dövlətin, ay kasıb. Olmasın, nə olar? Məgər dünya maddiyatla bitir? Bəs sənin mənəvi aləmin, elmin? Məgər bu zənginlik deyilmi? Bu zənginlik maddiyatdan üstündür. Odur bu dünyada nə qədər dahi insanlar olub ki, tarixə düşüblər öz elmi və mənəvi zənginliyi ilə. Halbuki maddi cəhətdən imkansız olublar. İndi onların adı tarixdədir. Hanı o maddi cəhətdən zənginlər? Onlar siliniblər. Mənəvi zənginlər isə əbədi olaraq yaşayırlar.


Bizim millətin xarab psixologiyasından irəli gəlir ki, zənginlik ancaq maddiyatdadır. Əslində maddi zənginliyin xeyri yoxdur mənəvi zənginlik olmasa. Heyvan da yeyib şişir. Sonra nə? Mənəviyyatsız varlı elə həmən heyvandır. Əslində o heç də varlı deyil. O kasıbların kasıbıdır. Ancaq heç olmasa oğurluqla da olsa maddiyatı əldə edib.


Sən isə ay kasıb nəyə lazımsan bu dünyada? Heç oğurluq edib qarnını doydura bilmirsən. Mənəviyyatın isə sıfırdır, elmin yoxdur. Heyvan səndən yaxşıdır. Heyvanın öz yeri var dünyada, sənin isə yoxdur.


Ona görə də ömür boyu əziyyət və iztirablarda yaşamalısan. Səni alçaltmalıdırlar, əzməlidirlər. Bir sözlə ölməlisən, çünki kasıbsan. Əslində yaşayırsansa belə sən ölüsən. Ölüsənsə elə öl. Buna layiqsən!